Səmidxan kənd həkim məntəqəsinin açılışı
21 iyun 2016-cı il tarixdə Dünya Bankının maliyyələşdirdiyi İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsi çərçivəsində Masallı rayonunun Səmidxan kəndində həkim məntəqəsi üçün yeni binanın açılış mərasimi olmuşdur.
Tədbirdə Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov, mərkəzi rayon xəstəxanasının baş həkimi Cəlil Nəzərov, AzKİL-in Direktor müavini-İcma İnkişafı Meneceri Gülbəniz Qənbərova, Dünya Bankının Azərbaycan üzrə nümayəndəsi Daniel Oven və kənd sakinləri iştirak etmişlər.
Mərasimdə çıxış edən Masallı RİHB-nın Səmidxan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Həsən Allahverdiyev, kənd ağsaqqalı Həzrətqulu Həsənov, tibb işçisi Aliyə Zeynalova və başqaları bölgələrdə sosial problemlərin həlli, ucqar kəndlərdə tibbi xidmətin səviyyəsinin ildən-ilə yüksəldilməsi istiqamətində Masallıda böyük işlərin görüldüyünü diqqətə çatdırmış, bunun üçün Prezident İlham Əliyevə və rayon rəhbərinə dərin minnətdarlıqlarını bildirmişlər, son illərdə rayonda səhiyyə müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən danışmışlar.
Dünya Bankının Azərbaycan üzrə nümayəndəsi Daniel Oven rəmzi lenti kəsərək həkim məntəqəsinin açılışını etmiş və otaqlarda yaradılmış şəraitlə tanış olmuşdur.
Tibb məntəqəsinin yeni binasının açılışı münasibətilə sakinləri təbrik edən icra başçısı burada çalışacaq tibb işçilərinə uğurlar arzulamışdır.