Masallının Məmmədoba kəndinə təbii qaz verilib
23 noyabr 2016-cı il tarixdə Masallı rayonunun Məmmədoba kəndinə ilk dəfə təbii qaz verilib.
Bu münasibətlə keçirilən tədbirdə SOCAR-ın və “Azəriqaz” İB-nin təmsilçiləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Məlumat verilib ki, kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında müxtəlif diametrli polietilen, metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Qeyd olunub ki, hazırda Masallı rayonunun daha bir neçə kəndləri qazlaşdırılması məqsədilə tikinti quraşdırma işləri aparılır. Tikintisi başa çatacaq yaşayış məntəqələrinə ardıcıllıqla təbii qazın verilişi təmin ediləcək.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov, bu əlamətdar hadisə münasibətilə kənd sakinlərini təbrik edib, son illər ölkənin hər yerində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülmüş məqsədyönlü tədbirlərdən danışıb. Qeyd edib ki, təbii qaz almayan yaşayış məntəqələrinin sürətli templərlə “mavi yanacaq”la təmin olunması xalqımızın rifah halının daha da yaxşılaşmasına xidmət edir. Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov Azərbaycan Respublıkasının Prezidenti İlham ƏLİYEV cənablarının tapşırığına əsasən rayonun qazlaşdırılması sahəsində həyata keçirilən işlərin bundan sonra da davam etdiriləcəyini vurğulayıb.
Kənd sakinləri və ictimaiyyət nümayəndələri yaşayış məntəqəsinə təbii qazın verilməsinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.