Masallı Dövlət Regional Kollecində 31 mart soyqırımı
30 mart 2016-cı il tarixdə Masallı Dövlət Regional Kollecində 31 mart soyqırım qurbanlarının xatirəsinə həsr olunmuş tədbir keçirilmişdir.
İlk öncə tədbir iştirakçıları soyqırım qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Tədbiri giriş sözü ilə açan kollecin direktoru Vidadi Nəzərov bildirmişdir ki, mart hadisələri əslində bolşeviklərin daşnaklarla birlikdə həyata keçirdikləri milli qırğın idi. Azərbaycanlıların soyqırımı xalqın kədərli tarixi, düşmən təcavüzünə məruz qalmasıdır. Soydaşlarımız ata-baba torpaqlarından çıxarılmış, şəhər və kəndlərimiz talanmış, yaşayış məntəqələri yerlə yeksan edilmişdir. Xalq mənfur erməni vandalizminin törətdiklərini həmişə qanlı cinayət kimi xatırlayır, yad edir.
Tədbirdə çıxış edən rayon İcra hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Nazim Muradov, Kollecin direktor müavini Baba Həsənov və başqaları xalqın yaddaşında dərin iz buraxan soyqırıma siyasi qiymət verildiyini bildirmiş və 26 mart 1998-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 31 mart Azərbaycanlıların soyqırımı günü kimi qeyd olunması üçün xüsusi fərman imzaladığını vurğulamışlar.
Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının aparat rəhbəri Fəxrəddin Eyvazov Quba məzarlığındakı ziyarət təəssüratlarından danışaraq bildirdi ki, bu abidə erməni vandalizminin canlı şahididir.
Tədbir Masallı Dövlət Regional Kollecinin tələbələrinin hazırladığı ədəbi-bədii kompozisiya ilə tamamlanmışdır.