Masallıda “15 iyun Milli Qurtuluş günü” qeyd edildi
14 iyun 2016-ci il tarixə Masallı şəhər Heydər Əliyev Mərkəzində 15 iyun Milli Qurtuluş gününə həsr olunmuş konfrans keçirilmişdir.
İlk öncə tədbir iştirakçıları Ulu öndər Heydər Əliyevin abidəsi önünə təzə tər gül dəstələri düzərək dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildirmişlər.
Tədbiri giriş sözü ilə açan Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov iştirakçıları bayram münasibətilə təbrik etmiş, Milli Qurtuluş Gününün dövlətçilik tariximizə dönüş nöqtəsi kimi daxil olduğunu qeyd etmişdir. Rayon rəhbəri bildirmişdir ki, bu tarixi gün müasir Azərbaycanın müstəqilliyinin təntənəsi, hüquqi dövlət quruculuğunun başlanğıcıdır. Bu gün regionun söz sahibi dövlətinə çevrilməyimizin əsas qayəsi məhz bu dahi şəxsiyyətin sağlam təməllər üzərində qurduğu siyasətin möhtərəm Prezidentimiz İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilməsindədir.
Sonra məruzə ilə çıxış edən YAP Masallı Rayon Təşkilatının sədri Seyfəddin Əliyev bildirmişdir ki, 23 il əvvəl xalqın təkidli tələbi ilə yenidən Azərbaycanda siyasi hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev böyük xilaskarlıq missiyasını öz üzərinə götürməklə xalqımızın, dövlətçiliyimizin sonrakı taleyində həlledici mərhələnin təməlini qoydu. Ümummilli liderin hakimiyyətə qayıdışından sonra ölkəmizdə bir-birinin ardınca reallaşdırılan genişmiqyaslı layihələr dövlətimizin inkişafına və möhkəmlənməsinə zəmin yaratdı. Onun yorulmaz və titanik fəaliyyəti, yürütdüyü müdrik daxili və xarici siyasət nəticəsində müstəqilliyimiz dönməz xarakter almış, hüquqi, demokratik və dünyəvi dövlət quruculuğu, milli ordunun formalaşdırılması, beynəlxalq aləmdə Azərbaycanın demokratik imicinin artması sahəsində böyük işlər görüldü. Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir ki, indi dövlətimizin iqtisadi qüdrəti durmadan artır, beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınır, ölkəmizdə ictimai-siyasi sabitlik möhkəmlənir, xalqımızın sosial rifahı günbəgün yaxşılaşır, mötəbər tədbirlərə ev sahibliyi edir. Bu gün bu siyasət Prezident İlham Əliyev tərəfindən inam və qətiyyətlə davam etdirilir.
Tədbirdə çıxış edən həkim, YAP Masallı Rayon Təşkilatı Siyasi Şurasının üzvü Füzuli Fətullayev, “Əlil Qadınlar” Cəmiyyəti Masallı rayon şöbəsinin sədri Aminə Abıyeva, 71 saylı Masallı kənd Dairə Seçki Komissiyasının sədri İlkin Əzizov 1993-cü il 15 iyunu tarixi qayıdış kimi qiymətləndirmişlər. Natiqlər tarixi faktlara söykənərək qeyd etmişlər ki, məhz bu tarixi qayıdış Azərbaycanı siyasi oyunlardan, daxili çəkişmələrdən, parçalanmaqdan, vətəndaş müharibəsindən xilas etdi.
Tədbir Nizami Gəncəvi adına Mədəniyyət və İstirahət Parkında incəsənət ustalarının ifasında rəngarəng konsert proqramı ilə davam etdirilmişdir.