Masallıda “Heydər Əliyev və Azərbaycan gənclıyi” mövzusunda dəyirmi masa
05 may 2016-cı il tarixdə Masallı şəhər Gənclər Mərkəzində Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 93-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan gənclıyi” mövzusunda dəyirmi masa keçirilmişdir.
Öncə Heydər Əliyev Mərkəzinin foyesində yerləşən Ulu öndərin büstü önünə tər çiçəklər qoyulmuş, Ümummilli liderin xatirəsi dərin ehtiramla yad edilmişdir.
Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov tədbiri giriş sözü ilə açaraq Azərbaycan gənclərinin müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında dövlətimizin apardığı gənclər siyasətinin mühüm rolunu diqqətə çatdıraraq bildirdi ki, Ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi kurs gənclərimizin həyatında öz tövhəsini verməkdədir. Azərbaycanda gənclər siyasəti həmişə dövlət siyasətinin əsas tərkib hissəsi kimi xüsusi yer tutub. Azərbaycan gəncliyi dövlətin diqqət və qayğısını hər zaman öz üzərində hiss edib. Ümummilli liderimiz həmişə gənclərimizə böyük ümidlər bəsləyir, öz çıxışları zamanı və keçirdiyi görüşlərdə dəfələrlə qeyd edirdi ki, Azərbaycanın gələcəyi gənclərin əlindədir.Həyatı boyu, respublikaya rəhbərliyinin bütün dövrlərində Ulu öndər sağlam, normal gəncliyin, bu dövlətə sahib dura biləcək bir nəslin yetişməsinə xidmət etmişdir. Ulu öndərin ən böyük xidmətlərindən biridə o idi ki, gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab edir, gənclərin imkan və bacarıqlarını yüksək qiymətləndirir, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verir, bu siyasətin müstəqil Azərbaycan dövlətinin ən mühüm fəaliyyət istiqamətlərindən biri kimi dəyərləndirirdi.Ulu öndər Heydər Əliyevin gənclər siyasəti əsrlər boyu xalqımızın malik olduğu milli mənəvi dəyərlər əsasında, müstəqillik, dövlətçilik, azadlıq və onların qorunması uğrunda mübariz ruhlu gənc nəslin yetişdirilməsindən ibarət olub. Uulu öndər Heydər Əliyev həmişə gənclərə güvənərək onlara böyük etimad göstərmişdir.
Tədbirdə çıxış edən Masallı rayon Təhsil şöbəsinin metodisti Əyyar Əkbərov, Masallı şəhər 3 saylı tam orta məktəbinin direktoru Fəxrəddin Talıbzadə və başqaları çıxış edərək bildirdilər ki, ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan gənclər siyasətinin məqsədi yeni nəslin fiziki, mənəvi-psixoloji cəhətdən sağlam yetişməsindən, istedadlı gənclərin üzə çıxarılmasından və onların ölkənin gələcəyinə töhfə verməsindən ibarətdir.