Elçin Musaoğlu “Əməkdar incəsənət xadimi” adına layıq görülmüşdür!
Elçin Musaoğlu 11 iyul 1966-cı ildə Masallı rayonunun Xıl kəndində tanınmış alim, tarix elmləri doktoru, Respublika Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tarix kaferasının professoru, Əməkdar müəllim, Azərbaycan Yazıçılar Birliyinin üzvü, ictimai xadim, əsl ziyalı şəxsiyyət Musa müəllimin ailəsində böyüyüb boy atmışdır.
Elçin Musaoğlu A. Əliyev adına ADİİ-nun rejissorluq fakültəsində (1983-1990), Moskva Teatr İnstitutunda Mark Zaxarovun kursunda təhsil alıb, (1989-1990). "Azərbaycanfilm" kinostudiyasında (1990), Akademstudioda (1992), "Azərbaycantelefilm" YB-də (1994-2004) çalışıb. 2005-ci ildən "Ritm Prodakşnda" çalışır.
"Sinema Evi" Prodüser Mərkəzinin təsisçisidir. Azərbaycan Kinematoqrafçılar İttifaqının və Türkiyə Sənədli Filmçilər Birliyinin üzvüdür. Gənclər Nazirliyinin "İlin ən yaxşı kinorejissoru" (1999), Əl-Cəzirə Film Festivalı "Qızıl Mükafat"ının sahibidir (2006). "40-cı qapı" film layihəsi Focal cəmiyyətinin (İsveçrə) təyin etdiyi qrantın qalibi olub (2005). 50-dən çox sənədli və bədii filmlərin müəllifi və rejissorudur.
42-ci Beynəlxalq Hyuston Film festivalında "Gold Remi Award.Foreign" (Ən yaxşı xarici film) mükafatına layiq görülmüşdür (2009). 2015-ci ildə quruluşçu rejissoru olduğu "Nabat" filmi "Ən yaxşı bədii film" nominasiyasında "Qızıl Pəri" mükafatına layiq görülmüşdür.
E. Musaoğlu 29 iyul 2016-cı il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının Azərbaycanın kino xadimlərinə fəxri adların verilməsi haqqında Sərəncamı ilə “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülmüşdür.
Bu münasibətlə Elçin müəllimi təbrik edir, ona yeni yaradıcılıq uğurları arzulayırıq!