Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Masallı rayon təşkilatı aparatında 2016-cı ilin yekunlarına dair tədbir

13 yanvar 2017 | 16:00

13 yanvar 2017-ci il tarixdə Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı aparatında 2016-cı ilin yekunları və 2017-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbirdə ərazi ilk partiya təşkilatlarının sədrləri, YAP Masallı rayon təşkilatının Gənclər Birliyi, Qadınlar Şurası və YAP fəalları iştirak etmişlər. Tədbiri Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev açaraq bildirmişdir:  “ölkəmiz özünün inkişaf mərhələsinin yeni bir uğurlu ilini başa vurdu. Qazanılan bütün müvəffəqiyyətlərdə ulu öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasının əməyi vardır. Ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyası həyatımızın bütün sahələrində tərəqqiyə nail olmaq məqsədilə yüksək fəallıq nümayiş etdirir. YAP-ın milli maraqlarımıza və ölkəmizin inkişafına xidmət edən fəaliyyəti cəmiyyət tərəfindən daim yüksək dəyərləndirilir. Partiyamızın öz fəaliyyətində söykəndiyi ideologiya onu daim uğurlara aparır. Ötən müddət ərzində YAP özünün dünənin, bu günün və sabahın partiyası olduğunu bir daha sübut etdi”.
Prezident İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyasının cəmiyyətin bütün sahələrini əhatə edən səmərəli fəaliyyətindən bəhs edən Seyfəddin Əliyev  əlavə edib ki, YAP sahib olduğu strateji resurslarla Azərbaycan siyasi sisteminin alternativsiz siyasi güc mərkəzidir: “YAP-ın 25 illik tarixi var və cəmiyyətə təqdim etdiyi dəyərlər, məqsədlər artıq siyasi ənənə kimi səciyyələndirə biləcəyimiz ideoloji tezislər vasitəsilə Azərbaycan xalqı tərəfindən mənimsənilib”.
Seyfəddin Əliyev Azərbaycanın Dünya miqyasında multikultralizm, dini, milli tolerantlıq və bir çox sahələr baxımından nümunəvi bir ölkə olduğunu, Azərbaycanın ilk Avropa oyunlarına ev sahibliyi etməsinin, ötən il ölkəmizdə BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Formunun, eləcə də keçirilən möhtəşəm idman və əyləncə şousu “Formula-1” üzrə Avropa Qran-prisinin və bu il Bakıda keçiriləcək IV İslam Həmrəylik Oyunlarının xüsusi əhəmiyyəti olduğunu qeyd etmişdir.
Sonra YAP Masallı rayon təşkilatının fəaliyyətindən danışan sözçü siyasi həmfikirlərinin rayonun inkişafındakı rolundan bəhs etmiş, partiya üzvlərinin ölkənin qüdrətlənməsi yolunda möhtərəm Prezidentimizin ətrafında sıx birləşməsini gündəmə gətirmişdir. O, qeyd etmişdir ki,  YAP Masallı rayon təşkilatı 10790 partiya üzvünü özündə birləşdirir. Onlardan 3115 nəfərini qadınlar, 3006 nəfərini gənclər təşkil edir. Təkcə 2016-cı ildə 531 nəfər ərizə ilə müraciət edərək partiyanın sıralarına qəbul olmuşdur ki, onlardan 186 nəfərini qadınlar, 333 nəfərini gənclər təşkil etmişdir. Ümumi tərkibdə partiya üzvlərinin 3419 nəfəri ali təhsilli, 2130 nəfəri orta ixtisas təhsillidir.
2016-cı il ərzində YAP Masallı rayon təşkilatı özündə birləşdirdiyi ərazi ilk partiya təşkilatlarının sırasına   2 və 4 saylı Ərkivan məktəb , Qızılağac bağça, Mahmudavar məktəb, Kənd təsərrüfatı idarəsi  ərazi ilk partiya təşkilatlarını əlavə edərək ilk təşkilatların sayını 103-ə çatdırmışdır.
Natiq 2017-ci ildə təşkilatın qarşısında duran əsas vəzifələri də tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.
Çıxış edən Masallı Dövlət Regional Kollec ərazi ilk partiya təşkilatının sədri Vidadi Nəzərov, Bədəlan ərazi ilk partiya təşkilatının sədri Arif Mehtiyev, Qadınlar Şurasının sədr müavini  Mehparə Məmmədova və başqaları çıxışlarında ölkədə, eləcə də, rayonda gedən quruculuq və abadlıq işlərindən söz açmış, Yeni Azərbaycan Partiyasının uğurlarından bəhs etmişlər.
Sonda partiya həyatında yaxından iştirak edən bir qrup partiya fəalına YAP Masallı rayon təşkilatının Fəxri Fərmanı və qiymətli hədiyyələr verilmiş, partiya sıralarına yeni daxil olanlara üzvlük vəsiqələri təqdim olunmuşdur.

Keçidlər