Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda “Tarix yaradan dahi” mövzusunda konfrans

06 may 2016 | 16:00

06 may 2016-cı il tarixdə Masallı şəhər Heydər Əliyev Mərkəzində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasınının 93-cü ildönümünə həsr olunmuş “Tarix yaradan dahi” mövzusunda konfrans keçirilmişdir.
  Konfrans iştirakçıları əvvəlcə Masallı şəhər Heydər Əliyev Mərkəzinin foyesində Ulu Öndərin həyat və siyasi fəaliyyətini əks etdirən fotostendlə tanış olmuşlar.
  Daha sonra mərkəzin konfrans zalında tədbir davam etdirilmiş və burada əvvəlcə Ümummilli Lider Heydər Əliyevin həyat və siyasi fəaliyyətinə həsr olunmuş qısametrajlı film nümayiş etdirilmişdir.
  Konfransı giriş sözü ilə Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov açmış, Heydər Əliyev şəxsiyyətinin Azərbaycanın dövlətçilik tarixində oynadığı əhəmiyyəti rolu vurğulayaraq qeyd etmişdir: “Heydər Əliyev 47 il əvvəl, 1969-cu ildə hakimiyyətə gələrkən Azərbaycanda tənəzzülü dayandırmaq, həyatın bütün sahələrində inkişafı təmin etmək üçün xüsusi və əhatəli konsepsiya hazırlayıb həyata keçirməyə başladı. Tədricən respublikamızın iqtisadi strukturunda köklü dəyişikliklər baş verir, həmin dövr üçün ən müasir texnologiyaya əsaslanan güclü istehsal sahələri ümumittifaq əhəmiyyətli nadir zavod və fabriklər tikilirdi. Bu konsepsiya Azərbaycanı geridə qalmış aqrar əyalətdən güclü sənaye respublikasına çevirdi”. Çıxışını davam etdirən natiq qeyd etdi ki, məhz Heydər Əliyevin dövründə Azərbaycan gənclərinin keçmiş Sovet İttifaqının nüfuzlu universitetlərində və hərbi məktəblərində təhsil almağa göndərilməsi, habelə Azərbaycanda Cəmşid Naxçıvanski adına hərbi məktəbin yaradılması, Azərbaycan dilinin dövlət dili elan edilməsi o zaman üçün inqilabi dəyişikliklər hesab olunurdu. Ulu öndərin bu uzaqgörən siyasətinin nəticəsi idi ki, Azərbaycan respublikası müstəqillik qazandıqdan sonra vaxtında görülmüş bu tədbirlərin sayəsində ayaqda dura bildi. Buna görə də bu gün Azərbaycan xalqı bu dahi şəxsiyyət minnətdardır.
  Çıxışının sonunda natiq bu gün də Heydər Əliyev ideyalarının Azərbaycanda yaşadığını və onun apardığı mütərəqqi siyasətin davam etdirildiyini vurğuladı. Belə ki, böyük öndərimizin başladığı işlər, onun siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
  Konfransda məruzə ilə çıxış edən Yeni Azərbaycan Partiyasının Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev də öz məruzəsində Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyində oynadığı böyük roldan söz açaraq qeyd etmişdir: “Tarixdə elə şəxsiyyətlər yetişib ki, onlara nəinki təmsil etdikləri xalqın taleyində, eləcə də dünya siyasətində olduqca böyük missiyanı həyata keçirmək səadəti nəsib olub. Ümummilli Liderimiz Heydər Əliyev də məhz belə tarixi şəxsiyyət, dünya siyasətinin mahir bilicisi idi. Azərbaycanın müasir tarixinin 35 illik bir mərhələsi, eləcə də müstəqil dövlətimizin dinamik inkişafı və dünyaya inteqrasiya prosesi onun adı və fəaliyyəti ilə bağlıdır. Ulu öndərimiz Azərbaycan tarixində yeni parlaq səhifə açan nadir şəxsiyyət olmuşdur. Bu dahi, müdrik insan xalqımızın əsrlərin sınağından çıxmış özünəməxsus milli xüsusiyyətləri ilə yanaşı, bəşəri düşüncələrin daşıyıcısı idi”. Öz məruzəsini davam etdirən natiq daha sonra qeyd etdi: “Ulu öndər Heydər Əliyev siyasətçi və dövlət xadimi kimi ən uca missiyanı gerçəkləşdirərək müstəqil Azərbaycan dövlətinin memarı oldu və bu tarixi öz əməlləri ilə yazdı. Onun həyatı və fəaliyyəti Azərbaycan tarixinin ən şanlı səhifələrindəndir. Bu şəxsiyyətin həyatını öyrənmək, onun gördüyü işlərin, başladığı layihələrin tarixi əhəmiyyətini dərk etmək özü böyük bir məktəbdir. Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bir qərinədən artıq dövrdə ölkənin həyatında, xalqın taleyində elə bir əzəmətli rol oynayıb ki, bu, əsrlər boyu unudulmayacaqdır. Azərbaycanın hər bir bölgəsində Heydər Əliyevin quruculuq fəaliyyətinin silinməz izləri var”. YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev Azərbaycana vermiş olduğu çox böyük əhəmiyyəti məhz Ümummilli Liderin öz nitqindən gətirmiş olduğu bu sitatla konfrans iştirakçılarının diqqətinə çatdırdı. Belə ki, Heydər Əliyev deyirdi: “Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub. Bu yolda bütün gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə verib və bütün uğurlarımı təmin edib”. Natiq sonda möhtərəm Prezident İlham Əliyev Ümummilli Liderin siyasi kursuna daim sadiq qalaraq, dahi rəhbərin müəyyən etdiyi inkişaf strategiyasını yaşadaraq və inkişaf etdirərək müstəqil Azərbaycanın iqtisadi inkişaf tempinə görə dünyanın qabaqcıl dövlətləri sırasına çıxardığını və artıq ölkəmiz regionun lider dövlətinə çevrildiyini, onun beynəlxalq aləmdə nüfuzunun və qüdrətinin xeyli gücləndiyini, bunun gələcəkdə daha da yüksək templə inkişafını əminliklə qeyd edərk öz çıxışını yekunlaşdırdı.
  Konfransda çıxış edən Prezident əqaüdçüsü Şirvan Əbilov, Qafqaz Müsəlmanları İdarəsinin cənub bölgəsi üzrə qazisi Hacı Mirqiyas Təhməzov, Masallı şəhər Heydər Əliyev Mərkəzinin bələdçisi Samirə Sabirli, Masallı rayon Yeyənkənd kənd tam orta məktəbin direktoru İmaməddin Teymurov və başqaları Ümumilli Lider, dahi şəxsiyyət Heydər Əliyevin həyat və siyasi fəaliyyətindən söz açdılar.
Konfransı yekun nitqi ilə başa çatdıran Masallı rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov bir daha Heydər Əliyev ideyalarının əhəmiyyətini vurğulayaraq onun Azərbaycan dövlətçiliyində oynadığı misilsiz roldan söz açdı, dahi şəxsiyyətin Azərbaycan xalqının qəlbində hər zaman özünəməxsus yer tutduğunu qeyd etdi.

Keçidlər