MASALLIDA “ŞƏFƏQ” EKOTURİZM İB-NİN SEMİNARI
24 avqust 2016-cı il tarixdə Masallı şəhər Gənclər Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında QHT-na Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi “Kənd təsərrüfatı məhsullarının istehsalında stimullaşdırıcı tədbirlərin təşkili” layihəsi çərçivəsində seminarlar keçirilmişdir.
“Şəfəq” Ekoturizm İctimai Birliyinin təşkilatçılığı ilə “Yerli istehsal ərzaq təhlükəsizliyinin təminatıdır” mövzusunda keçirilən seminarda ekspert, sahibkar və bələdiyyə işçiləri iştirak etmişdir.
Layihə rəhbəri, “Şəfəq” Ekoturizm İB-nin sədri Vamiq Babayev layihənin məqsədi, seminarın gündəliyi barədə açıqlama vermişdir.
Layihə üzrə ekspert Balayar Şahbazov “Müasir dövrdə yerli istehsal zamanı yaranan problemlər və bu problemlərin qarşısının alınması” mövzusunda məruzə etmişdir. Natiq yerli istehsal prosesində məhsuldarlığın və məhsulun keyfiyyətinin artırılması üçün torpaq, iqlim şəraitinin, eləcə də yerli istehsalın sosial problemlərin həllindəki rolundan danışmışdır.
Digər qonaq ekpertlər qismində Elvin Nəhmətli, Masallı rayon GEM-nin direktoru Rəhman Muxtarlı, rayon statistika idarəsinin sektor müdiri Aydın Nurəliyev və başqalarının çıxışları dinlənilmiş, müxtəlif müzakirələr aparılmışdır.