Şriftin ölçüsü :

Saytın rəngi :

Ombudsman Elmira Süleymanova Masallıda ictimai dinləmələr keçirib

13 iyul 2016 | 16:00

13 iyul 2016-cı il tarixdə Masallı şəhər Heydər Əliyev Mərkəzində İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Elmira Süleymanova Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının icrası, təbliği və tətbiqi vəziyyəti ilə bağlı ictimai dinləmələr keçirmişdir.
İctimai dinləmələrdə Masallı rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov, hüquq mühafizə orqanlarının rəhbərləri, bələdiyyələr, yerli qeyri-hökumət təşkilatlarının təmsilçiləri, dini icmalar, ziyalılar və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
İlk öncə İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Elmira Süleymanova və Masallı rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov Ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri düzərək xatirəsini ehtiramla yad etmişlər.
Toplantını giriş sözü ilə açan Masallı rayon İcra hakimiyyəti başçısı Rafil Hüseynov son illər rayonda sosial-iqtisadi inkişaf və insan hüquqlarının qorunması sahəsində görülən işlərdən danışmışdır.
İnsan hüquqları üzrə müvəkkil Elmira Süleymanova çıxışında bu il Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ilinin tamam olduğunu qeyd edərək 1990-cı illərin əvvəllərində ölkəmizdə yaşanan gərgin siyasi vəziyyətdən söhbət açmış, ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsindən sonra ölkənin dirçəliş yoluna qədəm qoyduğunu, ümummilli liderin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirmışdır.
Azərbaycanda insan hüquq və azadlıqlarının qorunması sahəsində aparılan dövlət siyasəti nəticəsində ölkəmizin 230-dan çox beynəlxalq konvensiyaya qoşulduğunu vurğulayan E.Süleymanova ölkəmizdə insan hüquqlarının təmin olunmasının prioritet məsələlərdən olduğunu diqqətə çatdırmışdır.
Müzakirələrdə Əməkdar müəllim, Masallı şəhər 1 saylı tam orta məktəbin direktoru Mirqabil Hüseynov, QMİ-nin cənub bölgəsi üzrə qazisi Mirqiyas Təhməzov, Həsənli kənd sakini Nazilə Hüseynova, Masallı rayon İcra hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülşən Xəlilova, Mahmudavar kənd sakini Vəkil Babayev, Sığdaş kənd sakini Hümmət Cəfərov, Masallı rayon İcra hakimiyyəti başçısının Türkoba kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Leyla Əzizova, Xıl kənd dini icmasının sədri Əhmədağa Zamanov, Ərkivan qəsəbə Ağsaqqallar şurasının sədri Şərafət Əzimov, Ərkivan qəsəbə sakini Əfrail Fərzəliyev, Eminli kənd dini icmasının sədri Hacı Rəbbin Kərimov, Ərəb kənd dini icmasının sədri Əhliman Hüseynov çıxış edərək insan hüquq və azadlıqları ilə bağlı təkliflərini bildirmişlər.
Tədbiri Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov yekunlaşdırmışdır.
Sonda İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanova Masallı rayon Polis şöbəsində müvəqqəti saxlama yerinə baxış keçirmiş və rayon sakinlərinin müraciətlərini dinləmişdir.

Keçidlər