Masallıda Dini ekstremizmə qarşı mübarizə
02 iyun 2016-cı il tarixdə Nizami Gəncəvi adına Masallı şəhər Mədəniyyət Mərkəzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Dini ekstremizmə qarşı mübarizə” mövzusunda regional seminar-müşavirə keçirilmişdir.
Seminar-müşavirədə Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı, Cəlilabad, Biləsuvar və Cəbrayıl rayon Prokurorluqlarının, Daxili işlər və Ədliyyə nazirlikləri, Dovlət təhlükəsizliyi xidməti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yerli strukturlarının rəhbərləri, rayon ziyalıları, din xadimləri və rayon ictimaiyyət nümayəndələri iştirak etmişdir.
Müşavirə iştirakçıları ilk öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri düzərək xatirəsini ehtiramla yad etmişlər.
Sonra tədbir iştirakçıları Nizami Gəncəvi adına Masallı şəhər Mədəniyyət Mərkəzində “Fitnə” sənədli filminə tamaşa etdilər. Tədbiri giriş sözü ilə açan Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov müşavirə iştirakçılarını salamladı, rayonumuzda və bölgədə dini ekstremizmə qarşı mübarizə barədə məlumat verdi.
Seminar-müşavirədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov, Daxili işlər nazirliyi baş ictimai təhlükəsizlik idarəsinin rəis müavini Hikmət Eyvazov, Baş Prokurorluğun idarə rəisinin müavini Novruz Hacıyev və Qafqaz Müsəlmanları idarəsinin cənub bölgəsi üzrə qazisi Hacı Mirqiyas Təhməzov çıxış edərək ölkəmizdə dövlət və din münasibətlərinin yüksək səviyyədə olmasını, Azərbaycanın tolerant ölkə olmasını və bunun bariz nümunəsi olaraq 2016-cı ilin Multikulturalizm ili elan edilməsini vurğuladılar.
Sonda müşavirə iştirakçılarının sual və təklifləri dinlənildi və müvafiq cavablar verildi.