ÇAXIRLI KƏNDİ ƏRAZİSİNDƏ SƏYYAR GÖRÜŞ-QƏBULU
Masallı rayon İcra hakimiyyəti başçısının səyyar qəbulu 19 oktyabr 2016-cı il tarixdə Çaxırlı ərazisində keçirilmişdir.
Çaxırlı ərazisi - Çaxırlı, Kəlbəhüseynli, Sarıcəfərli və Bala Təklə yaşayış məntəqələrini əhatə edir. Ərazidə 2 tam orta 2 ümumi məktəb, 1 həkim məntəqəsi, 1 EATS, 1 poçt, 1 kitabxana və 1 mədəniyyət evi fəaliyyət göstərir.
Çaxırlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliuində təşkil olunmuş görüşü Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov açaraq əhalini salamlamış, son illərdə ölkəmizin sosial-iqtisadi inkişafı naminə dövlət səviyyəsində həyata keçirilən tədbirlərin icmalını vermiş, regionlara göstərilən diqqəti nəzərə çatdırmış, Masallıda görülən abadlıq-quruculuq işlərindən bəhs etmişdir.
Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov geniş nitqində rayonda müasir kənd təsərrüfatının bütün sahələri ilə bağlı söhbət aparmışdır. Onun geniş və hərtərəfli şərhi, tövsiyə və məsləhətləri sakinlərdə böyük maraq yaratmışdır. Sonra əhalidən onları narahat edən məsələlər barədə məlumat və təklif vermələrini istəmişdir.
Ərazi sakinləri çıxış edərək son vaxtlar Masallı rayonunda və Çaxırlı kəndi ərazisində görülmüş işləri təqdir etmiş, kənd əhalisi adından ölkə Prezidenti cənab İlham Əliyevə, rayon rəhbərliyinə minnətdarlıq ifadə etmiş, kəndin daxili yollarının təmir olunmasını xahiş etmiş, işıq və qazın verilişində olan nöqsanların aradan qaldırılması yollarından danışmış, həmçinin şikayət və təkliflərini səsləndirmişlər.
Masallı rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov görüşü yekunlaşdırmışdır. Rayon rəhbəri verilən təkliflərin nəzərə alınacağını qeyd etmiş, aidiyyatı idarə və müəssisələrə tapşırıqlar vermişdir.