Masallıda Gənclər və İdman Nazirliyinin əlaqədar təşkilatları-dövlət qulluqçularının zona müşavirəsi
12 iyul 2016-cı il tarixdə Masallı şəhər Gənclər Mərkəzində “Dövlət Qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini nəzərə alaraq, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən “Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi Qaydaları”na həsr olunmuş zona seminar-müşavirəsi keçirilmişdir.
Seminarda Astara, Yardımlı, Lerik, Masallı, Cəlilabad, Biləsuvar, Salyan, Hacıqabul, Saatlı rayon və Lənkəran, Şirvan şəhər gənclər və idman idarələrinin əməkdaşları iştirak etmişdir.
Tədbiri giriş sözü ilə Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov açmışdır.
Seminar-müşavirədə Gənclər və İdman Nazirliyinin əməkdaşları Namiq Abdullayev və Gülgəz Tağıyevanın “Kadrlarla işin təşkili, səlahiyyətlərin bölüşdürülməsi, motivasiya” və sair mövzularda, eləcədə bu mövzulara dair hazırlanmış videotəqdimatlar ətrafında çıxışları dinlənilmişdir.
Sonda dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinə hazırlıq məqsədilə və digər təşkilati məsələlərin həlli ilə əlaqədar idarə rəhbərlərinə müvafiq tövsiyə və tapşırıqlar verilmişdir.