CAVANŞİR ƏSƏDOV– 80
14 dekabr 2014-cü ildə Masallı şəhər Heydər Əliyev Mərkəzində bölgənin tanınmış ictimai xadimi, Masallı Rayon Ağsaqqallar Şurasının sabiq sədri Cavanşir Nəbi oğlu Əsədovun 80 illiyinə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbir mərhum Cavanşir Əsədovun əmək və fəaliyyətinə həsr olunmuş qısametrajlı filmlə başlanmışdır.
Qeyd olunmuşdur ki, Cavanşir Əsədov 5 oktyabr 1936-cı ildə Masallı rayon Boradigah kəndində anadan olmuşdur. 1953-cü ildə Boradigah kənd orta məktəbini bitirən C. Əsədov 1953-1955-ci illərdə oxuduğu məktəbdə pioner baş dəstə rəhbəri işləmişdir. 1960-cı ildə ADPU-nun tarix-filologiya fakültəsini bitirmişdir. 1960-1965-ci illərdə Boradigah orta məktəbində müəllim, 1965-1969-cu illərdə Telman adına sovxozda ilk partiya təşkilatı katibi, 1969-1971-ci illərdə həmin sovxozda direktor işləyib. 1971-ci ildə “Şərəf nişanı” ordeni ilə təltif olunmuşdur. 1971-1976-cı illərdə Masallı rayon XDS İcraiyyə Komitəsinin sədri seçilib. 1974-1977-ci illərdə Bakı Ali Partiya məktəbində oxuyub. 1976-1978-ci illərdə tütün-fermentləşdirmə zavodunun, 1978-1990-cı illərdə Masallı və Boradigah çay fabriklərinin direktoru vəzifəsində çalışıb. 1990-1992-ci illərdə rayon Çayçılıq Birliyinin rəisi, 1992-1993-cü illərdə Masallı Rayon XDS-nin sədri olub. 1993-1999-cu illərdə Boradigah 2 nömrəli çay fabrikin direktoru, 1999-cu ildə “Boradigah çay-2” Açıq tipli Səhmdar Cəmiyyətin sədri vəzifəsində çalışıb. 1990-1995-ci illərdə Azərbaycan Ali Sovetinin deputatı seçilmişdir. 2003-cü ildə Həcc ziyarətində olmuşdur. 2011-ci ildə “Tərəqqi” medalına layiq görülmüşdür. Çalışdığı müddətdə onlarca Fəxri fərman və mükafatlar almışdır. Respublika Ağsaqqallar Şurasının üzvü Cavanşir Əsədov 2001-ci ildən ömrünün sonunadək Masallı rayon Ağsaqqallar Şurasının sədri olmuşdur.
Cavanşir Əsədov işlədiyi müddətdə dövlətçiliyimizə sədaqətlə xidmət etmiş, yaxşı təşkilatçı kimi tanınmış, rayonun ictimai həyatında fəallıq göstərmiş, insanların hörmətini qazanmış, ayrı-ayrı sahələrin inkişafı naminə zəhmətini əsirgəməmişdir.
Cavanşir Əsədov mehriban ailə başçısı, etibarlı dost, yaxşı yoldaş, gözəl insan idi.
Tədbirdə çıxış edən Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov ictimaiyyətçi mərhum haqqında xoş sözlərini söyləmişdir. RİH-nin başçısı çıxış edərək vurğulamışdır ki, bu gün rayonumuzun ictimai-siyasi həyatında əlamətdar bir hadisə baş verir. Rayon İcra hakimiyyətinin təşəbbüsü ilə Masallıda doğulub boya-başa çatan gözəl insan Cavanşir Əsədovun 80 illiyini sizlərlə qeyd edirik. Əslində bu tədbirin onun sağlığında keçirilməsini planlaşdırmışdıq. Amma qismət olmadı. Nüfuzlu ziyalı, təcrübəli təşkilatçı, Yeni Azərbaycan Partiyasının üzvü, bölgənin tanınmış ictimai xadimi, Masallı Rayon Ağsaqqallar Şurasının sabiq sədri Cavanşir Nəbi oğlu Əsədov 16 sentyabr 2016-cı ildə dünyasını dəyişdi. Həyatda özündən sonra xoş izlər qoyub getdi. Həyatı, onu tanıyanlar, masalılılı gənclər üçün əsl örnəkdir. O, ləyaqətli, təkrarsız bir ömür yaşayıb, eli, yurdu üçün şalışıb. Cavanşir müəllimin Masallının inkişafı və iqtisadiyyatının yüksəldilməsi üçün xidmətləri olan fədakar insanlardandır.
İnqilab Nağıyev adına Boradigah qəsəbə 2 nömrəli tam orta məktəbinin şagirdləri Mirşad Ağazadə və Məhəmməd Əsgərzadə şair Həmid Abbasın dostu C.Əsədova həsr etdiyi şeirini söylədilər.
Sonra tədbir iştirakçılarından AJB və AYB-nin üzvü, yazıçı-publisist, III dərəcəli “Vətənə xidmətə görə” ordenli Dövlət qulluğu veteranı Ələşrəf Niftiyev, Əməkdar müəllim Musarza Mirzəyev, Boradigah qəsəbə sahə xəstəxanasının baş həkimi Aygün Quliyeva, Milli Məclisin deputatı Elmira Axundova, Azərbaycan Yazıçılar Birliyinin üzvü Nurməmməd Ağa, Dövlət və ictimai-siyasi xadim Çingiz Fərəcov, övladları Hamlet və Fərzulla və başqaları çıxış edərək C. Əsədovun həyat və fəaliyyətindən, xeyirxah əməllərindən ətraflı bəhs etmiş, xatirələrini söyləmişlər.
Tədbirdən sonra Masallı Rayon Ağsaqqallar Şurasının növbəti konfransı keçirilmişdir. Konfransda təşkilati məsələyə baxılmışdır.
Ələşrəf Nuru oğlu Niftiyev Masallı Rayon Ağsaqqallar Şurasının sədri seçilmişdir.