Masallıda sahibkarlarla görüş keçirildi
23 dekabr 2016-cı il tarixdə Masallı şəhər Heydər Əliyev Mərkəzində rayon rəhbərinin sahibkarlarla görüşü keçirilmişdir.
Tədbirdə həmçinin rayon icra hakimiyyətinin, idarə, müəssisə və təşkilatların rəhbər və məsul nümayəndələri, ərazi nümayəndələri, bələdiyyə sədrləri iştirak etmişlər.
Görüşü giriş sözü ilə açan Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov tədbirin yerli sahibkarların fəaliyyəti ilə daha yaxından tanış olmaq, qarşılaşdıqları problemlərin həlli yollarını birgə müzakirə etmək, eləcə də növbəti il üçün qarşıda duran vəzifələri müəyyənləşdirmək məqsədi daşıdığını bildirilmişdir. Rayon rəhbəri ölkədə sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyindən, həmçinin son vaxtlar dünya ölkələrinin əksəriyyətində baş verən iqtisadi böhranın Azərbaycana da təsirsiz ötüşməməsindən, bununla bağlı yaranan iqtisadi çətinliklərdən danışıb. Sözçü bildirib ki, bütün bunlara rəğmən Dövlət başçısı tərəfindən atılan mühüm addımlar ölkə iqtisadiyyatının möhkəmləndirilməsinə xidmət edir. Son illər həyata keçirilən quruculuq-abadlıq və əsaslı yenidənqurma tədbirləri nəticəsində Masallının siması müasirləşib. Yeni istehsal müəssisələrinin yaradılması istiqamətində tədbirlər davam etdirilir.
Diqqətə çatdırılmışdır ki, Prezident İlham Əliyevin qarşıya qoyduğu əsas hədəflərdən biri əhalinin ərzaq təhlükəsizliyini tam şəkildə daxili imkanlar hesabına təmin etməkdir.
Masallı rayon üzrə Maliyyə İdarəsinin rəisi Azər Abdullayev məruzəsi dinlənilib. Natiq bildirib ki, 2017-ci il üçün büdcə layihəsi 13.553.461 manat həddində hazırlanaraq Maliyyə Nazirliyinə təqdim olunmuşdur. Növbəti ildə rayonun yerli xərcləri üzrə məbləğ 7.935.000 manat nəzərdə tutulmaqla bu vəsait tam olaraq yerli gəlirlərin hesabına formalaşacaq.
Həmçinin Lənkəran Regional Qaz İstismar İdarəsinin Masallı xidmət sahəsi üzrə rəisi Gülyar Hüseynov, Masallı Rayon Elektrik Şəbəkəsinin nümayəndəsi Miramin Mürsəlov çıxış edərək qaz və elektrik enerjisi sərfiyyatı limitinin artırılması ilə bağlı ölkə rəhbəri tərəfindən imzalanan sərəncamın əhəmiyyətindən danışıblar.
RİH başçısı R.Hüseynov Sənaye məhəlləsinin və fəaliyyəti dayanmış istehsal müəssisələrinin işə salınması, kənd təsərrüfatı məsələləri, eləcə də yeni fermer təsərrüfatlarının yaradılması, torpaqların elektron uçotu ilə bağlı ərazilərdə müvafiq tədbirlərin görülməsi, yazlıq əkinə hazırlıq və s. ilə bağlı fikirlərini səsləndirib.
Görüşdə səsləndirilən fikir və təkliflərin araşdırılaraq icra edilməsi, eləcə də bəzi məsələlərin müsbət həlli üçün müvafiq qurumların rəhbərlərinə tapşırıqlar verilib.