BORADIGAH ƏRAZİSİNDƏ SƏYYAR GÖRÜŞ-QƏBULU
Masallı rayon İcra Hakimiyyəti başçısının səyyar qəbulu 27 iyul 2016-cı il tarixdə Boradıgah qəsəbə ərazi inzibati ərazi dairəsinin Mollaoba kəndində keçirilmişdir.
İnzibati ərazi vahidi üzrə Boradigah qəsəbəsi Mollaoba və Babaser kəndlərini özündə birləşdirir.
Ərazinin müasir insan üçün lazım olacaq bütün şəraiti var və yeniləşir. Nəhəng xidmət obyektləri fəaliyyət göstərir.
Görüşü Masallı rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov görüşü açmamışdan əvvəl Qarabağ döyüşlərində həlak olmuş şəhid Bəxtiyar Qurbanəli oğlu Şiriyev in (22.04.1973-06.08.1992) əziz xatirəsini dərin ehtiramla yad etməklə büstünü ziyarət etdi, təzə-tər güllər düzdü.
Görüşdə Masallı rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov görüşü açaraq əhalini salamlamış, son illərdə ölkəmizin sosial-iqtisadi inkişafı naminə dövlət səviyyəsində həyata keçirilən tədbirlərin icmalını vermiş, regionlara göstərilən diqqəti nəzərə çatdırmış, Masallıda görülən abadlıq-quruculuq işlərindən geniş bəhs etmişdir. Sonra əhalidən onları narahat edən məsələlər barədə məlumat və təklif vermələrini istəmişdir. Rayon İcra Hakimiyyətinin başçısı geniş nitqində ərazinin kəndlərində görülmüş və görüləcək işlərdən danışmışdır.
Artıq su çəkilişi sona çatmaq üzrədir. Reallaşmaqda olan “Asan Xidmət-Asan Həyat” kompleksi, habelə mədəniyyət, təhsil, mətbuatyayım sahəsində yaradılacaq regional idarələr rayon iqtisadiyyatının inkişafına təkan verəcək. İnzibati şəhərcik ərazisində inşa ediləcək (ilkin mərhələdə 3 bina) sosial yaşayış evləri regionlar üzrə ilk dəfə Masallıda tikilir. Uşaq incəsənət məktəbi, tarix-diyarşünaslıq muzeyi, polis mühafizə bölməsi, kənd təsərrüfatı idarəsi, 100 yerlik uşaq bağçası binalarının yaxın günlərdə açılışı olacaq. Yeni məhkəmə binasının təməli qoyulmuşdur. Şəhərin mərkəzində Viləş Park-Bulvarı salınır. Müasir tibbi avadanlıqlarla təchiz ediləcək RMX əsaslı təmir edilir. Qəsəbə xəstəxanası müasir üslubludur və əhaliyə nümunəvi xidmət göstərir. Qəsəbə sakinləri, ümumiyyətlə masallılar qan analizindən ötrü daha mərkəzə getmirlər və s.Hazırda 6-7 min hektar əkin sahəsi su ilə təmin edilirsə, Viləşçayın II növbəsinin tikintisindən sonra bu rəqəm 20 minə çatacaq. 65 kilometr beton kanallar çəkiləcək və s.
Qəsəbə ziyalılarından, ağsaqqallarından ibarət 20 nəfərə yaxın sakin çıxış edərək son vaxtlar rayonda görülən işləri təqdir etmiş, ərazidə işıq, qaz və s. sahədə problemlərin yaşanmadığını bildirmiş, kənd əhalisi adından ölkə Prezidenti Cənab İlham Əliyevə, rayon rəhbərliyinə minnətdarlıq ifadə etmişdir.
Masallı rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov görüşü yekunlaşdıraraq, verilən təkliflərin nəzərə alınacağını qeyd etmişdir.