Şriftin ölçüsü :

Saytın rəngi :

Banbaşı hesabat

06 yanvar 2017 | 16:00

06 yanvar 2017-ci il tarixdə Banbaşı ərazisində Masallı rayon İcra hakimiyyəti başçısının Banbaşı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Hörmət Balakişiyevin hesabat yığıncağı keçirilmişdir.
Hesabat yığıncağında məruzə ilə çıxış edən H. Balakişiyev qyed etmişdir ki, Banbaşı ərazisi 3  kəndi  - Banbaşı , Böyük  Xocavar  və Binə Xocavar  kəndlərini əhatə  edir. Ərazidə   6487   nəfər  əhali  yaşayır,  1826 təsərrüfat olmaqla   1280    yaşayış evi vardır. Ərazinin ümumi sahəsi   837  hektardır.
         Banbaşı ərazi nümayəndəliyi öz  işini Azərbaycan  Respublikası Prezidentinin 06 iyun 2012-ci il tarixli  648 nömrəli fərmanı ilə təsdiq edilmiş “Yerli İcra hakimiyyətləri haqqında” Əsasnaməyə əsasən  qurmuşdur.
         Əsasnaməyə əsasən illik və  rüblük iş planları təsdiq edilmiş , nümayəndəliyin fəaliyyəti bu iş planları əsasında  həyata keçirilmişdir.
         Təsdiq edilmiş iş planlarına uyğun olaraq nümayəndəlikdə səlahiyyətləri  çərçivəsində   60 sərəncam verilmiş  və icrasına  nəzarət edilmişdir. Sərəncamlar ərazi nümayəndəliyinin işinin təşkili,ərazinin sosial-iqtisadi inkişafı , “ Yerli İcra Hakimiyyyətləri haqqında” Əsasnamədən irəli gələn vəzifələr, kargüzarlıq işlərinin aparılması, “Ailə Məcəlləsi” nə əməl edilməsi , qanunsuz  tikintilərin və torpaqların  zəbt  olunmasının , azyaşlı qızların erkən  ailə  həyatı qurmasının  qarşısının  alınması , vətəndaşların  müraciətlərinə baxılması işi ,gənclərin  həqiqi hərbi  xidmətə çağırışı   və s. haqqında olmuşdur. Xüsusilə əhalini narahat edən məsələlərlə  bağlı  verilmiş  sərəncamların  icrası diqqət  mərkəzində  olmuşdur.
Tarixi gün və bayramların keçirilməsi üçün tədbirlər  planı hazırlanmış və icrası təmin edilmişdir. Ulu öndərimiz H.Əliyevin 93 illiyi ərazimizin bütün yaşayış məntəqələrində təntənəli şəkildə qeyd edilmiş, ərazidən olan nümayəndələrin H.Əliyevin abidəsinin ziyarəti təşkil edilmişdir.
Ərazi dairəsində “20 yanvar” hüzn günü, “Xocalı faciəsi”, “31 mart azərbaycanlıların soyqırımı günü” qeyd edilmiş, faciə qurbanlarının əziz xatirəsi ehtiramla yad edilmiş, şəhid məzarları ziyarət edilmişdir.
Bu il də 20 yanvar “Ümumxalq hüzn günü”nün 27 illiyi qeyd olunacaqdır. Rayonumuzda və ərazimizdə tədbirlər Azərbaycan Respublikası Prezidenti Administrasiyasının təsdiq etdiyi “ Tədbirlər planı” əsasında keçiriləcək , xalq şəhidlərinə öz ehtiramını hər il olduğu kimi layiqincə göstərəcəkdir.
Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 24-ci ildönümü , digər dövlət bayramları və əlamətdar günlər ərazimizdə təntənəli qeyd edilmiş, ərazidən olan nümayəndələrin rayon tədbirlərində iştirakı təmin edilmişdir.
   Ərazi nümayəndəliyi  üzrə   10  əmr  verilmişdir. Əmrlər nümayəndəlik işçilərinin  məzuniyyətə buraxılması , mükafatlandırılması ,ərazi  nümayəndəliyinin  maliyyə fəaliyyətinin  aparılmasına aid olmuşdur.Əmrlər mövcud  təlimata uyğun hazırlanmışdır.
         Ərazi nümayəndəliyi təsdiq edilmiş iş planına uyğun  olaraq təsərrüfatbaşına kitablarda dəqiqləşmələr aparmış ,2016-ci ilin  yanvar ayına məlumatlar dəqiqləşdirilmişdir. 2016-ci  ildə mütəmadi  olaraq  seçki siyahıları dəqiqləşdirilmiş və bütün  dəyişikliklər  haqqında dairə seçki  komissiyasına müntəzəm məlumat verilmişdir. Təsərrüfatbaşına kitabların  yazılması  və məlumatların  dəqiqləşdirilməsi işi Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 03 may 2005-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş təlimata uyğun aparılmışdır.
         Ərazi nümayəndəliyinə  müxtəlif  idarə və təşkilatlardan 19   məktub daxil olmuş və  ərazi nümayəndəliyi tərəfindən  59 məktub  göndərilmişdir.” Dövlət hakimiyyəti orqanlarında , idarə, təşkilat və müəsisələrində kargüzarlığın aparılması qaydaları haqqında “ təlimata uyğun olaraq  daxil  olan  məktublar sıra  üzrə qeydə alınmış,dərkənar qoyulmuş ,araşdırılmış  və müddət pozuntusu olmadan aidiyyatı  təşkilatlara cavab  verilmişdir. Məktublardan 2-si rəhbərlik  üçün qəbul edilmiş , 17 –nə  cavab verilmişdir.
         Vətəndaşların vəziyyəti aktları qanunvericiliklə müəyyən edilmiş qaydada aparılmış, “Ailə Məcəlləsi”nin tələblərinə əməl edilmişdir. 2016-ci ildə  ərazi nümayəndəliyində 57  doğum,   31 ölüm,   15  nigah qeydə alınmışdır.  Lakin bir məsələ narahatlıq doğurur ki, bəzi vətəndaşlar doğum haqqında şəhadətnamə və ölüm haqqında şəhadətnamə almaq üçün ərazi nümayəndəliyinə gec müraciət edirlər ki, bu da müddət pozuntuluğuna gətirib çıxarır.
        “ Yerli İcra hakimiyyətləri haqqında” Əsasnamənin  tələblərinə uyğun  olaraq  nümayəndəliyin  başlıca  vəzifəsi vətəndaşların qəbulunun təşkili ,onların  ərizə ,şikayət və  təkliflərinə baxılması işi  olmuşdur. Hər rübün axırında vətəndaşların müracətlərinə baxılması vəziyyəti təhlil edilmiş və bu barədə sərəncamlar verilmişdir.
            Müraciətlərə  “ Vətəndaş  müraciətləri  haqqında” Azərbaycan Respublikası Qanununa uyğun baxılmış, onlara həssaslıqla yanaşılmış, haqlı tələbləri təmin edilmişdir.
                  2016-ci ildə ərazi nümayəndəliyinə 35  müraciət daxil olmuş, 51  vətəndaş qəbul edilmişdir. Daxil olan müraciətlərin 29-u ərizə, 4-ü şikayyət və 2-i isə təklif olmuşdur. 29 vətəndaş ərizə ilə müraciət edərək ata-analarının təsərrüfatından ayrılmaq istədiklərini bildirmişlər. Şikayət xarakterli ərizələrdən biri  rayon Elektrik Şəbəkəsinə dəfələrlə müraciət edilməsinə baxmayaraq Banbaşı həkim məntəqəsinə elektrik xəttinin bərpa edilməməsi,ikincisi  vətəndaşın öz evinə qohumları tərəfindən buraxılmaması, üçüncüsü məhəlli yolun zəbt edilməsi və bu yoldan qonşuların hərəkət etmələrinə maneçilik edilməsi, dördüncüsü vətəndaşın mərhum atasından qalmış əmlakı öz adına sənədləşdirə bilməməsi barədə olmuşdur.
               Müraciətlərə uyğun olaraq Banbaşı həkim məntəqəsinin elektrik xətləri bərpa edilmiş,evinə buraxılmayan vətəndaş  rayon Polis şöbəsinin köməyi ilə evinə yerləşdirilmiş, zəbt olunmuş yol açılmış və qumlanmışdır. Mərhum atasının əmlakına dövlət Çıxarışı almaq istəyən vətəndaşın ilkin sənədləri hazırlanmış və Dövlət Reyestr Xidmətinə müraciət etməsi tövsiyyə edilmişdir.
               Ərazi nümayəndəliyində 36 vətəndaş ərazi nümayəndəsi,15 vətəndaş isə nümayəndəliyin səlahiyyətli işçiləri tərəfindən  qəbul edilmişdir. Müraciətlərdən altısı maddi yardımların göstərilməsi,üçü ailə münaqişəsi, üçü qonşu mübahisələri, dördü kanal və arxların təmizlənməsi,ikisi Ünvanlı-sosial dövlət yardımı alınması üçün köməklik göstərilməsi, altısı güclü yağışlar zamanı həyət və evləri su basması, ikisi  kənd daxili yolların təmiri, biri qanunsuz qazıntılar, üçü əkin və biçin zamanı traktor və konbayınların gətirilməsinə köməklik göstərilməsi, ikisi elektrik transfarmatorlarının təmiri, üçü qırılmış elektrik xətlərinin bərpa edilməsi , üçü qazın təziqinin aşağa olması, ikisi işlə təminat, biri həyətyanı torpaq sahəsinin alınması, biri bərk məişət tulantılarının ərazidən uzaqlaşdırılması, biri pay torpağından keçən su xəttinə görə konpensasiyanın verilməməsi barədə olmuşdur.
                     Ərazi nümayəndəliyi vətndaşların qaldırdığı bütün  məsələləri bələdiyyənin köməyi və daxili imkanlar hesabına həll etmişdir.  Xüsusilə aramsız yağışların yağdığı ərəfədə həyətləri və evləri su basdığı vaxt ərazi nümayəndəliyi və bələdiyyə çevik hərəkət etmiş, ərazidə olan bütün su basmaların qarşısı alınmışdır.
                       Ərazi nümayəndəliyi tərəfindən enerji haqlarını ödəyə bilməyən 5   imkansız və tənha ailənin  enerji haqları ödənilmiş, 2 tənha ailə öhdəliyə götürülmüşdür.  Bu xeyrxah işi davam etdirməyə  imkanlı adamları, dini icmanı , məhəllə komitələrini dəvət edrik.       
               Ərazi nümaəyndəliyinin səlahiyyətlərindən kənar məsələlər isə aidiyatı təşkilatlar qarşısında qaldırılmışdır.
Müraciətlərə  “ Vətəndaş müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununa  uyğun baxılmış, onlara həssaslıqla yanaşılmış, haqlı tələbləri təmin edilmişdir. Müraciət edən hər bir vətəndaşa yazılı cavab göndərilmişdir.
13 iyul 2016-cı  il tarixdə  Masallı RİH-nin  başçısı  cənab R. Hüseynov Banbaşı kəndində səyyar  görüş-qəbul keçirmişdir. Görüşdə  beş  vətəndaş İcra  hakimiyyətinin  başçısına müraciət  etmişdir.
Görüşdə müraciətlərin üçünə  qanunamüvafiq cavab verilmişdir.
          Böyük Xocavar kənd sakini Talıbov Akif Abasqulu oğlunun şəxsiyyət vəsiqəsi ala bilməməməsi ilə əlaqədar müraciəti  nəzarətə götürülmüş, müvafiq tapşırıqlar verilmişdir. Hazırda vətəndaş şəxsiyyət vəsiqəsi ilə təmin edilmişdir. Banbaşı kənd sakini Əzimov Əzim Heydər oğlunun Banbaşı kəndində artezian quyusu qazılması ilə əlaqədar müraciəti təmin edilmiş və hazırda  artezian quyusu qazılmışdır.
           2016-cı ildə Masall RİHB-nın başçısı cənab Rafil Hüseynovun rayon İcra hakimiyyətində keçirdiyi qəbulda  Banbaşı ərazisindən 11 vətəndaş olmuşdur.
          Qəbulda olmuş Əzimov Samir Əzim oğlunun həyətyanı torpaq almaqla bağlı müraciəti təmin edilmiş, Əbilhəsənova  Xanımnənə Məmməd qızına,  Adışov Əlikiram Əlican oğluna və Nəsirova Şərqiyyə Abı qızına  maddi yardım edilmiş, Böyük Xocavar kənd sakini Balakişiyeva Mərcan Gülhüseyn qızına əlillik dərəcəsi almaq üçün köməklik göstərilmişdir.Böyük Xocavar kənd sakini Bayramova Zeynab Abdulla qızının müraciəti əsasında onun ailəsinə odun verilmişdir.  İşlə təmin olunmaq üçün müraciət edən vətəndaşların, işlə təmin edilməsindən ötrü rayon Məşğulluq idarəsinə tapşırıq verilmişdir.  Banbaşı kənd sakini Əzizov Bahaddin Calal oğlu rayon İcra hakimiyyəti başçısının qəbulunda iki dəfə olmuş, pensiya kartının oğurlanması və evinin yanından keçən arxın üzərindəqonşuları tərəfindən qanunsuz tikintilərin aparılması və bu səbəbdən əkin əkə bilməməsi barədə müraciət etmişdir.
           Hesabat ilində ərazi sakinlərindən yuxarı təşkilatlara da müraciətlər daxil olmuşdur.  Yuxarı  təşkilatlara edilən  müraciətlərin bir neçəsi təkrar xarakterli olmuşdur. Belə ki, Azərbaycan Respublikası Prezidenti administrasiyasına və Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevaya Banbaşı kənd sakini Əbilhəsənova Xanımnənə Məmməd qızı tərəfindən iki, Əzimov Samir Əzim oğlu tərəfindən iki ,Böyük Xocavar kənd sakinləri Hüseynova Leyla Söhbət qızı tərəfindən iki , Cəfərova Xuraman Ələsgər qızı tərəfindən üç müraciət edilmişdir. Yuxarı təşkilatlara göndərilən müraciətlər xəstə uşaqların müalicə edilməsi və maddi yardım göstərilməsi ilə bağlı olmuşdur. Binə Xocavar kənd sakini Dadaşov Ülvi Əsədulla oğlu Bakı şəhərində mənzillə təmin olunmaqla bağlı ölkə başçısına müraciət etmişdir.
         İstər Respublika təşkilatlarına , istərsə də rayon  İcra hakimiyyətinə edilən  müraciətlərin böyük əksəriyyəti  bu və ya digər  formada yardım  göstərilməsi ilə bağlı  olmuşdur.
         Vətəndaşların müraciətlərinə  baxılması vəziyyətinin daha da yaxşılaşdırılması  üçün daha çox  iş  görülməli ,vətəndaşlar arasında maarifləndirmə işləri aparılmalı ,bütün müraciətlərə həssaslıqla yanaşılmalıdır. Ona nail olunmalıdır ki, vətəndaşları narahat edən haqlı məsələlər yerindəcə həll olunsun.
Azyaşlı qızların erkən ailə həyatı qurmasına qarşı mübarizə ərazi nümayəndəliyinin əsas vəzifələrindən biri olmuşdur. Azyaşlı qızların erkən ailə həyatı qurması faktı cəmiyyətin bəlası olmaqla bərabər yeni qurulmuş ailəni dağıdan, gənclərimizin həyatını məhv edən əsas səbəblərdən biridir. Ərazi nümayəndəliyi bu işdə “ Ailə Məcəlləsi” ni, “Təhsil haqqında” qanunu, Masallı RİH-nın başçısı cənab R.Hüseynovun imzası ilə təsdiq edilmiş tədbirlər planını rəhbər tutaraq əhali arasında maarifləndirmə işləri aparmışdır. Hesabat ilində azyaşlı qızların erkən ailə həyatı quması ilə bağlı  2  faktla əlaqədar rayon İcra hakimiyyətinə və rayon polis şöbəsinə müraciət edilmiş, faktın qarşısı alınmışdır. Bu işdə ziyalılar ,ağsaqqallar ,din  xadimləri fəal  iştirak  etməli azyaşlı qızlara dini kəbinlər  kəsilməməli , hamı qanun qarşısında məsuliyyət  daşıdığını dərk  etməlidir.
Ərazidə 3 ümumtəhsil məktəbi fəaliyyət göstərir. Məktəblərdə     1219 şagird təhsil alır ki, onların təlim-tərbiyəsi ilə  121    müəllim məşğul olur.    22   məzunumuz ali məktəblərə qəbul olunmuşdur. Banbaşı kənd tam orta məktəbinin bu sahədə qazandığı uğuru xüsusi qeyd edir,   məktəbin rəhbərliyinə və pedaqoji kollektivinə təşəkürümü bildirirəm . “Təhsil haqqında” qanunun yerinə yetirilməsi, şagirdlərin dərslərə müntəzəm davam etmələri, məktəblərin maddi-texniki bazasının artırılması,cari təmir işlərinin aparılması, yanacaqla təmin edilməsi ərazi nümayəndəliyinin və bələdiyyənin daimi nəzarətində olmuş, onlara hər cür köməklik göstərilmişdir.
Şagirdlərin,xüsusən  yuxarı  sinifdə oxuyan  qızların dərsə davamiyyətində problemlər vardır. Bəzi  valideyinlər qız  uşaqlarının məktəbə  gəlməsinə mane  olur ,onları  dərsdən  yayındırırlar. Məktəb  direktorlarının  təqdimatı əsasında valideyinlərlə  görüşür, söhbətlər aparırıq. Lazım  gəldikdə inzibati  tədbirlər həyata keçirilir. Məktəblərdə valideyn  komitəsinin işi düzgün qurulmalıdır. Vəzifəsindən  asılı olmayaraq bu  ciddi işdə hər bir  kəs böyük  məsuliyyət  daşıdığını dərk etməlidir.Ziyalılar , ağsaqqallar məktəb  həyatına daha çox  cəlb  olunmalı , belə mənfi halların  qarşısını almaq üçün hamı çalışmalıdır.
           Ərazidə əhaliyə göstərilən tibbi xidmətin səviyyəsinin yaxşılaşdırılması üçün tədbirlər  görülür . Bir həkim ambulatoriyası, 2 feldşer-mama məntəqəsi fəaliyyət göstərir ki, bunlarda 2 həkim, 7 orta təhsilli tibb işçiləri çalışır. Uşaqlar arasında ölüm hadisəsi demək olar ki, yoxdur, yolxucu infeksion xəstəliklərə təsadüf edilməmişdir. Uşaqlar üçün təyin edilmiş peyvəndlər vaxtında aparılır. 2016-ci ildə ərazi üzrə 117 uşağa peyvənd  edilmişdir.
  Ərazidə fəaliyyət  göstərən həkim  ambulatoriyasının binası yoxdur və bu tibbi xidmətin səviyyəsinə təsir göstərir. Həkim ambulatoriyası  üçün müasir  tipli  binanın  tikintisi ərazimizdə günün ən  vacib  məsələlərindən  biridir.
Ərazidə fəaliyyət  göstərən kitabxana üçün ərazi  nümayəndəliyində yeni  otaqlar ayrılmış , təmir  işləri  aparılmış , yeni  kitablar  və  avadanlıqlar alınmış , oxucular üçün rahat şərait yaradılmışdır. İndi Banbaşı kitabxanası rayonun ən nümunəvi  kitabxanalarından biridir.
           2016-ci ildə vətəndaşların həqiqi hərbi xidmətə çağırışı tamamilə yerinə yetirilmiş, ordu sıralarına   20   nəfər çağırışçı göndərilmiş, əvvəlki illərdə ordudan yayınanların çağırışa cəlb edilməsi üçün tədbirlər həyata keçirilmişdir. Ərazidə gənclərin hərbi vətənpərvərlik tərbiyəsinin artırılması ilə bağlı tədbirlər həyata keçirilir, Səfərbərlik və Çağırış üzrə Dövlət xidməti Masallı rayon şöbəsinə hər cür köməklik göstərilir. 2000-ci il təvəllüdlü gənclərin ilkin  komissiyadan  keçməsi təmin  edilmiş , 2001-ci il təvəllüdlü gənclərin siyahısı ilkin komissiyadan keçmək üçün vaxtında təqdim edilmişdir.
           Hesabat ilində gənclərin  asudə  vaxtlarının səmərəli  keçirilməsi  üçün tədbirlər təşkil  edilmişdir. Ərazidaxili idman yarışları keçirilmiş şəhidlərin ,ulu öndər  Heydər Əliyevin  xatirəsinə ,YAP-ın 24 illiyinə həsr  edilmiş turnirlərdə idmançılarımızın iştirakı  təmin  edilmişdir.Qeyd edək  ki, Binə Xocavar kənd  futbol komandası rayon  turnirlərində  fəal iştirak edir.
          Ərazidə 1550 elektrik abonenti və təbii qazdan istifadə edən 1140 abonent vardır,  24 saat dayanıqlı enerji verilməsi təmin edilmişdir. Lakin hələ  də yararsız  dirəklərin  olması  və elektirik təsərrüfatının  köhnəlməsi səbəbindən əlverişsiz  hava şəraitində elektirik enerjisinin verilməsində fasilələr  yaranır. Elektirik şəbəkəsinin təmir briqadasının köməyi ilə elektirik  xətlərinə  toxunan ağacların budanması işlərinin aparılması təşkil edilmiş,   15  ədəd  yararsız elektirik  dirəyi dəyişdirilmiş ,2 ədəd yanmış transformator  təmir edilmişdir.
        Təbii qazın verilməsində bir sıra işlər görülmüşdür, lakin son vaxtlar qazın təziqinin aşağa olması narahatlıq yaradır.   Banbaşı və Böyük Xocavar kəndlərində qaz təsərrüfatının yenilənməsinə, Təzə -Alvadı qaz paylayıcı məntəqəsindən bu  kəndlərə gələn əsas daşıyıcı kəmərin dəyişdirilməsinə  ciddi ehtiyac vardır.
Ərazi nümayəndəliyi olaraq enerji sərfiyyatı haqlarının yığılmasını daim diqqət mərkəzində saxlayır və bu məqsədlə yaradılmış qərərgah hər cür köməklik göstərir.
          Çox  təəsüf ki, enerji haqlarını verməyən vətəndaşların  hesabına  borclar yaranır  və bu  da normal enerji  verilməsinə əngəllər törədir. Xüsusən  bu sahədə Böyük  Xocavar kəndində ciddi problemlər  vardır, bu  nöqsanları aradan qaldırmaq üçün əhali arasında maarifləndirmə işləri  gücləndirilməli ,ağsaqqalların ,bələdiyyə  üzvlərinin qüvvəsindən daha  səmərəli istifadə olunmalıdır.
Bildiyiniz  kimi Taarif şurası tərəfindən vətəndaşlar üçün təyin edilmiş limitdən artıq sərf edilən  elektrik enerjisinin və qazın qiyməti qaldırılmışdır. Aztəminatlı ailələri qiymət artımından qorumaq üçün Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevinsərəncamı ilə köhnə qiymətlə ödənilən enerji limitləri artırılmış, qaz üçün 1500-dən 1700 kub metrə, elektrik enerjisi üçün isə 250-dən 300 kv saata çatdırılmışdır. Bu xeyrxah adımma görə ölkə başçısına ərazimizin sakinləri adından minətdarlıq edirik.
Ərazidə əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır.  Dövlətimizin qayğısı nəticəsində əhalinin kənd təsərrüfatı məhsulları istehsalına marağı artır. Bunun nəticəsidir ki, ərazidə 160 hektar sahədə buğda, 20 hektar sahədə arpa, 40 hektar sahədə vələmir əkilmişdir. Bu işdə  Binə Xocavar və Böyük Xocavar payçılarının fəaliyyətini xüsusi qeyd etmək istəyirəm. Kənd təsərrüfatı məhsulları istehsalının istiqmətinin dəyişdirilməsi , daha sərfəli və rayon  üçün ənənəvi tərəvəz məhsulları istehsalına  keçilməsi artıq  günün tələbinə çevrilmişdir.
          Fermerlərimiz bu  məsələyə ciddi yanaşmalı , kooperativlər  yardaraq təsərrüfatları genişləndirməli , rayon aqrolizinqinin imkanlarından istifadə etməlidirlər.
          Ərazimizdə kənd təsərrüfatı təyinatlı sahələrin  çox  az olmasına  baxmayaraq ,hələ  də əkilməmiş pay  torpaqlarımız  qalır  ki, bu  çox  böyük  təəsüf  doğurur. Pay torpaqlarından kənd  təsərrüfatı məqsədləri  üçün düzgün  istifadə  olunmamasına görə böyük məbləğdə cərimələr nəzərdə tutulmuşdur. Milli məclisin qəbul etdiyi yeni qanuna əsasən uzun müddət  istifadə olunmayan pay torpaqları dövlətə qaytarılacaqdır.
           Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən təsdiq edilmiş kənd təsərrüfatının inkşafının Strateji Yol Xəritəsinə əsasən kənd təsərrüfatı məhsullarının istehsalında və bu məhsulların istehsalı üçün göstərilən dövlət yardımlarının verilməsində rayonlaşma prinsipi əsas götürülür. Bu o deməkdirki, hər bir rayon üçün xarakterik olan kənd təsərrüfatı məhsullarının əkilməsi və inkşaf etdirilməsi nəzərdə tutulur. Masallı rayonunda çayçılığın və tərəvəzçiliyin inkşaf etdirilməsi strateji məqsəd kimi qarşıya qoyulur. Bu məqsədlə regionlarda vətəndaşlardan kənd təsərrüfatı məhsullarını tədarük edən Ərzaq Təhcizatı və Tədarükü Açıq səhimdar cəmiyyəti yaradılır ki, cənub regionunda mərkəz Masallı rayonunda yerləşir. Kənd təsərrüfatı məhsulları istehsal edən hər bir vətəndaş qabaqcadan müqavilə bağlamaqla tədarük etdiyi məhsulu bu təşkilata rahat şəkildə satmaq imkanı qazanır.
          Kənd təsərrüfatı məhsulları istehsalçılarına kömək məqsədilə su aparıcı arxlar və kanallar təmizlənmiş,  şumun vurulması və dənli bitkilərin yığılması zamanı ərazidə olan texnika səfərbər edilmiş, digər ərazilərdən texnikanın cəlb edilməsi üçün tədbirlər görülmüşdür. Əhaliyə dövlət vəsaiti hesabına verilən yardımlar vaxtında çatdırılmışdır.
          Bununla yanaşı ərazidə sahibkarlıq fəaliyyəti də üstünlük təşkil edir. İstehsalla məşğul olan  “Nəzir” kiçik müəssisəsi, “Nofəl” Maldarlıq təsərrüfatı, “Binə” İstehsal şirkəti və s. fəaliyyət göstərir.          
Ərazidə 120  özəl sex, 1 yanacaqdoldurma, 1 maye qaz məntəqəsi, 4 mebel sexi, 26 satış mağazası, 1 soyuducu təmiri emalatxanası , 5 avtomovil təmiri emaltxanası , 7 bərbərxana, 4 çörək- bişirmə sexi, 1 aptek  fəaliyyət göstərir ki, bunlarda 250 dən çox işçi çalışır. 2016-c ildə də  1 mağaza açılmışdır. Sahibkarların işlərinə yersiz müdaxilələrin dayandırılması , sahibkarlıq üçün daha münbit şəraitin yaradılması haqqında ölkə başçısı cənab İlham Əliyevin tapşırığından sonra sahibkarlar üçün daha geniş meydan açılmışdır.
Rayonlara verilən dotasiyaların dayandırılması və hər bir rayonun özünü maliyələşdirməsi rayonda aparılan vergi işinin daha düzgün qurulmasını tələb edir. Bütün vergi ödəyicilərindən xahişimiz odur ki, hər ayın 15-nə qədər vergi borclarını ödəsinlər. Bu işdə ərazi nümayəndəliyi və bələdiyyə öz fəaliyyətlərini günün tələblərinə uyğun qurmalıdırlar.
          Ərazidə 5 məscid fəaliyyət göstərir. Banbaşı və Böyük Xocavar kənd məscidlərinin dini icmaları dövlət  qeydiyyatından keçmişdir, bu məscidlərə axundlar təyin edilmişdir. 2016-ci ildə məscidlərimizin hamısı daxili imkanlar hesabına təmir olunmuşdur. Məscidlərimizin  axundları və xuddamları ,eləcədə dini ayinləri icra  edən  hər  bir  kəs radikal təmayüllü cərəyanlara məxsus şəxslərin məscidlərimizə daxil  olmasının  qarşısını kəskinliklə almış, dövlətçiliyimizə öz  sədaqətlərini göstərmişlər.
Ərazidə yerləşən qəbirastanlıqlarda da bələdiyyə tərəfindən  və   daxili imkanlar hesabına abadlıq, səliqə-sahman, tikinti işləri aparılmışdır..
Ərazidə 1120  pensiyaçı, 1 BVM iştirakçısı, 8 şəhid ailəsi, 2 xidməti qulluq zamanı həlak olmuş əsgər ailəsi və 4 məcburi köçkün ailəsi yaşayır. Bu ailələrə və imkansız ailələrə bütün bayramlarda ərzaq sovqatı verilmişdir. Hesabat ilində 42  ailəyə maddi yardım göstərilmişdir.
            Hesabat ilində ərazidə geniş yaşıllaşdırma, ağacəkmə işləri aparılmışdır. Məktəb həyətlərində, yol kənarlarında, ictimai yerlərdə, su aparıcı kanalların ətrafında beş yüzdən çox ağac əkilmişdir. Hazırda tikilməkdə olan istirahət mərkəzi yaşıllaşdırılır.
            Ərazi nümayəndəliyi yerli məsələlərin həllində Banbaşı bələdiyyəsi ilə birgə iş planı əsasında əlaqəli işləyir, əhalini narahat edən məsələləri bələdiyyə ilə birlikdə həll edir. Ərazi nümayəndəliyi və bələdiyyənin diqqətində olan məsələlərin ən önəmlisi zəbt olunmuş torpaqların azad edilməsi və qanunsuz tikintilərin qarşısının alınması, daxili yolların  təmiri  olmuşdur.
             Bələdiyyələr  birləşənə  qədər zəbt  olunmuş  torpaqlar zəbtdən  azad  edilmiş və sənədləşdirilmişdir. Lakin  bu  sahədə ciddi  işlər  aparılmalıdır.Ərazi inventarizasiya edilərkən məlum  olmuşdur ki, islahatlar dövründən  əvvəl  zəbt  edilmiş və tikinti altında  olan bələdiyyə torpaqları vardır. Bu torpaqlar zəbtdən  azad  edilməli və  alqı-satqıya cəlb  edilməlidir.
             Hesabat ilində ərazidə qanunsuz tikintilərin aparılması və torpaqların zəbti ilə əlaqədar  3 fakt barədə rayon  İcra hakimiyyətinə məlumat verilmiş, bu tikintilərin  qarşısı alınmış və materiallar inzibati  komissiyaya göndərilmişdir.
             Ərazi nümayəndəliyi əmlak  və  torpaq  vergilərinin yığılmasında, əmlakın  qiymətləndirilməsində bələdiyyəyə  yaxından köməklik göstərir.
             Təbii fəlakətlər və yanğın hadisəsi nəticəsində vətəndaşların əmlakını böyük ziyan vurulur və problemlər yaradır. Fürsətdən istifadə edib nəzərinizə çatdırmaq istəyirəm ki, vətəndaşlar öz əmlakını sığorta etdirməlidirlər.
             Qeyd  etmək  istərdim ki, vergilərin  yığılması  işi  qənaətbəxş  deyildir. Bələdiyyənin əsas gəlir  mənbəyi olan vergi yığımı  işində bütün  bələdiyyə üzvləri,eləcədə  vətəndaşlar məsuliyyəti  artırmalıdırlar. Ərazidə abadlıq –quruculuq işlərinin aparılması üçün vətəndaşlar torpaq və əmlak vergilərini vaxtinda odəməlidirlər.
Ərazidə 2016-ci ildə bir sıra işlər görülmüşdür.

1. İstirahət parkının tikintisi davam etdirilmişdir.
2. Ərazidə 3 km uzunluğunda kənd  arası  yollar  təmir edilmişdir.
3. Banbaşı- Böyük  Xocavar arxının 1 km hissəsi təmir  edilmişdir.
4. 2 km su aparıcı kanallar təmir edilmişdir.
5. Banbaşı kəndində yeni artezian quyusu qazılmışdır .
6. Bərk məişət tullantılarının yığılması və ərazidən uzaqlaşdırılmasından ötrü əhali ilə müqavilələr bağlanır və zibil qabları alınmışdır.
7. Ərazidə fəaliyyət  göstərən  məktəblər cari  təmir  edilmişdir.
8. Bayramlarda 42 imkansız ailəyə yardım  edilmiş,
9. Ərazidə 15 ədəd yararsız  elektirik  dirəyi dəyişdirilmişdir.
10. Ərazidə qorunan sahələrdə yaşıllaşma işləri aparılmışdır.
11.  Binə Xocavar kənd qəbristanlığı abadlaşdırılmışdır.

Ərazi nümayəndəliyi və bələdiyyə AZKL-2 layihəsi ilə işləməyə böyük əhəmiyyət verir. İndiyə qədər bu layihə əsasında ərazimizdə 10 km yol abadlaşdırılmışdır. 2016-cı ildə  Binə Xocavar kənd qəbristanlığı abadlaşdırılmış və əsaslı təmir edilmişdir. AZKL-2 layhəsinin ərazimizə cəlb edilməsi üçün göstərdiyi köməyə görə hörmətli başçımız cənab Rafil Hüseynova dərin minətdarlığımızı bildiririk.
           2016-cı ildə ölkəmizin  siyasi  həyatında əhəmiyyətli hadisə baş  vermişdir, Azərbaycan Respublikası konistusiyasına dəyişikliklər edilməsi ilə bağlı Referendum keçirilmişdir. Seçki məntəqələri Referenduma  tam hazırlanmış , Referendumun  azad və demokratik keçirilməsi təmin edilmişdir
2017-cı il qarşımıza böyük vəzifələr qoyur. Ərazimizdə abadlıq, səliqə-sahman işləri aparmaq, əhalini narahat edən məsələləri vaxtında həll etmək, yolların təmirinə xüsusi fikir vermək, məktəblərin maddi-texniki bazasının möhkəmləndirmək, “Yerli İcra Hakimiyyəti haqqında” Əsasnamənin tələblərini ləyaqətlə yerinə yetirmək və s.
            Sizi əmin edirəm ki, Banbaşı ərazi nümayəndəliyi Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamlarından, Milli Məclisin qəbul etdiyi qanunlardan, Rayon İcra Hakimiyyəti Başçısının əmr, sərəncam və tapşırıqlarından və “ Yerli İcra Hakimiyyətləri haqqında” Əsasnamədən  irəli gələn vəzifələrin yerinə yetirilməsindən ötrü bundan sonra da səylə çalışacaq,öhdəsinə düşən vəzifələri layiqincə yerinə yetirəcəkdir.

Keçidlər