Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda işgüzar forum

04 may 2016 | 16:00

04 may 2016-cı il tarixdə Masallı şəhər Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin təşkilatçılığı ilə “Azərbaycanda torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması ilə bağlı işgüzar forum keçirilmişdir.
  Forumu giriş sözü ilə Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov açaraq Milli Ordumuzun qələbəsini qeyd etmiş və torpaqlarımızın bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Sonra natiq “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il tarixli Fərmanı ilə təsdiq olunmuş Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması qaydaları haqqında məlumat vermişdir.
Həmin qaydalara uyğun olaraq dövlət və bələdiyyə  mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə  torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi işlərinin tədbirlər planına müvafiq olaraq 2020-ci ilədək başa çatdırılması nəzərdə tutulmuşdur.
Fərmanın 5-ci bəndinə əsasən yerli İcra hakimiyyəti orqanlarına və bələdiyyələrə tapşırılmışdır ki, Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması ilə əlaqədar torpaq və digər daşınmaz əmlak mülkiyyətçilərinə, icarəçilərinə və istifadəçilərinə görülən işlərin mahiyyəti və nəticələrinin izahı ilə bağlı təşkilatı dəstəyi təmin etsinlər.
2016-cı ildə 10 rayonda, o cümlədən Masallı rayonunda bu işləırin icrasına başlanılması qərara alınmışdır.
Möhtərəm Prezidenti miz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan iqtisadi islahatlara diqqət çəkən sözçü bildirmişdir ki, bu əsasən torpaqlarla əlaqədardır, bu qiymətli sərvətə münasibətləri tənzimləmək məqsədi daşıyır.
Forumda Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin rəisi Ramiz Quliyev bildirdi ki, görülən işlər Azərbaycan Respublikası Prezidentinin torpaqların elektron uçotunun aparılması ilə bağlı tapşırıqlarına və 2016-cı il 7 mart tarixli Fərmanına əsasən həyata keçirilir. Fərmanda torpaq münasibətlərinin səmərəli tənzimlənməsi istiqamətində torpaqların elektron kadastr Uçotu İnformasiya Sisteminin yaradılması və ölkə üzrə rəqəmsal kadastr xəritələrinin tərtibi qaydaları da əksini tapıb. Eyni zamanda, Fərmana əsasən, torpaqların elektron uçotu ilə əlaqədar ictimaiyyətin maarifləndirilməsi, görülən işlər barədə məlumatlandırma tədbirlərinin həyata keçirilməsi barədə tapşırıqlar verilib. Bu məqsədlə, forumlar bütün respublika üzrə davam etdiriləcək.
Sözçü qeyd edir ki, müasir coğrafi informasiya sistemləri, geodeziya avadanlıq və cihazları tətbiq edilməklə hazırda dövlət, xüsusi və bələdiyyə mülkiyyətində olan bütün kateqoriyalı torpaqların elektron uçotu aparılır. Diqqətə çatdırılıb ki, elektron kadastr xəritələrinin tərtibi işləri həyata keçirilir. 2016-cı ildə bu işlər respublikanın 23 rayonunda icra ediləcək. 2019-cu ilin sonunadək ölkənin 3 milyon 200 min hektar ərazisində dəqiq torpaq uçotu işləri aparılacaq. Torpaq uçotu işləri yekunlaşmış Bakı, Sumqayıt, Gəncə şəhərlərinin bələdiyyə xəritələrinin tərtibi işinə başlanılıb.
Sözçü uçot sisteminin gələcək nəticələri və ölkə iqtisadiyyatına səmərəsi barədə məlumat verib. Bildirib ki, 2020-ci ilə Azərbaycanın bütün torpaqlarının uçotu işi yekunlaşacaq, torpaqlar təkcə kəmiyyətinə görə deyil, eyni zamanda, keyfiyyət göstəricilərinə görə də uçota alınacaq. Bu sistemin mövcudluğu və rəqəmsal kadastr xəritələrinin istifadəyə verilməsi, ölkədə kadastr xidmətinin də bütövlükdə elektron xidmətlər sırasına keçməsinə şərait yaradacaq.
Sistem özündə torpaqların dəqiq sərhədləri, həndəsi ölçüləri, konfiqurasiyası, koordinatları, mülkiyyət mənsubiyyəti, kateqoriyası, mühafizə zonaları, kadastr xəritələri, keyfiyyət və iqtisadi göstəricilər və digər məlumatlar əks etdirir. Həmçinin Sistem torpaqların kəmiyyət və keyfiyyət göstəricilərində baş verən dəyişiklikləri müəyyən etməyə, torpaqlardan məqsədli təyinatına və hüquqi rejiminə uyğun istifadə və onların mühafizəsinə nəzarət etməyə imkan verir. Torpaqların münbitliyinin bərpası və artırılması istiqamətində səmərəli tədbirlərin görülməsinə, torpaq ehtiyatlarının kəmiyyət göstəricilərini müəyyənləşdirməyə, torpaq balansını tərtib etməyə zəmin yaradır.
Qeyd edib ki, bu işlər nəticəsində torpaq ehtiyatlarının idarə edilməsinin, əmlak münasibətlərinin tənzimlənməsinin dövlət mexanizmi təkmilləşəcək. Torpaqların sənəd göstəriciləri ilə faktiki yerləşmə vəziyyətinə dair göstəriciləri arasındakı uyğunsuzluqlar aradan qaldırılacaq. Əmlak (torpaq) üzərində hüquqların dövlət qeydiyyatı işi daha da sadələşəcək. “Plan-ölçü” sənədinin verilməsi işi elektron xidmətlər sırasına daxil ediləcək. Torpaq münbitliyinin artırılması, qorunması ilə əlaqədar kompleks tədbirlərin həyata keçirilməsi üçün mötəbər məlumat bazası yaranacaq. Torpaqla bağlı stimullaşdırma tədbirləri, subsidiyaların, güzəştli kreditlərin verilməsi Sistem məlumatları əsasında aparılacaq. Sahibkarlara, torpaq mülkiyyətçilərinə, istifadəçilərinə dövlət dəstəyinin daha operativ həyata keçirilməsi üçün imkanlar yaranacaq.
Tədbirdə torpaqların elektron kadastr uçotu sisteminin yaradılması və rəqəmsal kadastr xəritələrinin tərtibi ilə bağlı slayd şou nümayiş etdirilib.
Forumda məsələ ilə əlaqədar suallar cavablandırılıb, müzakirələr aparılıb.

Keçidlər