Şriftin ölçüsü :

Saytın rəngi :

Çernobil qəzasının 27-ci ildönümü qeyd edildi

27 aprel 2013 | 15:00

26 aprel 2013-cü il tarixdə Masallı “Olimpiya” İstirahət mərkəzində Çernobil qəzasının 27-ci ildönümünə həsr edilmiş anım mərasimi keçirilmişdir. Mərasim iştirakçıları Ulu öndər Heydər Əliyevin, Vətən uğrunda və Çernobil qəzasında həlak olanların xatirəsini  bir dəqiqəlik sükutla yad etmişdirlər. Yeni Azərbaycan Partiyası Masallı rayon Təşkilatının sədri Seyfəddin Əliyev çıxış edərək ilk öncə rayon İcra hakimiyyəti başçısı Rafil Hüseynovun salamını çatdırmış və onlara uzun ömür can sağlığı arzuladığını qeyd etmişdir. Sonra natiq 1986-cı il aprel ayının 26-da Çernobildə baş vermiş qəzanın bəşəriyyət üçün faciəyə çevrildiyini, qəzanın aradan qaldırılması zamanı 7 minə qədər Azərbaycanlının bu işə cəlb edildiyini, ölkəmizin və o cümlədən Masallıdan olan 110 vətəndaşın qəzanın aradan qaldırılmasında könüllü iştirak etməsini vətəndaşlarımızın humanist addımı kimi dəyərləndirərək mərasim iştirakçılarının nəzərinə çatdırmışdır.

S. Əliyev  qeyd etmişdir ki, uzun illər burada iştirak edənlərin səhhətindəki problemlər gizli qalmışdır. Lakin Çernobil əlillərinə ilk olaraq qayğının 1993-cü ildə Ulu öndər Heydər Əliyev tərəfindən göstərildiyini, onlara sosial status - əlillik statusu verildiyini bildirmiş və Çernobil əlillərinə bu günkü qayğıdan geniş danışmışdır. Bildirmişdir ki, onlara mənzillər, maşınlar, prezident təqaüdləri təyin edilmişdir. Rayonumuzda da 7 nəfər Çernobil əlilinə mənzil verilmiş, 1 əlilə isə Novruz bayramı ərəfəsində avtomobil verilmişdir. Çernobil əlilləri İttifaqı İctimai Birliyinin Masallı rayon şöbəsinin sədri  Nazim Paşayev, Çernobil qəzasında iştirak edənlərdən Salman Qasımov və başqaları çıxış edərək həmin günləri xatırlamış, onlara yaradılmış şəraitə görə ölkə prezidenti cənab İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildirmişlər və oktyabr ayında keçiriləcək prezident seçkilərində möhtərəm prezident İlham Əliyevi dəstəkləyəcəklərini söz vermişlər. Sonda Çernobil qəzası zamanı həlak olanların ruhuna dualar oxunmuş və mərasimdə iştirak edən Çernobil əlillərinə  maddi köməklik göstərilmişdir.

Keçidlər