Masallıda Ramazan ayının başlanması münasibətilə dindarlarla görüş
06 iyun 2016-cı il tarixdə Masallı şəhər Heydər Əliyev Mərkəzində Masallı rayon İcra hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə Ramazan ayının başlanması münasibətilə dindarlarla görüş keçirilmişdir.
Görüşdə Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinin müdiri, dini icmaların sədrləri, din xadimləri, ziyalılar, yerli icra və bələdiyyə, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov Ramazan ayının başlanması münasibətilə görüş iştirakçılarını təbrik edib və qarşıda duran vəzifələrdən danışıb. İcra başçısı ölkəmizdə mövcud olan dövlət-din münasibətlərindən söhbət açaraq bu istiqamətdə Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətlərini qeyd edib və hazırda ölkə Prezidenti cənab İlham Əliyevin bu siyasəti davam etdirərək milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması üçün həyata keçirdiyi işləri, ölkəmizdə dövlət-din münasibətlərinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq dünyəvilik əsasında tənzimlənməsini xüsusilə vurğulayıb.
DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov məruzə edərək ölkəmizdə milli-mənəvi dəyərlərin təbliği və düzgün dini maarifləndirmə istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətindən bəhs edib. Natiq “Dini etiqad azadlığı haqqında” Qanunun icrasının bölgədəki vəziyyətindən danışaraq Ramazan ayında QMİ tərəfindən tövsiyə edilmiş namaz təqvimlərinə ciddi riayət ediləcəyinə, dini-ayin və mərasimlərin yalnız məscidlərdə keçirilməsinə münasibət bildirmişdir. Məruzəçi Prezident İlham Əliyevin dünyada Azərbaycandakı multikulturalizm ənənələrinin qorunub saxlanılması və geniş təbliğ olunması məqsədilə 2016-cı ili “Multikulturalizm ili” elan etməsini qeyd edərək son dövrlər rayonda bu sahədə görülən işlərdən danışıb.
Görüşdə çıxış edən QMİ-nin bölgə qazisi Mirqiyas Təhməzov, Prezident təqaüdçüsü Şirvan Əbilov, Hacıtəpə kənd məscidi dini icmasının sədri Nəcəfqulu Quliyev, Hişkədərə kənd dini icmasının sədri Söhrab Ağayev, DTX-nın Masallı rayon şöbəsinin rəisi Fuad Əliyev Ramazan ayının fəzilətindən bəhs etmiş, bu müqəddəs ayda bütün tədbirlərin dinimizin və dövlətimizin qanunları çərçivəsində keçirilməsi barədə fikirlərini səsləndirmişlər.
Tədbiri yekunlaşdıran rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov Ramazan ayı ilə əlaqədar tapşırıq və tövsiyələrini vermişdir.