Masallı Şəhidinin medalı ailəsinə təqdim olunub
18 noyabr 2016-cı il tarixdə Masallı rayonu Böyük Xocavar kəndində Azərbaycan Ordusunun giziri, şəhid Aqil Qismət oğlu Məlikovun ölümündən sonra təltif edildiyi “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ailə üzvlərinə təqdim edilib.
Mərasimdə Masallı rayon İcra hakimiyyəti aparatının kollektivi, Müdafiə nazirliyinin əməkdaşları, hüquq mühafizə orqanları rəhbərləri, YAP fəalları, ictimaiyyət nümayəndələri, kəndin ağsaqqalları, Qarabağ müharibəsi veteranları, hərbi qulluqçular, həmçinin kənd sakinləri iştirak ediblər.
Tədbirdə çıxış edən Masallı rayon İcra hakimiyyəti başçısının müavini Nəsir Muxtarlı, Müdafiə Nazirliyinin nümayəndəsi, polkovnik Abdulla Qurbani, QMİ-nin cənub üzrə qazisi Mirqiyas Ağa Təhməzov, Böyük Xocavar kənd tam orta məktəbinin direktoru Abusət Zeynalov, Banbaşı kənd bələdiyyəsinin sədri Böyükxan Rəhimov və başqaları Vətən torpağı uğrunda Şəhid olmuş Aqil Məlikovun daim xatirələrdə yaşayacağını, onun qısa, lakin mənalı ömür yolunun gələcək nəsillərə örnək olacağını bildiriblər. Çıxışçılar Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarının hər an müharibə tapşırığına hazır olduqlarını, lazım gələrsə Vətən yolunda canlarından keçməsinə belə hazır olduğlarını bildirmişlər.
Sonra Şəhid gizir Aqil Qismət oğlu Məlikovun ölümündən sonra təltif edildiyi “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı atası Qismət Məlikova təqdim olunub.
Q. Məlikov: Vətən sağ olsun! Vətənini hər bir insan sevməlidir. Aqil də Anası qədər Vətənini sevirdi.
Qeyd edək ki, Masallı rayonunun Böyük Xocavar kənd sakini, Silahlı Qüvvələrimizin hərbi qulluqçusu Məlikov Aqil Qismət oğlu 15 noyabr 2016-cı il tarixdə cəbhənin Fuzuli rayonu istiqamətində xidməti vəzifələrini yerinə yetirərkən düşmən tərəfindən açılan atəş nəticəsində şəhid olmuşdur.
Şəhid Aqil Qismət oğlu Məlikov 12 avqust 1990-cı ildə Masallı rayonunun Böyük Xocavar kəndində anadan olmuş, 2008-ci ildə Masallı rayon Hərbi komissarlığından həqiqi hərbi xidmətə çağırılmışdır. Aqil Məlikov 2010-cu ildə həqiqi hərbi xidmətini başa vurduqdan sonra müddətdən artıq xidmət etmək üçün könüllü olaraq 2011-ci il martın 12-dən Füzuli rayonu "N" saylı hərbi hissədə xidmətini gizir kimi davam etmişdir.