Masallıda iftar süfrəsi açılıb
İyunun 28-də rayon icra hakimiyyəti başçısının təşəbbüsü ilə on bir ayın sultanı, ruzi-bərəkət, mərhəmət ayı olan Ramazan ilə bağlı Masallıda dindarlar üçün iftar süfrəsi açılıb.
Rayonun rəhbər işçilərinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin cənub bölgəsi şöbəsi əməkdaşlarının, eləcə də şəhid və imkansız ailələrin iştirak etdikləri mərasim "Qurani-Kərim"dən ayələrin oxunması ilə başlayıb. Çıxışçılar dindarları qarşıdan gələn Ramazan bayramı münasibətilə təbrik edib, Ramazanın həmrəylik, dostluq, qardaşlıq, sevgi, mərhəmət və ruzi ayı olduğunu bildiriblər.
Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazisi Hacı Mirqiyas Təhməzov müqəddəs ayın fəzilətindən, məziyyətlərindən danışdı, bu ənənənin Heydər Əliyev tərəfindən qoyulduğunu xatırlatdı, ulu öndərin və vətən uğrunda şəhid olanların ruhuna dualar oxudu. Bugünkü siyasi sabitlik və bolluğa görə Prezident İlham Əliyevə minnətdarlıq ifadə edən qazi rəhbər işçilərin dindarlarla bir süfrədə əyləşməsini müstəqilliyimizin bəhrəsi kimi dəyərləndirdi.
RİH başçısı cənab Rafil Hüseynov ölkə rəhbəri adından açılan iftar süfrəsinə dəvət olunan rayon sakinlərini, ruhaniləri Ramazan münasibətilə təbrik etdi. Rayon rəhbəri hamıya xoş günlər və cəadət arzuladı.
Milli Məclisin deputatı Nəriman Əliyev də rayon sakinlərinə, dindarlara oruc namazının qəbul olunmasını arzulayıb.
Çıxış edənlər qeyd edib ki, tolerantlığın hökm sürdüyü Azərbaycanda bütün dini bayramlar, o cümlədən də Ramazan hər il təntənə ilə keçirilir. Diqqətə çatdırılıb ki, Azərbaycanda hökm sürən inkişafın, birliyin, vicdan azadlığının təməlində ümummilli lider Heydər Əliyevin müdrik siyasəti dayanır. Ulu öndərin Azərbaycanda təməlini qoyduğu sabitlik, inkişaf, vicdan azadlığı və tolerantlıq siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə milli mənəvi dəyərlərin qorunub saxlanmasında və inkişaf etdirilməsində Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xüsusi xidmətləri vardır. Rayonun din xadimləri müstəqil Azərbaycana əmin-amanlıq, sülh arzulayıblar.Torpaqlarımız uğrunda şəhid olanlara Allahdan rəhmət dilənib, ruhlarına dualar oxunub.