Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni tikililər Masallının simasını dəyişir

13 may 2016 | 16:00

Masallıda ilin əvvəlindən bəri yeni iş yerlərinin yaradılması, tikinti-quruculuq, abadlıq işləri istiqamətlərində ardıcıl tədbirlər həyata keçirilmişdir. Rayon mərkəzinin bir sıra küçələrində yeni səkilər salınmış, müasir işıqlandırma sistemləri qurulmuş, 3,3 kilometrlik N.Gəncəvi küçəsi genişləndirilərək hər iki tərəfində yaşıllıq zolağı salınmışdır.

Son illər rayonda təhsil infrastrukturunun yenidən qurulması və modernləşdirilməsi istiqamətində də genişmiqyaslı tədbirlər görülmüşdür. Bu çərçivədə rayonda 47 yeni məktəb binası tikilmiş və ya əsaslı təmir olunmuşdur. Son dörd ildə isə 15 yeni məktəb binası tikilmiş və 3 məktəb yenidən qurulmuşdur. Həmçinin 5 bağça binası əsaslı təmir olunmuş, 3 bağçanın tikintisi isə başa çatdırılmaq üzrədir. Hazırda Şatıroba, Çayqıraq, Dəlləkoba və Köhnə Zuvand kənd ümumi orta məktəblərinin yeni tikilən binalarında son tamamlama işləri görülür. Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilən Masallı şəhər 5 və 2 saylı, Sərçuvar kənd uşaq bağçaları da istifadəyə verilmək ərəfəsindədir.
Rayonda fəaliyyət göstərən tibb məntəqələrinin maddi texniki bazası möhkəmləndirilir. Təkcə son 4 il ərzində 12 həkim məntəqəsi tikilmiş, 2 sahə xəstəxanası əsaslı təmir edilmişdir. Hazırda mərkəzi rayon xəstəxanası əsaslı təmir olunur. Yeyənkənd, Xıl, Səmidxan, Gəyəçöl və Lürən kəndlərində isə yeni həkim məntəqələri inşa edilir.
Mədəniyyət obyektlər də yaddan çıxmır. Prezidentin sərəncamı ilə ayrılan vəsait hesabına inşa edilən Masallı Tarix-Diyarşünaslıq Muzeyində və uşaq incəsənət məktəbində işlər tamamlama mərhələsindədir. Hər iki binanın yaxın vaxtlarda istifadəyə verilməsi gözlənilir.
Bunlardan əlavə, Masallı şəhərində böyük bir layihə - Viləş-Park Bulvar Kompleksinin tikintisinə start verilmiş və çay yatağının beton məcraya salınması işlərinə başlanılmışdır. İlkin olaraq ümumi uzunluğu 750 paqonmetr (p/m) olan beton bəndin 340 p/m-də işlər yekunlaşmışdır. Burada müxtəlif istirahət mərkəzləri, idman meydançalarının tikintisi və uşaq əyləncə qurğularının quraşdırılması planlaşdırılır.
Ümumi sahəsi 11 min kvadratmetr olan Bayraq meydanının tikintisi 2015-ci ildə başlanılmışdır. Meydanın ətrafına ümumi uzunluğu 280 p/m və hündürlüyü 0,7 m olan hasar çəkilmiş və 64 metr hündürlükdə bayraq dirəyi basdırılmış, ərazidə fəvvarə quraşdırılmışdır. Hazırda meydanda tamamlama işləri görülür.
“ASAN HƏYAT” kompleksində də tikinti işləri sürətlə davam etdirilir. Kompleksin ərazisində kafe, rəsm qalereyası, ikimərtəbəli kinoteatr, iaşə və xidmət obyektləri tikilir. Eyni zamanda, Viləş çayının məcrasında yerləşən adada kompleksə aid olacaq istirahət guşəsi yaradılır.
Azərbaycan hökumətinin Dünya Bankı ilə imzaladığı kredit sazişə əsasən, “Meliorasiya və Su Təsərrüfatı” ASC tərəfindən Masallı şəhərinin içməli su və kanalizasiya sistemləri yenidən qurulur. İşlərə 2012-ci ildən başlanılmışdır. Bu müddət ərzində şəhər ərazisində içməli su xətlərinin çəkilişi başa çatdırılmışdır. Hazırda sayğaclar quraşdırılır, kanalizasiya xətlərinin çəkilişi yekunlaşır. Bu istiqamətdə görülən işlərdən biri də “Birləşmiş Sukanal” MMC tərəfindən ümumilikdə 110 min əhalinin yaşadığı 38 kəndə içməli su xəttinin çəkilməsidir.
Bütün bunlarla birlikdə rayon ərazisində sahibkarlar, ayrı-ayrı adamlar tərəfindən müəssisələr, yeni turizm obyektləri, yaşayış evləri inşa edilir. Bir sözlə, Masallı yeni tikililərlə simasını sürətlə dəyişir.

Keçidlər