Masallıda ailə planlaşdırılması sahəsində qarşıda duran vəzifələr müzakirə edilib
01 moyabr 2016-cı il tarixdə Masallı şəhər Mədəniyyət Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı, “Qadın və İnkişaf” Mərkəzinin təşkilatçılığı ilə “Selektiv abortların qarşısının alınması və düzgün ailə planlaşdırılması sahəsində təbliğat işlərinin aparılması” layihəsi çərçivəsində maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə Masallı rayon İcra hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Nigar Kərimova, “Qadın və İnkişaf” Mərkəzinin rəhbəri Pərvin Məmmədova, Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun elmi katibi Leyla Məmmədova, Masallı Rayon Mərkəzi Xəstəxanasının ginekoloqu Cahan Mustafayeva və başqaları çıxış ediblər.
Çıxışlarda qeyd olunub ki, layihənin məqsədi rayonlarda əhali arasında reproduktiv sağlamlıq, abortların fəsadları və digər mövzularda maarifləndirmə işi aparmaqdır.
Azərbaycanda ana və uşaq sağlamlığının qorunmasının daim dövlətin diqqət mərkəzində olduğunu bildirən natiqlər deyiblər ki, bəzi ailələrdə daha çox oğlan uşaqlarına üstünlük verilməsi cəmiyyətdə gender balansının, eləcə də genofondun pozulmasına gətirib çıxara bilər.
Tədbirdə geniş müzakirələr aparılıb, mövcud problemlərlə bağlı bir sıra təkliflər irəli sürülüb, suallar cavablandırılıb.