"Ordumuz qürur mənbəyimizdir "
05 aprel 2016-cı il tarixdə Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı aparatında “Ordumuz qürur mənbəyimizdir” mövzusunda tədbir keçirilib.
Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev çıxış edərək bildirdi ki, Ermənistanın silahlı qüvvələri bütün beynəlxalq normaları pozaraq 20 ildən artıqdır ki, Azərbaycan ərazilərini qanunsuz olaraq işğal altında saxlayır. 1 milyondan artıq azərbaycanlı öz torpaqlarından didərgin salınaraq qaçqın və məcburi köçkünə çevrilmiş, işğal altında olan ərazilərdə bütün infrastruktur, mədəniyyət abidələri dağıdılmış, 20 mindən artıq Azərbaycan vətəndaşı qətlə yetirilmiş, çoxlu sayda insan əsir və girov götürülmüşdür. BMT, ATƏT, Avropa Şurası, Avropa İttifaqı və digər aparıcı beynəlxalq təşkilatlar, dünya dövlətləri işğal faktını təsdiqləmiş, buna son qoyulması və qaçqınların öz torpaqlarına qayıtmasını tələb edən çoxsaylı qərar, qətnamə qəbul olunmuş, bəyanatlar verilmişdir.
Natiq qeyd etmişdir ki, Ermənistan tərəfindən cəbhə xəttində mütəmadi olaraq törədilən təxribatlar son günlər özünün pik həddinə çatmışdır. Aprelin 1-dən 2-nə keçən gecə Azərbaycanın işğal altında olan ərazilərindəki Ermənistan hərbi birləşmələri silahlı qüvvələrimizin bütün cəbhəboyu mövqelərini iriçaplı silahlar, minaatanlar, qumbaraatan və artilleriya qurğularından intensiv atəşə tutmuşlar. Ermənilər yalnız milli ordumuzun mövqelərinə hücum etməmiş, həm də beynəlxalq konvensiyaların tələblərini kobud şəkildə pozaraq mülki əhaliyə qarşı hərbi cinayətlər törətmişlər. Təmas xəttinin yaxınlığında yerləşən yaşayış məntəqələri, məcburi köçkün qəsəbələri də düşmən atəşinə məruz qalmışdır. Nəticədə dinc sakinlər həlak olmuş, biri 13 yaşlı uşaq olmaqla mülki vətəndaşlar yaralanmış, müxtəlif yaşayış məntəqələrində infrastruktur obyektləri, hətta təhsil müəssisələri zədələnmiş, çoxlu evlər dağıdılmış, əhalinin şəxsi təsərrüfatına və əmlakına xeyli ziyan dəymişdir. Azərbaycan Silahlı Qüvvələri düşmən həmlələrinin qarşısını alaraq əks-zərbələrlə onu geri çəkilməyə məcbur etmiş, bir neçə strateji yüksəkliyə nəzarəti ələ keçirmişdir. Ermənistan silahlı qüvvələri çoxsaylı insan və texnika itkisinə məruz qalmışdır. Beləliklə, həm erməni təxribatının qarşısı alınmış, həm də təmas xəttində Azərbaycanın üstünlüyü daha da möhkəmlənmiş, düşmən və havadarları ordumuzun gücünü və döyüş əzmini reallıqda hiss etmişlər.
Masallı Rayon Müharibə, Əmək və Silahlı Qüvvələr veteranları şurasının sədri Məmmədağa Şiriyev çıxış edərək bildirmişdir ki, Ali Baş Komandan cənab İlham Əliyev Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan yaralı hərbiçilərə baş çəkən zaman bildirmişdir ki, Azərbaycan Ordusu öz ərazisində döyüşür, doğma torpaqlarını qoruyur. Silahlı Qüvvələrimiz düşmənə layiqli cavab verib və onu geri çəkilməyə məcbur edib. Azərbaycan əsgəri işğalçı erməni ordusu ilə müharibə aparır və düşməndən fərqli olaraq, biz heç zaman dinc əhaliyə qarşı vuruşmuruq. Təmas xəttində yaranmış vəziyyət onu göstərir ki, doğrudan da Azərbaycan əsgəri qəhrəmandır.
Sonra Qarabağ Müharibəsi əlilləri, veteranları və şəhid ailələri ictimai birliyinin sədri Nahid Rəhimov, gənc YAP üzvlərindən Turə Abuşova, Vafiq Xəlilov, Rafiq Abbasov, Nemət Abdullayev və başqaları çıxış edərək döyüşlərdə iştirak edən şəxsi heyətin döyüş qabiliyyətini, hərbi təcrübəsini və döyüş ruhunu yüksək qiymətləndirmiş, hər an onların yanında olduqlarını dönə-dönə dilə gətirmişlər. Onu da bildirmişlər ki, biz də Prezident və Ali Baş Komandan İlham Əliyev cənablarının mövqeyini dəstəkləyir, ətrafında sıx birləşərək onun əmrini gözləyirik.