Uşaqlara böyük qayğı
Rayon icra hakimiyyəti və təhsil şöbəsinin təşkilatçılığı ilə keçirilən Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr edilmiş tədbir ulu öndər Heydər Əliyevin abidəsi önünə təzə-tər çiçəklər qoymaqla başlanmışdır.
Rayon gənclər mərkəzində davam etdirilən bayram tədbirində rayonun uşaq bağçalarının və məktəblərin fidanları iştirak etmişlər. RİHB aparatı ictimai- siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Nuranə Əliyeva tədbiri açaraq qeyd etmişdir ki, 1950-ci ildə BMT Baş Assambleyasında iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsinə həsr edilmişdir. Azərbaycanda da uşaq problemləri həmişə diqqət mərkəzində olduğunu göstərən sözçü uşaqları təbrik etmişdir.
ATİAHİ rayon komitəsinin sədri Səfail Eyvazov tədbir iştirakçılarını təbrik edərək göstərmişdir ki, gələcəyimiz olan uşaqlara qayğı həmişə diqqət mərkəzindədir. Prezident İlham Əliyev uşaqların sağlam və firavan böyüməsini, onların rifahının yüksəldilməsini dövlət siyasətinin başlıca vəzifələrindən biri kimi müəyyən edib. Ölkə rəhbərinin sərəncamı ilə 2009-cu ilin “Uşaq ili” elan edilməsi də bu sahəyə diqqət və qayğıdan xəbər verir.
Bu qayğı isə Heydər Əliyev fondunun da əsas prioritetlərindəndir.
Əllərində gül-çiçək, üzlərində sevinc olan fidanların fərəhi aşıb-daşır. Onlar salonda yaradılmış uşaq yaradıcılıq məktəbi şagirdlərinin rəsm sərgisinə maraqla baxırlar.
Səfail Eyvazov, jurnalist Zahir Əmənov, Nuranə Əliyeva ulu öndərimiz Heydər Əliyevin 93 illiyinə həsr olunmuş yaz festivalında fərqlənənlərə, istedadlı uşaqlara və uşaq bağçalarına hədiyə və diplomlar təqdim etmişlər.