Masallı rayonunda kənd təsərrüfatı məsələlərinə həs olunmuş müşavirə
Masallı rayonu kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində zəngin təcrübəyə malikdir.
Bu fikir iyunun 8-də Masallı şəhərindəki Heydər Əliyev Mərkəzində kənd təsərrüfatı məsələlərinə həs olunmuş müşavirədə səslənib.
Müşavirədən əvvəl Prezident Administrasiyasının aqrar siyasət məsələləri şöbəsinin müdiri, işçi qrupunun rəhbəri Azər Əmiraslanov və işçi qrupunun üzvləri Masallı rayonunun Kolatan kəndində yeni salınmış çay plantasiyası və Qızılağac kəndində “Azərsun Holdinq” Şirkətlər Qrupuna məxsus əkin sahələri ilə tanış olublar.
Müşavirədə çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov rayonun aqrar sektorunda görülən işlər, bu sahədə qarşıda duran vəzifələri diqqətə çatdırıb.
Toplantıda Prezident Administrasiyasının aqrar siyasət məsələləri şöbəsinin müdiri Azər Əmiraslanov çıxış edərək, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan islahatlardan, qeyri-neft sektorunun, o cümlədən kənd təsərrüfatının inkişafı istiqamətində görülən tədbirlərdən danışıb.
Azər Əmiraslanov qeyd edib ki, dövlətimizin başçısının aqrar sektorun inkişafı, yerli istehsalın artırılması, əhalinin məşğulluğunun yüksəldilməsi ilə bağlı tapşırıqlarından biri də bölgələrdə ənənəvi təsərrüfat sahələrinin inkişaf etdirilməsi, yeni iqtisadi mərhələdə kənd təsərrüfatı məhsulları istehsalının artırılması, xüsusilə ixrac tutumlu sahələrin inkişafı mühüm əhəmiyyət kəsb edir.
Masallıda təcrübəli təsərrüfat rəhbərlərinin, sahibkarların olduğunu vurğulayan Prezident Administrasiyasının rəsmisi rayonda ənənəvi əkin sahələrinin, çoxillik bitkilərin, o cümlədən çayçılığın inkişafı üçün gözəl imkanların olduğunu diqqətə çatdırıb.
Ölkədə kənd təsərrüfatının inkişafının ixrac olunan malların genişləndirilməsindən asılı olduğunu qeyd edən Azər Əmiraslanov Masallı rayonunda bu sahədə böyük imkanların olduğunu bildirib.
Prezident Administrasiyasının rəsmisi diqqətə çatdırıb ki, işçi qrupu tərəfindən rayonlarda keçirilən görüşlərdə əsas məqsəd aqrar sahədə potensialı və imkanları öyrənmək, eyni zamanda, mövcud problemlərlə bağlı fermerlər və torpaq mülkiyyətçiləri ilə fikir mübadiləsi aparmaqdır.
Azər Əmiraslanov müşavirə iştirakçılarını açıq müzakirələrə dəvət edib.
Diskussiya şəraitində keçən tədbirdə məhsul istehsalçıları, fermerlər çıxış edərək, görülmüş işlərdən danışıb, rayonda çayçılığın, tərəvəzçiliyin və digər təsərrüfat sahələrində mövcud olan problemlərin aradan qaldırılması yollarından bəhs ediblər.
Müşavirədə rayonda ənənəvi əkin və təsərrüfat sahələrinin inkişafı ilə bağlı müxtəlif təkliflər irəli sürülüb.