Masallıda “Heydər Əliyev müasir gənclər siyasətinin banisidir” mövzusunda tədbir
18 noyabr 2016-cı il tarixdə YAP Masallı rayon təşkilatı aparatında “Heydər Əliyev müasir gənclər siyasətinin banisidir” mövzusunda tədbir keçirilmişdir.
Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının tədbirlər planına uyğun olaraq Yeni Azərbaycan Partiyasının yaranmasının 24-cü ildönümü münasibəti ilə "Yeni Azərbaycan Partiyası ölkəmizin ictimai siyasi həyatında aparıcı qüvvədir" devizi altında silsilə tədbirlər həyata keçirir.
Belə tədbirlərdən birini giriş sözü ilə YAP Masallı rayon təşkilatı Gənclər Birliyinin sədr müavini Cəlal Əliyev acmış, Yeni Azərbaycan Partiyasının qurucusu və memarı Ulu öndər Heydər Əliyevin əziz xatirəsi 1 dəqiqəlik sükut ilə yad edilmişdir.
YAP Masallı rayon təşkilatı Gənclər Birliyinin sədr müavini Cəlal Əliyev çıxış edərək bildirmişdir ki, Azərbaycanın son illərdə əldə etdiyi uğurlar, yüksək naliyyətlər Ulu Öndər Heydər Əliyevin yaratdığı və bu gün Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının Sədr olduğu Yeni Azərbaycan Partiyasının bilavasitə fəaliyyəti ilə bağlıdır.Hər birimizə yaxşı məlumdur ki, tarixi zərurətdən yaranan Yeni Azərbaycan Partiyası yarandığı ilk gündən müstəqilliyimizin qorunması, beynəlxalq müasibətlər sistemində layiqli yer tutması, dövlətçiliyimizin möhkəmləndirilməsi, iqtisadiyyatımızın inkişaf etdirilməsi, demokratiyanın bərqərar olması ilə baglı əsas rolu öz üzərinə götürmüşdür.Partiyanın yaranması həmin dövrün siyasi proseslərinin gərgin olduğu, ölkənin uçuruma yuvarlandığı bir zamana təsadüf edir. Məhz bu dövrdə xalq ölkənin məhv olmaması üçün çıxış yolu axtarır, cəmiyyət ümumxalq inamına malik olan və ilk növbədə milli birliyə, vətəndaş həmrəyliyinə əsaslanaraq ölkəni böhrandan xilas etməyə qadir olan yeni siyasi qüvvəyə ehtiyac duyurdu. Belə ümummilli lider yalnız dünya səviyyəli siyasətçi və dövlət xadimi, 1969-cu ildən 1982-ci ilə qədər Azərbaycana başçılıq edən, keçmiş SSR-nin rəhbərlərindən biri olan, o dövrdə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri vəzifəsində çalışan ümumxalq sevgisinə və hörmətinə malik olan Heydər Əliyev ola bilərdi.Ümummilli Liderin bir siyasətçi kimi təcrübəsi və hadisələrə uzaqgörən yanaşma tərzi, daim milli maraqlarımızdan çıxış etməsi qısa müddət ərzində müdrik siyasətçinin ətrafına on minlərlə insanı topladı və Yeni Azərbaycan Partiyası adlı yeni siyasi partiya yarandı. AXC və Müsavat cütlüyünün səriştəsiz idarəçiliyi nəticəsində Azərbaycanın iqtisadi-siyasi problemlər girdabına düşməsi daxili və xarici düşmənlərimizin fəallaşmasına gətirib çıxarmışdı ki, bu da xalqımızın haqlı olaraq etirazına səbəb olmuşdu. Məhz Heydər Əliyevin rəhbərliyi altında YAP-ın yaranması Azərbaycanı, xalqımızı düşdüyü çətin vəziyyətdən xilas etdi.
YAP Masallı rayon təşkilatı Gənclər Birliyinin üzvü Vafiq Xəlilov çıxış edərək bildirmişdir ki, bu günlərdə Azərbaycanda bayramlar bir-birinə qarışıb. Qısa zaman kəsiyində ölkədə 9 Noyabr Dövlət Bayrağı günü, 12 Noyabr Konstitusiya günü və 17 noyabr Milli Dirçəliş günü qeyd olunub. Ölkəmizin həyatında mühüm əhəmiyyət kəsb edən digər bir hadisə isə Yeni Azərbaycan Partiyasının yaradılmasının 24-cü ildönümüdür. Yeni Azərbaycan Partiyası yarandığı gündən çox böyük və şərəfli yol keçib. Partiya yarandıqdan sonra qısa müddət müxalifətdə olub, sonra isə iqtidar partiyasına çevrilib. Hakimiyyətdə olduğu illərdə YAP xalqımız üçün çox taleyüklü məsələləri həll edib və bu gün Yeni Azərbaycan Partiyasında Ulu Öndər Heydər Əliyev missiyası cənab prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir.Hələ 1995-ci ildə partiyanın namizədi kimi parlament seçkilərində qələbə qazanan cənab İlham Əliyev təşkilatın gəncləşməsində, fəaliyytinin daha effektiv qurulmasında müstəsna xidmətlər göstərmişdir. Bu baxımdan, təsadüfi deyil ki, YAP-ın I qurultayında təşkilatın çoxminli üzvlərinin istəyinə uyğun olaraq cənab İlham Əliyev partiya sədrinin müavini, II qurultayda isə sədrin I müavini seçilmişdir. 2003-cü, 2008-ci və 2013-cü ilin oktyabr aylarında Heydər Əliyev siyasi kursunun layiqli davamçısı kimi prezident seçkilərinə qatılan cənab İlham Əliyevin qələbəsi həm də YAP-ın zəfəri, nailiyyəti idi.
Yeni Azərbaycan Partiyasının hakimiyyətdə olduğu illər ərzində ölkə həyatında əhəmiyyətli dəyişikliklər müşahidə olunmuş və hər bir vətəndaşın yaşayış səviyyəsində ciddi irəliləyişlər baş vermişdir.
Gənc YAP fəalı Tural İsayev çıxış edərək qeyd etmişdir ki, bu gün qürur hissi ilə qeyd etməliyik ki, artıq Yeni Azərbaycan Partiyasının sıralarında yüz minlərlə vətəndaşımız birləşir. Bu təkcə statistika deyil: Bu həm də vətəndaşlarımızın Azərbaycanın bu günkü reallığına verdiyi qiymət və Möhtərəm Prezidentimiz, Partiyamızın Sədri cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətə olan münasibətlərinin ifadəsidir.
Gənc YAP fəalı Flora İbadova çıxış edərək partiyanın şərəfli mübarizə tarixindən, Ümummilli lider Heydər Əliyevin doğma xalqına misilsiz xidmətlərindən, partiya sıralarında qadınların səmərəli fəaliyyətinə xüsusi önəm verilməsini qeyd etmişdir.
Gənc YAP üzvlərindən Sarxan Əhmədov, Lalə Seyidzadə, Sübhan Şiriyev, Rövşən Muxtarov və başqaları çıxış edərək Yeni Azərbaycan Partiyasının həyata keçirdiyi gənclər siyasətindən bəhs etmişlər.
Sonra Yeni Azərbaycan Partiyasının sıralarına yeni daxil olmuş partiya üzvlərinə üzvlük vəsiqələri təqdim olunmuşdur.