KÖHNƏ ZUVAND KƏNDİNDƏ YENİ MƏKTƏB BİNASI İSTİFADƏYƏ VERİLDİ
14 sentyabr 2016-cı il tarixdə Masallı rayon Gülltəpə inzibati ərazisində Köhnə Zuvand kənd ümumi orta məktəbi üçün tikilmiş yeni məktəb binasının açılışı mərasimi olmuşdur.
Bu münasibətlə düzənlənən tədbiri giriş sözü ilə Masallı RTŞ-nin müdiri Tariyel Əkbərov açdı. Natiq qeyd etdi ki, yeni məktəb tədrisinin səviyyəsini daha da yüksəldəcək, dərs şəraitini xeyli yaxşılaşdıracaq. Təqaüddə olan müəllim Əmənulla Bəşirov həmkəndlilərini, müəllim və şagird kollektivini təbrik edib yeni məktəb binasına görə ölkə başçısına və onun xanımına dərin minnətdarlıq bildirdi.
Köhnə Zuvand kənd ümumi orta məktəbinin direktoru Əlibala Muradov, Milli Məclisin deputatı Musa Qasımlı və baçqaları çıxış edərək bildirdilər ki, belə layihələrin uğurlu həlli dövlət başçısının təhsilimizə daimi qayğısından, rayon rəhbərinin əhali ilə əməli vəhdətindən qaynaqlanır.
Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov tədbir iştirakçılarını salamlayıb diqqətə çatdırdı ki, bu bayramın sevincindən Azərbaycanın bütün ailələrinə pay düşür. Sizin hamınızı təbrik edirəm! Natiq fərəhlə dedi ki, rayonda məktəb tikintisinə son illər xüsusi diqqət var. 99 məktəbdən 40-a yaxını yenidən tikilib, ya da əsaslı təmir olunub. Bundan 18-i son üç ilin payına düşür. Köhnə Zuvandda-çətin şəraitdə layihənin həyata keçirilməsi sevindirci haldır. Daha üç kənddə belə tədbirin reallaşacağını açıqlayan sözçü hamının adından Prezident cənab İlham Əliyevə və layihənin icraçıları olan inşaatçılara minnətdarlıq ünvanladı.
Sonra Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov və Milli Məclisin deputatı Musa Qasımlı məktəbin rəmzi açılışını bildirən lenti kəsdilər. Sinif otaqlarına baxış keçirildi. 120 yerlik Köhnə Zuvand kənd ümumi orta məktəbində 84 şagird təhsil alacaq. Məktəbdə 9 sinif otağı, 2 laboratortiya, kompüter otağı, kitabxana, direktor və müəllimlər, tibb, psixoloq və hərbi otaqları, idman zalı mövcuddur. Məktəbin istilik sistemi, su xətləri və sanitar qovşaqları da hazırdır.