Mədəniyyət və turizm naziri Masallıda vətəndaşları qəbul etdi
24 oktyabr 2016-cı il tarixdə Masallı şəhər Heydər Əliyev Mərkəzində Mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Lənkəran şəhər, Masallı, Cəlilabad, Astara, Lerik və Yardımlı rayonlarından olan vətəndaşları qəbul edib.
Əvvəlcə nazir Əbülfəs Qarayev və Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla yad ediblər.
Sonra Heydər Əliyev Mərkəzinin ekspozisiyası ilə tanışlıq olub.
Nazirliyin məsul işçilərinin də iştirak etdikləri qəbulda sakinlərin yerlərdə mədəniyyət müəssisələrinin fəaliyyəti, tarixi-mədəni irsin qorunması, turizmin inkişaf etdirilməsi və digər məsələlərlə bağlı müraciətləri dinlənilib.
Lənkəran şəhərindən qəbula yazılan vətəndaşlar Bəlləbur qalasında arxeoloji tədqiqat işlərinin aparılması, kitabxanaların Milli qəhrəmanlar haqqında ədəbiyyatla zənginləşdirilməsi, mədəniyyət evi və klubun əyani vasitələrlə təmin olunmasına köməklik göstərilməsini xahiş ediblər.
Masallı sakinləri tərəfindən rayonda milli geyimlər festivalının, eləcə də uşaq musiqi və incəsənət məktəbləri arasında zona festivallarının təşkili, bölgələrdəki dövlət dram teatrlarında rayonların xalq teatrları kollektivlərinin çıxışlarına şərait yaradılması barədə müraciətlər olunub.
Cəlilabaddan qəbula gələn sakinlər rayon ərazisindəki Polutəpə arxeoloji məkanında aparılan tədqiqat işlərinin başa çatdırılması, kitabxanalara texniki avadanlıqların verilməsi ilə bağlı xahişlərini diqqətə çatdırıblar.
Astara sakinlərinin turizm sahəsində fəaliyyət göstərən təhsil müəssisələri ilə turizm obyektləri arasında əməkdaşlığın qurulması, rayon uşaq musiqi məktəbində instrumental ifaçılıq və muğam dərslərinin tədrisinin təkmilləşdirilməsi və digər məsələlərə dair müraciətləri səslənib.
Lerikdəki Uzunömürlülər Muzeyində digər bölgələrimizin uzunömürlü insanları haqqında da məlumat guşəsinin yaradılması, Buzeyir qalasının turizm marşrutuna daxil edilməsi, habelə Yardımlı rayonu ərazisində tarix-mədəniyyət qoruğunun yaradılması, ölkə ərazisindəki tarix və mədəniyyət abidələri barədə geniş məlumatı əks etdirən fotoalbomun hazırlanması, kənd kitabxanalarının fəaliyyətinin təkmilləşdirilməsi barədə müraciətlər də olub.
Qəbula gələn bütün vətəndaşları diqqətlə dinləyən nazir Əbülfəs Qarayev ayrı-ayrı məsələlərlə bağlı müvafiq göstərişlər verib.
Nazir jurnalistlərə müsahibəsində dövlətimizin başçısının tapşırığı ilə yerlərdə mütəmadi olaraq keçirilən bu cür görüşlərin əhəmiyyətini diqqətə çatdırıb. Qeyd edib ki, ötən görüşlərdə olduğu kimi, bu dəfə də vətəndaşlar tərəfindən maraqlı təkliflər, təşəbbüslər irəli sürülüb. Belə canlı ünsiyyət bir sıra məsələlərin operativ həlli baxımdan çox vacibdir. Nazir tarixi-mədəni irsin qorunması və bərpası, muzeylərdə ekspozisiyaların yenilənməsi, eləcə də turizm sahəsi ilə bağlı təşəbbüsləri xüsusi qeyd edib: “Bu, bir daha təsdiq edir ki, insanlar yerlərdə mədəniyyətin və turizmin inkişafına həssaslıqla yanaşır, problemlərin həlli üçün təşəbbüskarlıq göstərirlər”.
Regionlarda turizmin inkişaf etdirilməsi ilə bağlı təkliflərin nəzərdən keçiriləcəyini bildirən nazir deyib ki, bu sahə Prezident İlham Əliyevin xüsusi diqqət mərkəzindədir: “Turizm sənayesi Azərbaycanda sürətlə inkişaf edən və iqtisadiyyatın qeyri-neft sektorunun prioritet istiqamətlərdən biridir. Prezident İlham Əliyevin sentyabrın 1-də imzaladığı “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam bu sahənin yaxın gələcək üçün inkişaf istiqamətlərini müəyyən edib. Hazırda yeni turizm zonalarının yaradılması istiqamətində də mühüm işlər görülür. Ölkəmizin cənub bölgəsinin də böyük turizm potensialı var”.
Nazir onu da diqqətə çatdırıb ki, qəbuldan sonra Masalı şəhərində “Cənub bölgəsində turizmin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda regional müşavirə keçiriləcək: “Müşavirədə bölgədə turizmin inkişaf etdirilməsi yolları ətraflı müzakirə olunacaq, mövcud vəziyyət və bundan sonra atılacaq addımlar nəzər keçiriləcək”.