Masallı Sənaye Məhəlləsi
Bu gün dünyanın ən sivil ölkələrində belə böhranın, ərzaq qıtlığının yarandığı, həyat tərzinə təsir etdiyi bir vaxtda Azərbaycan dövləti əhalinin süfrəsinin zənginliyini saxlamaq, dolanışıq meyarındakı tarazlığı qorumaq üçün tədbirlər görür. Ölkə bazarlarını istənilən məhsulla təmin etmək, yerli istehsalı artırmaq, idxala ehtiyacı minimuma endirmək, əhalinin məşğulluğu istiqamətində həyata keçirilən tədbirlərin uğurlu nəticələri olmuşdur.
Ölkənin bir parçası olan Masallıda da bu sahədə Prezidentin sərəncamları ilə əlaqədar çoxsaylı tədbirlərə start verilmişdir. Sərfəli təsərrüfat sahələri araşdırılır. Əkinçiliyə yeni texnika tətbiq olunur, elmin son nailiyyətlərindən istifadə edilir. Ənənəvi tərəvəzçilik və çayçılıq sahələrinə diqqət artırılıb. Qızılağacda yaradılmış tərəvəz sahələri bəhrəsini verməkdədir. Şərəfədəki istixana təsərrüfatı gəlirli sahə kimi özünü təsdiqləyir. Çiyələkçilik, kartofçuluq bostançılıq, sitrusçuluq kimi təsərrüfatlar inkişaf etdirilir. Kolatandakı çay plantasiyaları, bir çox kəndlərdə tütünçülük və çəltikçilik xeyli insanın məşğulluğunu təmin edib. Bundan əlavə yüzlərlə gənc rayonun idarə və müəssisələrində iş yeri tapıb.
Bütün bu dövlət qayğısının davamı olaraq Prezident İlham Əliyevin iyunun 13-də “Masallı Sənaye Məhəlləsinin yaradılması haqqda” imzaladığı sərəncam əhali tərəfindən rəğbətlə qarşılanıb. Bu, əhalinin istehsal sahəsində məşğulluğunun artırılmasını təmin edəcək, kiçik və orta sahibkarlığı inkişaf etdirəcək, buradakı emal və xidmət müəssisələri xeyli işçini əhatə edəcəkdir.
On hektar sahəni əhatə edəcək Sənaye Məhəlləsində, xarici və daxili infrastrukturuna (elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə, istehsal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri) yaradılacaqdır. Sənaye Məhəlləsi gələcəkdə Masallının iqtisadi inkişafının təmin edilməsinə, kiçik və orta sahibkarlığın daha geniş vüsət almasına, başlıcası isə əhalinin işlə təmin edilməsinə kömək göstərəcəkdir.
Sənaye Məhəlləsi sahibkarlığa, iş adamlarına xüsusi diqqətin verilməsi, onların fəaliyyət dairəsinin genişləndirilməsinə də xidmət edəcəkdir. Masallıdan Rusiyada və digər ölkələrdə biznesini yaxşı qurmuş onlarca sahibkar var. Onların respublikaya, rayona cəlb edilməsi geniş imkanlara malik olacaq Sənaye Məhəlləsinin müəssisələrinə investisiya yatırması hər iki tərəfin xeyrinə olardı. Belə ki, doğma rayonda öz biznesini qurmaq, xidmətləri ilə rayonun inkişafına stimul vermək özü də vətənpərvərlikdir.