Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda “Tariximizin Qurtuluş zirvəsi” mövzusunda tədbir

10 iyun 2016 | 16:00

10 iyun 2016-cı il tarixdə YAP Masallı rayon təşkilatı aparatında 15 iyun Milli Qurtuluş günü münasibəti ilə təşkilatın Qadınlar Şurası və Gənclər Birliyinin birgə təşkilatçılığı ilə “Tariximizin Qurtuluş zirvəsi” mövzusunda tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə YAP Masallı rayon təşkilatı Gənclər Birliyinin sədri Məmmədhüseyn Hüseynov açmış, tədbir iştirakçılarını Milli Qurtuluş günü münasibəti ilə təbrik etmiş və 15 iyun tarixinin mahiyyətindən bəhs edərək qeyd etmişdir  ki, 1991-ci ilin oktyabrında Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkədə daxili vəziyyət və hakimiyyət böhranı yarandı. İctimai həyatın bütün sahələrində xaos, hərc-mərclik baş alıb gedirdi. Orduda da vəziyyət ağırlaşır, fərarilik artırdı. Erməni təcavüzü gündən-günə güclənirdi. Azərbaycanda hakimiyyət boşluğu yaranmışdı. Gənc respublikada rəhbərliyə yiyələnmək üçün ayrı-ayrı şəxslər və qruplar arasında mübarizə gedirdi. 1992-ci ilin mayın 14-də hakimiyyəti ələ keçirən Xalq Cəbhəsi ilk gündən özünün qeyri-sağlam fəaliyyəti ilə ölkəni idarə edə bilməyəcəyini göstərirdi. 1993-cü ilin yayında  Azərbaycanda vətəndaş müharibəsi təhlükəsi yarandı.
Vətənin belə ağır günündə xalq Naxçıvandan Azərbaycanın görkəmli oğlu Heydər Əliyevi Bakıya dəvət etdi. Heydər Əliyev xalqın təkidli dəvətini qəbul edib, iyunun 9-da Bakıya gəldi. Heydər Əliyev çox az zamanda Azərbaycanda vətəndaş müharibəsinin qarşısını ala bildi.
1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Beləliklə, 15 iyun tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Milli Məclis 1997-ci ilin iyununda bu günü bayram elan etdi.
YAP Masallı rayon təşkilatı Gənclər Birliyinin üzvü Şəmşir Kərimov məruzə ilə çıxış edərək qeyd etdi ki, Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə başlıca qayəsini müstəqillik, azərbaycançılıq, dövlətçilik, ədalətlilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlər təşkil edən yeni bir ideologiyanın əsası qoyulmuşdur. Heydər Əliyevin apardığı daxili siyasət Azərbaycanın hər bir vətəndaşına azad, sərbəst yaşamaq hüquqlarını təmin etmək və öz rifahını yaxşılaşdırmaq imkanları yaratmaqdan ibarət olub. Heydər Əliyevin fəaliyyətində iqtisadi islahatlar, bazar iqtisadiyyatının bərqərar olması, iqtisadi inkişafın təmin edilməsi, Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası, özəlləşdirmə proqramının, aqrar islahatların həyata keçirilməsi ardıcıl prioritet sahələr olub. Heydər Əliyev demokratik, hüquqi dövlət quruculuğu istiqamətində davamlı siyasət yeridərək, ölkədə insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin bərqərar olması üçün əsaslı zəmin yaradıb. Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan dövlətinin xarici siyasəti, dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələri milli maraqlara və uzaqgörən siyasi perspektivlərə əsaslanan xətlə inkişaf etməyə başlayıb.
YAP Masallı rayon təşkilatı Qadınlar Şurasının üzvü Göyçək Ələsgərova çıxış edərək, tarixin amansız və sərt sınaqları dövründə dünyanın ayrı-ayrı ölkələrinə səpələnərək yaşamaq məcburiyyətində qalmış azərbaycanlıların birlik və həmrəyliyinin əldə edilməsi işində Heydər Əliyevin müstəsna xidmətlərindən bəhs etmişdir.
O, qeyd etmişdir ki, Heydər Əliyev dünya azərbaycanlılarının təşkilatlanması və onların bir Vətən - müstəqil Azərbaycan ətrafında sıx birləşməsi üçün daim və əzmlə səy göstərmiş, bu istiqamətdə son dərəcə qiymətli qərarlar qəbul etmişdir.
Sonra YAP Masallı rayon təşkilatı Qadınlar Şurasının sədri Gülşən Xəlilova, Qadınlar Şurasının üzvü Münəvvər Əzimova, gənc YAP üzvlərindən Ülvi Rufullayev, Pərvin Rəsulova və başqaları çıxış edərək Ümummilli lider Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında əvəzsiz xidmətlərindən danışmış, Ulu öndərin Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılması, respublikanın sosial-iqtisadi inkişafı sahəsindəki misilsiz fəaliyyətindən bəhs etmişlər.

Keçidlər