SƏRÇUVAR ƏRAZİSİNDƏ SƏYYAR GÖRÜŞ
Masallı rayon İcra hakimiyyəti başçısının səyyar qəbulu 27 aprel 2016-cı il tarixdə Sərçuvar ərazisində keçirilmişdir.
Sərçuvar ərazisi Sərçuvar və Sirəbil yaşayış məntəqələrini əhatə edir. Ərazinin 2428 nəfər əhalisi və 1054 ha torpaq sahəsi vardır.
Həmçinin ərazidə 1 tam orta məktəb, 1 ümumi orta məktəb, 1 uşaq bağçası, 1 həkim ambulatoriyası və 1 kənd poçtu fəaliyyət göstərir.
Sərçuvar ərazisində təşkil olunmuş görüşü Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov açaraq əhalini salamlamış, son illərdə ölkəmizin sosial-iqtisadi inkişafı naminə dövlət səviyyəsində həyata keçirilən tədbirlərin icmalını vermiş, regionlara göstərilən diqqəti nəzərə çatdırmış, Masallıda görülən abadlıq-quruculuq işlərindən bəhs etmişdir. Sonra əhalidən onları narahat edən məsələlər barədə məlumat və təklif vermələrini istəmişdir.
Kənd ağsaqqallarından Xudayar Fəttayev, Nəsrəddin Nəcəfquliyev ziyalılarından İnqilab Məmmədov, Zayıd Məmmədov kənd sakinlərindən Rahib Qafarov, Firdovsi Əhmədov və başqaları çıxış edərək Sərçuvar və Sirəbil kəndlərinə təbii qazın çəkilməsinə, Sirəbil kəndində Məscidin və ərazisinin təmir edilməsinə, Sərçuvar kəndində Mərasim zalının tikilməsinə, Sərçuvar kənd uşaq bağçasının tikintisinin yekunlaşmasına, ərazidə 2 km məsafədə su aparıcı kanalların təmizlənməsinə, ərazidəki yararsız elektrik və rabitə dirəklərinin dəyişdirilməsinə və ərazidə məişət tullantıları üçün yerin ayrılmasına görə kənd əhalisi adından ölkə prezidenti Cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Sonra sakinləri Sirəbil-Sərçuvar kəndlərini birləşdirən körpünün əsaslı təmirinə, Sərçuvar və Sirəbil kəndlərində ara küçələrin təmir edilməsinə, Sərçuvar və Sirəbil kəndlərində içməli suyun çəkilməsinə, Sərçuvar və Sirəbil kənd orta məktəblərinin əsaslı təmir edilməsinə və Sərçuvar kəndində həkim məntəqəsinin tikintisinə köməklik göstərilməsini xahiş etmişlər.
Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov görüşü yekunlaşdıraraq, verilən təkliflərin nəzərə alınacağını qeyd etmişdir.