Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda təhsillə bağlı işgüzar dialoq

25 may 2016 | 16:00

25 may 2016-cı il tarixdə Nizami Gəncəvi adına Masallı şəhər Mədəniyyət Mərkəzində Təhsil Nazirliyinin məsul əməkdaşlarının Yardımlı, Masallı və Cəlilabad rayonlarının təhsil işçiləri ilə görüş keçirilmişdir.

Görüşdə şagirdlərin təlim və tərbiyəsi sahəsində görülmüş işlər və qarşıda duran məsələlər müzakirə edilmişdir.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri düzərək xatirəsini ehtiramla yad etdi sonra Mədəniyyət Mərkəzinin foyesində rayon məktəblilərinin əl işlərini və idman sahəsində qazandığı uğurları əks etdirən sərgi ilə tanış oldular.
Görüşdə çıxış edən Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov ölkəmizdə, o cümlədən Masallı rayonunda təhsilin inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi, təhsil işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılması sahəsində görülən işlərdən, həyata keçirilən layihələrdən danışıb.

Tədbirdə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov iştirakçıları qarşıdan gələn Respublika Günü münasibətilə təbrik edərək, 25 il müddətində ölkəmizdə həyatımızın bütün sahələrində qazanılan uğurları, regionlarda, o cümlədən Masallı rayonunda həyata keçirilən irimiqyaslı layihələrin icrasını müstəqilliyimizin nailiyyəti kimi dəyərləndirib.
Bu inkişafın fonunda təhsil sahəsində də islahatların aparıldığını vurğulayan F.Qurbanov 2009-cu ildə Azərbaycanda “Təhsil haqqında” Qanunun və 50-yə yaxın normativ sənədin, 2003-cü ildə Təhsil haqqında Strategiyanın və Fəaliyyət Planının qəbul edildiyini diqqətə çatdırıb.
Son 10 ildə ölkəmizdə 3 mindən çox yeni məktəbin tikildiyini və əsaslı təmir edildiyini qeyd edən nazir müavini Təhsil Strategiyasına əsasən, 2020-ci ilə qədər ümumtəhsil məktəblərində təhsil alan bütün şagirdlərin planşetlərlə təmin olunacağını bildirib.
F.Qurbanov çıxışında diqqətə çatdırıb ki, təhsil sistemində tədrislə yanaşı, təlim-tərbiyə məsələləri də prioritet məsələlərdəndir. Bu vəzifələrin yerinə yetirilməsində müəllimlərin üzərinə böyük vəzifələr düşür.

Təhsilin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində yeni proqramların, dərsliklərin hazırlanması işlərinin davam etdirildiyini bildirən nazir müavini, ümumtəhsil məktəblərində 12 illik təhsil sisteminə keçidlə bağlı müzakirələrin aparıldığını vurğulayıb.

Görüşdə çıxış edən Masallı Rayon Təhsil Şöbəsinin müdiri Astan İbişov, Cəlilabad Rayon Təhsil Şöbəsinin müdiri Elminaz Nadirova, Yardımlı Rayon Təhsil Şöbəsinin müdiri Manaf Səmədzadə, Masallı şəhərindəki “Dəfinə” məktəb-liseyin direktoru Taleh Əkbərov və başqaları ümumtəhsil məktəblərində tədris, təlim və tərbiyə sahəsində görülmüş işlərdən söhbət açaraq, mövcud problemlərin həlli ilə bağlı təkliflərini bildiriblər.

Keçidlər