Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib
iyulun 20-də Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib. MŞ sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının (JUHİ) sədri Müşfiq Ələsgərlinin başçılıq etdiyi komissiyanın üzvləri 7 məsələni müzakirə edərək müvafiq rəylər çıxarıblar. Həmin məsələlərdən 2-si Masallı rayonuna aid edilib.
Öncə Masallı Rayon İcra Hakimiyyətinin «Haqqın səsi» qəzeti ilə bağlı müraciətinə baxılıb. Komissiya tərəfləri dinləyərək rəyə gəlib ki, uzun müddətdən bəri çıxmayan mətbu nəşrin yeni fəaliyyətinin əvvəlində şikayət doğura biləcək araşdırılmayan, etik prinsiplərin tələblərinə sayğısız yanaşılan geniş həcmli yazı verməsi peşə fəaliyyətinə xələl gətirən ciddi qüsurlardır. Yazıda şərəf və ləyaqətin təhqirinə, işgüzar nüfuzun ləkələnməsinə yönələn məqamlar olduğundan «Haqqın səsi» qəzetinə qarşı tərəfdən üzr istənilməsi, onun mövqeyinin ifadəsini tapdığı məktubunun dərc edilməsi tövsiyə olunub.
Komissiya «Gündəm xəbər» qəzeti barədə «Bank Respublika» ASC və Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsinin şikayətlərində də eyni motivlərin üstünlük təşkil etdiyini müəyyənləşdirib. Baş redaktor Şirin Cəfərinin nəzərinə çatdırılıb ki, etik prinsiplərin tələblərinə belə məsuliyyətsiz yanaşılması mətbu nəşr barədə Mətbuat Şurasının daha kəskin ölçü götürülməsini zəruriləşdirə bilər. Qəzet və eyni adlı sayt konkret faktlara, dəlil-sübutlara əsaslanmayan materialların təqdimatı praktikasından imtina etməlidir.