SIĞDAŞ ƏRAZİSİNDƏ SƏYYAR GÖRÜŞ
Masallı rayon İcra hakimiyyəti başçısının səyyar qəbulu 17.04.2013-cü il tarixdə Sığdaş ərazisində keçirilmişdir. Sığdaş ərazisi Sığdaş, Xanalion, Babaküçə və Ninalov yaşayış məntəqələrini əhatə edir. Ərazinin 3968 nəfər əhalisi və 1082 ha torpaq sahəsi vardır.
Həmçinin ərazidə 1 tam orta məktəb, 1 əsas məktəb, 1 həkim məntəqəsi, 1 kənd kitabxanası, 1 EATS və 1 poçt fəaliyyət göstərir.
Sığdaş ərazisində təşkil olunmuş görüşü Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov açaraq əhalini salamlamış, son illərdə ölkəmizin sosial-iqtisadi inkişafı naminə dövlət səviyyəsində həyata keçirilən tədbirlərin icmalını vermiş, regionlara göstərilən diqqəti nəzərə çatdırmış, Masallıda görülən abadlıq-quruculuq işlərindən bəhs etmişdir. Sonra əhalidən onları narahat edən məsələlər barədə məlumat və təklif vermələrini istəmişdir.
Kənd ağsaqqallarından Cəfər Qədirov, Xudaverdi Əliyev, kənd ziyalılarından Mirəsgər Bağırzadə, Elşən Qədirov, kənd sakinlərindən Hümmət Cəfərov, Ələkbər Nəsurullayev və başqaları çıxış edərək ərazi nümayəndəliyinin binasının əsaslı təmir edilməsi və ərazisinin abadlaşdırılmasına, Ninalov kənd qəbiristanlığının giriş hissəsində yeni talvarın tikilməsinə, kəndin daxili yollarına çınqıl tökülərək hamarlanmasına, su aparıcı kanalların təmizlənməsinə, ərazidə yararsız elektrik dirəklərinin yeniləri ilə əvəz edilməsinə, Mürsəli ocağının girişinə dəmir darvazanın qoyulması, ocağın dəmir hasarla əhatələnməsi və ehsan vermək üçün tikilinin tikilməsinə, ərazinin mərkəzi yolunun asfaltlanmasına və Babaküçə - Sığdaş kəndləri arasında körpünün salınmasına görə kənd əhalisi adından ölkə prezidenti cənab İlham Əliyevə və rayon İcra hakimiyyətinin başçısına minnətdarlıqlarını bildirmişlər.
Sonra sakinlər əraziyə təbii qaz xəttinin çəkilməsinə, kəndin mərkəzi yolunun əsaslı təmir olunmasına, ərazidəki yararsız elektrik dirəklərinin dəyişdirilməsinə, Xanalion kənd əsas məktəbinin təmir olunmasına və Xanalion kəndində islahat aparılan zaman komissiyanın buraxdığı səhvlərə düzəliş verilməsinə köməklik göstərilməsini xahiş etmişlər.
Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov görüşü yekunlaşdıraraq, verilən təkliflərin nəzərə alınacağını qeyd etmişdir.