Masallıda narkomaniya ilə bağlı dəyirmi masa
29 avqust 2016-cı il tarixdə Masallı şəhər Gənclər Mərkəzində “Jurnalistlər ekstremal şəraitdə” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Narkomaniyanın insanlığa vurduğu bəlalardan xilas yollarının axtarılması ilə bağlı tədbirlərin təşkili və video-çarxların hazırlanması” layihəsi çərçivəsində dəyirmi masa keçirilmişdir.
Tədbirdə rayonda fəaliyyət göstərən KİV-lərin təmsilçiləri, ictimaiyyətin nümayəndələri və gənclər iştirak ediblər.
Dəyirmi masada çıxış edən layihə rəhbəri, İctimai Birliyin sədri Firuzə Əsədullayeva layihənin məqsəd və vəzifələrindən danışıb.
Birliyin idarə heyətinin üzvləri Tofiq Türkel, Elxan Xanəlizadə narkomaniyanın cəmiyyətdə törətdiyi fəsadlar, onunla mübarizədə hüquq mühafizə orqanları və cəmiyyətin bütün təbəqələrinin birgə fəaliyyəti, bu bəladan əziyyət çəkənlərin xilası və digər mövzularda çıxış ediblər.
“Dəyirmi masa”da Masallı Mərkəzi Rayon Xəstəxanasının həkim-terapevti Zülfüqar Zülfüqarov, həkim-pediatr Araz Məmmədov, rayon gənclər idman idarəsinin əməkdaşı Nüsrət Eminov, mühəndis Rafiq Məmmədov, Araz Məmmədov və başqaları mövzu ilə bağlı təkliflərini bildiriblər.
Tədbirdə “Sağlam yaşamaq istəyirəm”, “Asan yol, çətin həyat”, “Xilas et, yaşasın” mövzusunda video-çarxlar nümayiş etdirilib.