Şriftin ölçüsü :

Saytın rəngi :

Milli Qəhrəman Elşad Hüseynovun xatirəsi anıldı

08 oktyabr 2016 | 16:00

08 oktyabr 2016-cı il tarixdə Masallı rayonu Xıl kəndində Milli Qəhrəman Elşad Hüseynovun xatirəsi anılmışdır.
İlk öncə tədbir iştirakçıları Milli Qəhrəmanın abidəsi önünə tər gül dəstələri düzərək xatirəsini ehtiramla yad etdilər.
  Tədbiri Xıl kənd orta məktəbinin müəllimi Səadət Əliyev açmışdır.
Mərasimdə çıxış edən Masallı rayon İcra hakimiyyəti başçının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qafarova toplantı iştirakçılarını salamladı. Dövlətimizin Milli Qəhrəmanlar, torpaqlarımız uğrunda şəhid olanların ailələrinə qayğısından danışan natiq bildirdi ki, Elşad Hüseynovun anım və doğum günlərinin hər il ictimaiyyət tərəfindən qeyd edilməsi, onun xatirəsinin əbədiləşdirilməsi, abidəsinin yaradılması və s. bu qayğının nəticəsidir. Sözçü Milli Qəhrəmanın minlərlə insanın qürur hissi olduğunu bildirərək şagirdləri Elşad kimi vətənpərvər olmağa çağırdı. Rayon rəsmisi Elşad Hüseynovun Qarabağ müharibəsində göstərdiyi şücaətdən, onun döyüş bacarığından söz açaraq erməni işğalçıları tərəfindən zəbt olunmuş ərazilərimizin Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə geri qaytarılacağı və şəhidlərimizin qisasının alınacağı günün uzaqda olmadığını bildirmişdir.
  Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynov   8 oktyabr 1960-ci ildə Masallı rayonunun  Xıl kəndində anadan olmuşdur.  1978-ci ildə burada məktəbi bitirib sovxozda işləmişdir.  1979 - 1981 -ci illərdə  Batumidə (indiki Gürcüstan Respublikasında) hərbi xidmətdə olmuşdur. Daha sonra  Bakı şəhərind ə DİN-nin milis nəfəri kimi işə qəbul olunur.  Ermənilərin  doğma torpaqlarımıza basqınlarını görən Elşad cəbhəyə getmək istəyirdi, bir neçə dəfə müraciətdən sonra o cəbhəyə yola düşür.
1991-ci ildə E.Hüseynovun ilk sınaq döyüşü Füzuli və Tərtər bölgələrində olmuşdur. Elşad Hüseynov  Cuvarlı,  Ağbulaq  və bir çox başqa kəndlərin azad edilməsində rəşadətlə vuruşmuşdur. Onun şücaəti erməni qəsbkarlarını lərzəyə salmışdı.  1992-ci il, iyunun 15-də döyüşçülərimizə Fərrux kəndini düşməndən azad etmək tapşırığı verilmişdi. Səhər tezdən Ağdam istiqamətində döyüşə atılan polis cəngavərləri kəndin içinə doğru irəliləyirdilər. Elşad həmişə olduğu kimi, yenə də döyüşün ən qızğın yerində idi. O, həm cəsarətli vuruşu, həm də ruhlandırıcı çağırışları ilə döyüş yoldaşlarına mənəvi qüvvə verirdi. Əfsus ki, mövqeyini dəyişmək üçün səngərdən çıxarkən E. Hüseynov qəfil düşmən gülləsinə tuş  gəldi...
Ailəli idi üç övladı vardır.
1992-ci il 8 oktyabr tarixində Elşad Eynulla oğlu Hüseynov ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.
Elşad Hüseynov Masallı rayonu Xıl kəndində dəfn edilmiş, kənddə büstü qoyulmuşdur. Masallı şəhərinin küçələrindən birinə Milli Qəhrəmanın adı verilmişdir.
  Tədbirdə çıxış edən SHXÇDX rayon şöbəsinin zabiti Babək Hacıyev, Masallı İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr olunan “Yeni həyat” qəzetinin Baş redaktor müavini Rəsul Rzayev, şair Tahir Hüseynli şəhidin həyat və fəaliyyətindən danışmış, döyüş yolundan misallar gətirmiş, mənalı ömrünü gənclık üçün örnək olduğunu bildirmişlər.
Tədbirdə Xıl kənd tam orta məktəbinin şagirdlərinin ifasında E. Hüseynova həsr olunmuş ədəbi – bədii kompozisiya səslənmişdir.
Tədbirdə Xıl kənd dini-icmasının sədri Nəsir Nəsirov Milli Qəhrəmanın və şəhidlərin ruhuna dualar oxumuşdur.

Keçidlər