Əlillərin Novruz sevinci
15 mart 2016-cı il tarixdə Masallı şəhəri ərazisində əlillər binaları önündə xalqımızın əziz bayramlarından biri olan Novruz bayramı təntənəli şəkildə qeyd edilib.
Bayram şənliyində Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov, idarə, müəssisə, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, Qarabağ əlilləri və rayon sakinləri iştirak edibər.
Xalqımızın ən əziz bayramı olan Novruz yurdumuza qədəm qoyur. Ulularımızdan bizə yadigar qalan, milli ruhumuzu və yaddaşımızı bütün zənginliyi ilə özündə əks etdirən bu bayram münasibətilə keçirilən şənlikdə uşaqlar və böyüklər tonqal ətrafında şənləniblər. Bayram tədbiri Novruzun qəhrəmanları olan Keçəl və Kosanın meydana gəlişi ilə başlayıb, Novruz tonqalı alovlandırılıb.
Sonra sakinlər şən musiqi sədaları altında rəqs etmiş, Kosa və Keçəlin məzəli çıxışlarına baxmış, tonqal ətrafında yallı getmiş və mahnı oxumuşlar.
Rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov tədbir iştirakçılarını və sakinləri Novruz bayramı münasibətilə təbrik etmiş, bol ruzi-bərəkət və əmin-amanlıq arzulamışdır.
Musiqi məktəbinin şagirdləri Faqani Səmədov və Yavər Məmmədovun oxuduğu vətən və ana haqqında mahnılar, rayon Mədəniyyət Mərkəzinin özfəaliyyət kollektivinin konsert proqramı, Xalq teatrının aktyoru Cəmaləddin Əliyevin yumoristik çıxışları tədbir iştirakçılarının bayram əhval-ruhiyyəsini daha da artırmışdır.
Şənliklərin sonunda sakinlər dövlətin hərtərəfli qayğısı ilə əhatə olunduğunu bildirərək Ölkə başçısı cənab İlham Əliyevə minnətdarlıq ifadə etmişlər.