Şriftin ölçüsü :

Saytın rəngi :

QODMANDA ELEKTRON ATS BİNASI TİKİLİR

02 aprel 2013 | 15:00

 

Möhtərəm prezidentimiz İlham  Əliyevin 2013-cü ili informasiya və telekommunikasiya texnologiyaları ili elan etməsi ölkədə bu sahəyə diqqət və qayğını daha da artırmışdır. Ölkə başçısının təşəbbüsü çərçivəsində bu il respublikamızda müasir texnologiyalar əsasında elektron ATS üçün yeni binaların tikilməsi nəzərdə tutulmuşdur. Müasir tipli ATS binalarından birinin də rayonumuzun Qodman kəndində inşasına başlanmışdır.

Bu günlərdə kəndin mərkəzində ATS binasının təməlqoyma mərasimi olmuşdur. Mərasim iştirakçılarının əllərində Azərbaycanın dövlət rəmzləri, ulu öndər Heydər Əliyev və möhtərəm prezidentimiz İlham Əliyevin portretləri vardı. Kənd sakinlərinin və qonaqların sevincinə dönmüş mərasimi ərazi nümayəndəsi Oqtay Fəttayev açmışdır.

Kənd sakini, veteran müəllim Əli Əliyev demişdir:

-Ölkədəki inkişaf özünü ən ucqar kəndlərdə belə göstərməkdədir. Uzun illər ərazimiz diqqət və qayğıdan uzaq olmuşdur. Ancaq ötən il kəndimizdə ən müasir, yaraşıqlı məktəb binası istifadəyə verildi. İndi isə kəndimizin mərkəzində ATS binası tikilir. Bu qayğı və diqqətə görə biz möhtərəm prezidentimiz İlham Əliyev cənablarına minnətdarlığımızı bildiririk.

Rayon   Telekommunikasiya Qovşağının rəisi Səməd Abıyev kənd sakinlərini təbrik edərək demişdir ki, müstəqil dövlətimizin inkişafı problemlərimizin sürətlə aradan qaldırılmasına rəvac verir. Rayonumuzda rabitə xidməti ilbəil yaxşılaşır. Hazırda ATS-lərimizdə müasir texnologiyalar tətbiq edilir. İndi rayonda 24 min abonent elektron ATS-lərin xidmətindən istifadə edir. Uzun illər qəza vəziyyətində olan Qodmandakı ATS-in tutumu 256 abonentlikdir. Yeni binada isə bu rəqəmin iki dəfədən çox artmasına şərait yaranacaqdır. İnformasiya və telekommunikasiya texnologiyalarının sürətli inkişafı möhtərəm prezidentimizin həyata keçirdiyi siyasətin tərkib hissəsidir. Yaxın vaxtlarda hər cür müasir texnologiyalarla təchiz edilmiş ATS sizin xidmətinizdə olacaqdır.

Rayon icra hakimiyyəti başçısı Rafil Hüseynov Qodman və əraziyə daxil olan kəndlərin sakinlərini təbrik etmiş, xeyir-dua verərək demişdir: 

- Azərbaycanın iqtisadi qüdrəti artdıqca xalqın rifahı da yaxşılaşır. İndi Azərbaycanın kosmosda özünün peyki mövcuddur. Bu o deməkdir ki, rabitə və telekommunikasiya sahəsində də ölkəmizin müstəqilliyi təmin olunub. İnformasiyalara nəzarətimiz var. Möhtərəm prezidentimizin təşəbbüsü ilə 2013-cü ilin informasiya və telekommunikasiya texnologiyaları ili elan edilməsi ölkəmizdə bu sahənin inkişafına daha da təkan verəcəkdir. Bu təşəbbüsün bəhrəsini siz kəndinizdə görürsünüz. Yeni elektron ATS sizin bu sahədəki problemlərinizin həllində əhəmiyyət kəsb edəcəkdir. İndi kompyuter əsridir. Sürətli internet sizi dünyanın hər yeri ilə birləşdirəcək, informasiya bolluğu yaradacaqdır.

Kənd sakinlərinə xeyir-dua verən rayon rəhbəri binanın özülünə beton qarışığı tökərək binanın təməlini qoymuşdur.

Keçidlər