Masallıda “Erkən nikahlara qarşı gənclərin sosial fəallığının artırılması” mövzusunda dəyirmi masa
17 may 2016-cı il tarixdə Masallı şəhər Gənclər Mərkəzində Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə yeniyetmə və gənclər arasında “Erkən nikahlara qarşı gənclərin sosial fəallığının artırılması” mövzusunda dəyirmi masa keçirilmişdir.
Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov tədbiri giriş sözü ilə açaraq bildirib ki, erkən nikah probleminin bu gün cəmiyyətimizin aktual problemlərindən biri olduğunu nəzərə çatdırdı. Sonra erkən nikah problemi haqqında tədbir iştirakçılarına ətraflı məlumat verdi. Qeyd etdi ki, erkən nikahlar uşaqların-həm qızların, həm də oğlanların inkişafına mənfi təsir göstərir. Erkən nikahlar qızların təhsil almaq həvəsini və imkanlarını azaldır, bu eyni zamanda reproduktiv sağlamlığa da təhlükə yaradır. Camal Manafov erkən nikah probleminin yaranmasının qarşısının alınması istiqamətində görülən işlər haqqında məlumat verdi.
Sonra tədbirdə Masallı rayon Mərkəzi xəstəxanasının həkim genekoloqu Cahan Mustafayeva çıxış edərək gəncləri erkən nikahların törədə biləcəyi fəsadlar haqqında məlumatldıraraq bildirdi ki, ana və uşaq ölümlərinə, qadın xəstəliklərinə əksər hallarda erkən yaşda ailə quran xanımlarda rast gəlinir. Əgər valideynlər arasında bu yöndə maarifləndirmə işləri aparılarsa, mənə elə gəlir ki, valideynlərin çoxu qızlarını erkən yaşda ərə verməkdən imtina edər. Boşanmaların əksəriyyəti də erkən yaşda qurulan ailələrdə baş verir. Bunları cəmiyyətə göstərmək lazımdır. Cəmiyyət görməlidir ki, həmin insanlar necə əziyyət çəkirlər. Çox hallarda da onlar çıxış yolu tapa bilməyərək intihar edirlər. Bu da cəmiyyətin başqa bir bəlasıdır. Başqa bir problem isə odur ki, həmin qadınlar gələcəyin analarıdır və onların heç bir təhsili yoxdursa, onlar öz övladlarına necə tərbiyə verə bilərlər.
Tədbirdə Masallı rayon Təhsil şöbəsinin metodisti Hüseyin Hüseyinov, fəal gənclərdən Röyalə Hüseynova, Sima Paşayeva və başqaları çıxış edərək problemin həll olunması üçün valideyn, müəllim, məktəb psixoloqlarının birlikdə əməkdaşlıq etmələrinin əhəmiyyətini vurğuladılar. Maarifləndirici materialların məktəblərdə geniş tətbiq ediməsinin vacibliyini nəzərə çatdırdılar. Tədbir iştirakçıların sualları ətrafında diskussiya ilə davam etdirildi
Sonda tədbir iştrakçılarına müzakirə olunan mövzuya dair bukletlər paylanıldı