MASALLI RİH BAŞÇISININ HƏSƏNLİ ƏRAZİSİNDƏ GÖRÜŞ-QƏBULU
Masallı rayon İcra Hakimiyyəti başçısının səyyar qəbulu 22 iyun 2016-cı il tarixdə Həsənli inzibati ərazi dairəsinin Məmmədxanlı kəndində keçirilmişdir. Həsənli ərazisi Həsənli, Köçəkli, Təkdam və Məmmədxanlı yaşayış məntəqələrini əhatə edir.
Ərazinin 6280nəfər əhalisi və 1975 ha torpaq sahəsi vardır. Həmçinin ərazidə 2 tam orta məktəb, 2 ümumi orta məktəb, 1 həkim məntəqəsi, 1 tibb məntəqəsi 1 EATS və 1 poçt, 1 klub və bir neçə xidmət obyektləri fəaliyyət göstərir.
Şəhid Hafis Məmmədov adına Məmmədxanlı kənd ümumi orta məktəbində təşkil olunmuş görüşü Masallı rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov açaraq əhalini salamlamış, son illərdə ölkəmizin sosial-iqtisadi inkişafı naminə dövlət səviyyəsində həyata keçirilən tədbirlərin icmalını vermiş, regionlara göstərilən diqqəti nəzərə çatdırmış, Masallıda görülən abadlıq-quruculuq işlərindən bəhs etmişdir. Sonra əhalidən onları narahat edən məsələlər barədə məlumat və təklif vermələrini istəmişdir.
Kənd ziyalılarından veteran müəllim Hacıbaba Hüseynov çıxış edərək son vaxtlar rayonda görülən işləri təqdir etmiş, ərazidə işıq, qaz və s. sahədə problemlərin yaşanmadığınıbildirmiş, kənd əhalisi adından ölkə Prezidenti Cənab İlham Əliyevə, rayon rəhbərliyinə minnətdarlıq ifadə etmiş, kəndin daxili yollarının təmir olunmasını xahiş etmişdir.
Sakinlərdən Afət Məmmədova, Hafisə Qafarova və başqaları şikayət və təkliflərini səsləndirmişlər.
Masallı rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov görüşü yekunlaşdıraraq, verilən təkliflərin nəzərə alınacağını qeyd etmişdir.