MASALLIDA GƏNCLƏRİN MİLLİ ORDUYA YOLA SALINMASI MƏRASİMİ
08 iyul 2016-cı il tarixdə Masallı şəhər Bayraq Meydanında Masallı rayonundan olan bir qrup çağırışçı gənclərin təntənəli şəkildə ordu sıralarına yola salınma tədbiri keçirilmişdir.
Tədbirdə Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov, SHXÇDX-nin əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, valideynlər iştirak etmişlər.
Tədbirdən öncə çağırışçılar Heydər Əliyev Parkında Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, abidənin önünə təzə-tər gül dəstələri düzərək ehtiramlarını nümayiş etdirmişlər.
Tədbirdə çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsinin rəisi Rəsul Quliyev ordu sıralarına yola düşən gəncləri təbrik edərək, onlara yaxşı yol, uğurlu hərbi xidmət arzulamışdır.
Sonra Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov bildirmişdir ki, Ulu öndərimizin siyasi kursunu uğurla davam etdirən Prezident, Ali Baş Komandan İlham Əliyev cənabları bu gün Silahlı Qüvvələrimizin müasir hərbi texnika ilə təchiz edilməsinə, möhkəm nizam-intizamı, döyüş ruhu ilə seçilən və düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan ordunun formalaşmasına nail olmuşdur. Hərbi xidmətə yola düşən gənclərin Vətən borcunu layiqincə yerinə yetirəcəklərinə əminliyini ifadə edən rayon rəhbəri gənclərimizə Vətənimizin keşiyində ayıq-sayıq dayanmağı, onun ərazi bütövlüyünün təmin olunması kimi şərəfli və məsuliyyətli vəzifənin öhdəsindən layiqincə gəlməyi, aprelin əvvəllərində düşmənin növbəti təxribatının qarşısını alarkən rəşadətli ordumuzun qəhrəmancasına şəhid olan əsgər və zabitlərinin, bütövlükdə şəhidlərimizin qisasının alınmasını arzulamışdır.
QMİ-nin cənub bölgəsi üzrə qazisi Mirqiyas Təhməzov, valideyn Şərafət Şükürov, çağırıçı Samir Şərafət oğlu, Ceyhun Əmirli və başqaları çıxış edərək fikir və arzularını, Vətənin müdafiəsinin hər bir vətəndaşın mənəvi borcu olduğunu söyləmişlər.
Rayonun incəsənət ustalarının ifasında vətənpərvərlik, qəhrəmanlıq mövzusunda mahnılar ifa edilmişdir.
Sonda çağırışçılar Azərbaycan Bayrağını öpüb “Qurani-Kərim”in altından keçərək ordu sıralarına yola düşmüşlər.