Masallıda çayçılıq inkişaf etdirilir
Masallı rayonunda çay əkininə ötən əsrin 40-cı illərindən başlanılıb. 1990-cı illərə qədər təkcə Masallıda 4 min hektara yaxın sahədə çay əkilib. Əkilən sahələrdən ildə 11 min ton yaşıl çay yarpağı yığılıb.
Son zamanlar ölkədə aqrar sahədə aparılan islahatların daha da sürətləndirilməsi, yeni fermer təsərrüfatlarının yaradılması, bitkiçiliyin ənənəvi sahələrinin inkişaf etdirilməsi dövlətimizin əsas məqsədlərindən biridir. Bu sahələrin inkişaf etdirilməsi idxaldan asılılığı azaltmağa, ölkənin yerli məhsullarla təminatına imkan verəcək. Aqrar sektorda əsas istiqamətlərdən biri də cənub bölgəsində çayçılığın əvvəlki şöhrətini özünə qaytarmaqdır. Hazırda Azərbaycanda çay, əsasən, Lənkəran, Astara, Masallı və Zaqatala rayonlarında yetişdirilir.
Son bir neçə ildə Masallı rayonunda çay sahələrinin bərpası və yeni çay sahələrinin salınması istiqamətində uğurlar əldə edilib. Bu məqsədlə Masallının Kolatan kəndində “Azərsun” şirkəti tərəfindən 100 hektar ərazidə çay plantasiyası salınıb. Plantasiyanın baş aqronomu Şakir Quliyevin sözlərinə görə, Ərazinin Talış sıra dağlarının qoynunda salınmasının başlıca məqsədi buradan yığılan çay bitkisinin daha keyfiyyətli və məhsuldarlığı ilə bağlıdır. Digər bir səbəb isə dağlıq ərazidə nəmliliyin çox olması məhsulun tez yetişməsinə səbəb olur. Buradan yığılan çayla düzən sahədən yığılan çayın tamı fərqlidir.
Hazırda çay sahələrinə aqrotexniki qulluq olunur. Belə ki, plantasiyalar alaq otlarından təmizlənir, çay kollarının dibləri boşaldılır, xüsusi suvarma üsulu ilə hər gün suvarılır.