Şriftin ölçüsü :

Saytın rəngi :

MASALLIDA MƏHƏRRƏMLİK MƏRASİMİ İLƏ ƏLAQƏDAR TƏDBİR

07 oktyabr 2016 | 16:00

07 oktyabr  2016-cı il tarixdə Masallı şəhər Mədəniyyət Mərkəzində Masallı Rayon İcra Hakimiyyəti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsi bölgə şöbələrinin birgə təşkilatçılığı ilə Məhərrəmlik mərasimlərinin təşkili və qarşıdan gələn Aşura günü ilə bağlı tədbir keçirilmişdir.
Tədbirdə idarə və təşkilatların, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət, dini icmalar, ərazi nümayəndəlikləri, bələdiyyələr, ağsaqqal və  ziyalılar iştirak etmişdir.
Tədbiri giriş sözü ilə açan Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov keçirilən dini mərasimlərə ciddi nəzarət, zərərli təriqət üzvlərinin, dövlətçiliyimizin əleyhinə moizələr edən radikal “dindarların” aşkarlanıb cəmiyyət tərəfindən qınanması, dini maarifləndirmənin İslam dəyərlərinə uyğun gücləndirilməsi və sairə vacib məsələlərə toxunaraq aidiyyəti təşkilatlara tapşırıq və tövsiyələrini vermişdir.
Tədbirdə QMİ-nin Cənub bölgəsi üzrə qazisi Mirqiyas Təhməzov, DQİDK-nin Masallı bölgəsi üzrə şöbə müdiri Miryəhya Bədirov, Masallı Rayon Polis Şöbəsinin rəisi Habil Əmiraslanov çıxış etmişlər.
Tədbiri yekunlaşdıran Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov İmamın tərəfdarlarının haqqın, mənəviyyatın saflığı uğrunda şəhadətə yetişdiyi bu müqəddəs günləri bədbinlik əhval-ruhiyyəsinin təlqini kimi deyil, Vətən, iman və yaşam sevgisinin təcəssümü, fədakarlıq və dəyanət örnəyi kim səciyyələndirmişdir.

Keçidlər