“Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçıları Masallıda
13 noyabr 2016-cı il tarixdə “Ölkəmizi tanıyaq” layihəsinin altıncı mərhələsi çərçivəsində təşkil edilmiş tur-aksiyanın iştirakçıları - Qazax, Şəmkir, Gədəbəy məktəbliləri və onların müəllimləri Masallı şəhərində olublar.
Aksiya iştirakçılarını Masallı Rayon İcra Hakimiyyətinin məsul işçiləri, müəllimlər və ictimaiyyət nümayəndələri qarşılayıblar.
İlk öncə aksiya iştirakçıları Masallı şəhər Heydər Əliyev Parkında Ulu öndər Heydər Əliyevin abidəsi önünə tər gül dəstləri düzərək xatirəsini ehtiramla yad etmişlər.
Masallı şəhərindəki Heydər Əliyev Parkında məktəblilər qarşısında çıxış edən Masallı rayon İcra hakimiyyəti başçısının müavini Aybəniz Qafarova qonaqlara rayonun rəhbəri cənab Rafil Hüseynovun salamını çatdırıb, “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində təşkil olunmuş tur-aksiyaların əhəmiyyətindən danışıb, cənub bölgəsinə, Masallıya səyahət edən məktəblilərə xoş arzularını bildirib.
Məktəblilər Masallı rayonunun tarix və mədəniyyət abidələri, muzeyləri, turizm infrastrukturu və sosial-iqtisadi inkişafı ilə yaxından tanış olublar.
Sonra tur iştirakçıları Masallı şəhər Heydər Əliyev mərkəzində Ulu öndərin həyat və fəaliiyəti ilə tanış olmuş, "Asan həyat" kompleksində "İntellektual mərkəz"də keçirilən Masallı məktəblilərinin "Breyn Rinq" yarışmasını izləmiş, Kinoklub, Abad, Heydər Əliyev adına İncəsənət Məktəbi və Brend dükanla tanış olmuşlar. Qonaqlar “Asan həyat” Kompleksində çay süfrəsinə dəvət olunmuşlar.
Sonra Bayraq Meydanı və Azərbaycan Dövlət Rəmzləri Muzeyi ilə tanışlıq qonaqlarda xoş təəssürat yaradıb.
KİV nümayəndələrinə müsahibələrində Qazax rayonundakı Aslan Kəmərli adına Kəmərli kənd orta məktəbinin direktoru Minarə Rəhimova, Şəmkir Rayon İcra Hakimiyyətinin məsul işçisi Davud Süleymanov, şagirdlərdən Fidan Mahmudlu, Züleyxa Mərdanova, Lalə Kamilova, Ənvər Sarıyev, Nəriman Hüseynov, Şəmkirdəki İrimaşlı kənd tam orta məktəbinin direktoru Ceyhun Məmmədov və başqaları Masallı, masallılar haqqinda xoş sözlər dedilər.
Sonda Tur-aksiyanın iştirakçıları Lənkəran şəhərinə yola salınıblar.