Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Masallı rayon təşkilatının Referundumla bağlı ilk yığıncağı

27 iyul 2016 | 16:00

27 iyul 2016-cı il tarixdə YAP Masallı rayon təşkilatı aparatında Referendum üzrə ilkin təşəbbüs qrupunun yaradılması və referendum üzrə təşəbbüs qrupunda təmsil olunmaq üçün nümayəndələrin müəyyən edilməsi barədə yığıncaq keçirilmişdir.
Yığıncağa sədrlik edən YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Abusət oğlu Əliyev “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının layihəsinin Konstitusiya Məhkəməsinə göndərilməsi barədə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin müvafiq sərəncamı barədə yığıncaq iştirakçılarına ətraflı məlumat verərək, bu sərəncamın ölkəmiz üçün əhəmiyyətindən bəhs etdi. Bildirdi ki, ölkəmiz inkişaf etdikcə, təhlükəsizlik sistemi gücləndikcə, dövlət strukturlarında islahatlar həyata keçirildikcə, beynəlxalq konvensiyalara qoşulduqca, əlaqədə olduğumuz ölkələrlə münasibətlərin tənzimlənməsi üçün Konstitusiyaya müvafiq dəyişikliklərin və əlavələrin olunması zəruriyyəti yaranır.  Müstəqil Respublikamızın Konstitusiyası 1995-ci ildə qəbul olunmuş və ötən 20 il ərzində  Konstitusiyamıza bir neçə dəfə əlavə və dəyişikliklər edilmişdir. İndi də növbəti referendumun keçirilməsi və Konstitusiyada dəyişikliklərin edilməsi zərurəti yaranmış, ona görə də bəzi dəyişikliklərin edilməsi nəzərdə tutulur. Bütün dövlətlərdə zərurət yarandıqca bu cür addımlar atılır. Dəyişikliklərdə insan hüquq və azadlıqlarının qorunması, təhlükəsizlik sisteminin möhkəmləndirilməsi, dövlət aparat sisteminin təkminləşdirilməsi, seçkidə iştirakın tam şəkildə sərbəstləşdirilməsi, o cümlədən informasiya təhlükəsizliyi, anonim informasiyaların aradan qaldırılması, vətəndaşların müraciətlərinə baxılması, dövlət və bələdiyyə qurumlarından, onların hərəkət və hərəkətsizliyindən vətəndaşın şikayət etmək hüququ əksini tapıb. Konstitusiya Məhkəməsinə göndərilən Referendum Aktı layihəsində Azərbaycanda birinci vitse-prezident və vitse prezidentlər postunun yaradılması, prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə artırılması, prezident seçkilərində yaş məhdudiyyətinin aradan qaldırılması, parlament seçkilərində iştirak üçün yaş həddinin 25-dən 18-ə endirilməsi və s. nəzərdə tutulur.
          S.Əliyev daha sonra referendum üzrə ilkin təşəbbüs qrupunun yaradılması barədə məlumat verərək bildirdi ki, “Yeni Azərbaycan” təşviqat qrupu öz üzərinə düşən vəzifəni uğurla yerinə yetirəcəkdir. Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı ümumxalq müzakirəsinə çıxarılmış məsələləri seçicilər arasında geniş və hərtərəfli şəkildə təşviq etmək başlıca məqsədimiz olacaqdır.
YAP Masallı rayon təşkilatı İdarə heyətinin üzvü Astan İbiş oğlu İbişov çıxış edərək bildirdi ki, Konstitusiyamıza təklif olunan əlavə və dəyişikliklərin zəruriliyi hamıya məlumdur. Təşəbbüs qrupunun bundan sonrakı fəaliyyəti və aparacağı kompaniya üçün təqdim olunan səlahiyyətli nümayəndələrin təsdiq edilməsinin tərəfdarıyam.
        YAP Masallı rayon təşkilatının üzvü, Masallı Rayon Müharibə, Əmək və Silahlı Qüvvələr veteranları şurasının sədri Məmmədağa Məmmədəli oğlu Şiriyev çıxış edərək bildirdi ki, bu gün xalqımız möhtərəm Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasəti birmənalı şəkildə bəyənib, müdafiə edir. Əminik ki,  “Yeni Azərbaycan” təşəbbüs qrupunun apardığı işlər öz uğurlu nəticəsini verəcək və seçicilərin böyük əksərriyəti Konstitusiyaya təklif olunan dəyişikliklərə müsbət yanaşacaqdır.
       Yığıncaqda Referendum üzrə ilkin təşəbbüs qrupunun və təşəbbüs qruplarında təmsil olunmaq üçün nümayəndələr müəyyən edilmişdir.

Keçidlər