Masallıda 31 Mart – Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar dəyirmi masa
30 mart 2016-cı il tarixdə Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Gənclər Mərkəzində 31 Mart–Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar dəyirmi masa keçirilmişdir.
Tədbirdə əvvəl soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbiri Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov açaraq demişdir ki, tarix boyu təcavüzkar siyasət yeridən, qanlı əməllərindən və “dənizdən-dənizə böyük Ermənistan” yaratmaq xülyasından əl çəkməyən ermənilər zaman-zaman xalqımızı soyqırımına məruz qoymuş, havadarlarının hərtərəfli köməyi ilə əzəli torpaqlarımızı almağı özlərinin məqsədlərinə çevirmişlər.1918-ci ilin mart günlərindəki qırğınlar zamanı ermənilər üç gün ərzində Bakıda 12 min soydaşımızı vəhşicəsinə qətlə yetirmişlər. Sonrakı günlərdə Şamaxı, Quba və digər yerlərdə on minlərlə azərbaycanlı qəddarlıqla öldürülmüş, yaşayış məntəqələri, məscidlər, mədəniyyət abidələri yerlə-yeksan edilmişdir. 1918-1920-ci illərdə Qarabağ , Qərbi Azərbaycan və digər bölgələrdə on minlərlə soydaşımız amansızlıqla öldürülmüşdür. 1988-ci ildə ermənilərin başladıqları müharibə nəticəsində isə minlərlə insan öldürülmüş, torpaqlarımızın 20 faizi işğal edilmiş, 1 milyondan çox soydaşımız qaçqın və məcburi köçkünə çevrilmişdir. C.Manafov bildirmişdir ki, ermənilərin tarix boyu xalqımıza qarşı törətdiyi bu cinayətlər və həyata keçirdikləri işğalçılıq siyasəti ümummilli liderimiz Heydər Əliyevin 1998-ci ildə imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” fərmanda tam əksini tapmış və bunun sayəsində soyqırımına siyasi və hüquqi qiymət vermək imkanı yaranmışdsır.
Tədbirdə Masallı rayon Təhsil şöbəsinin metodisti tarixçi Əyyar Burhanov, Masallı rayon Gənclər və İdman İdarəsinin gənclər sahəsi üzrə aparıcı məsləhətçisi Oktay Mütəllimov və A.Qurbanov adına Rüdəkənar kənd tam orta məktəbinin müəllimi Ramazan Şükürov və başqaları çıxış edərək bildirmişlər ki, 1918-ci ilin mart qırğınları ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı şəkildə həyata keçirdikləri soyqırımı siyasətinin mərhələlərindən biridir. Təcavüzkar ermənilərin gözü daim qonşularının torpaqlarında olmuş və bu yolda onlar heç bir cinayət, rəzillik və fitnə-fəsaddan çəkinməmişlər. Azərbaycanlıların soyqırımı bəşər tarixində ən qəddar cinayətlərdən biridir. Çıxışlarda azərbaycanlılıarın soyqırımı məsələsinin dünya ictimaiyyətinə çatdırılmasının vacibliyi və son illər bu istiqamətdə görülmüş işlərdən danışıldı