Prezident İlham Əliyev cənabları Masallıda Bayraq Meydanının və Azərbaycan Dövlət Rəmzləri Muzeyinin açılışını edib
03 sentyabr 2016-cı il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları Masallıda Bayraq Meydanının və Azərbaycanın Dövlət Rəmzləri Muzeyinin açılışını edib.
Prezident İlham Əliyevə məlumat verildi ki, Bayraq Meydanının və Dövlət Rəmzləri Muzeyinin inşasına 2014-cü ildə başlanıb və tikinti işləri yüksək səviyyədə başa çatdırılıb. Bayraq Meydanının ümumi sahəsi 1,3 hektardır. Meydanda hündürlüyü 62 metr olan bayraq dirəyi ucaldılıb, tikintialtı sahəsi 78 kvadratmetr olan fəvvarə inşa olunub. Ərazidə geniş abadlıq işləri görülüb, 4310 kvadratmetr yaşıllıq zolağı salınıb, müasir suvarma və işıqlandırma sistemləri yaradılıb.
Dövlətimizin başçısı Azərbaycanın Dövlət Rəmzləri Muzeyinin rəmzi açılışını bildirən lenti kəsdi və ekspozisiya ilə tanış oldu.
Bildirildi ki, ekspozisiya zalından və köməkçi otaqlardan ibarət Dövlət Rəmzləri Muzeyində tariximizin müxtəlif dövrlərinə aid eksponatlar, bayraqlar və dövlət rəmzləri qorunur. Bütün bunlar həm Masallı sakinlərində, həm də rayona gələn qonaqlarda şanlı tariximiz haqqında təsəvvür yaratmağa geniş imkanlar açır.