Masallı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin hesabatı
30 yanvar 2017-ci il tarixdə Masallı şəhər ərazisində Masallı rayon İcra hakimiyyəti başçısının Masallı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Kamal Mazanovun hesabat yığıncağı keçirilmişdir.
Hesabat yığıncağında məruzə ilə çıxış edən K. Mazanov qeyd etmişdir ki, Ümumi ərazisi 2554 ha olan Masallı şəhərində 25648 nəfər əhali, 6009 təsərrüfat və 7153 yaşayış evi vardır.
Nümayəndəlik ötən il ərzində işini yerli icra hakimiyyəti haqqında əsasnaməyə uyğun olaraq qurmuşdur. Masallı rayon İcra Hakimiyyətinin Başçısının bütün tapşırıq və göstərişlərini layiqincə yerinə yetirməyə çalışmışdır. Nümayəndəlik öz vəzifə və səlahiyyətləri çərçivəsində ərazidə fəaliyyət göstərən bələdiyyə və dövlət qurumları ilə qarşılıqlı fəaliyyəti təmin etmək üçün təsdiq edilmiş illik, rüblük iş planları hazırlamış və həmin təşkilatlarla qarşılıqlı fəaliyyət göstərmişdir.
2016-cı ilin əvvəlində nümayəndəlikdə sənədlərin nomenklaturasına uyğun olaraq sənədlərin qeydiyyatı kitabları hazırlanmış, səhifələnmiş, surqurclanmış və təsdiq edilmişdir. Sənədlərin saxlanılması üçün iş qovluqları hazırlanmış, kargüzarlıq xidmətinə xüsusi diqqət artırılmışdır.
Ötən il ərzində təsərrüfat üzvləri haqqında məlumatların əldə edilməsi məqsədilə sakinlərin yaşadığı ünvanlara gedilmiş, fərdi qaydada söhbətlər aparılmışdır. Ərazidə olan fərdi yaşayış evləri və çoxmənzilli yaşayış binalarındakı mənzillər üzrə təsərrüfat üzvlərinin və müvəqqəti yaşayan şəxslərin siyahısı aparılmışdır. Əldə olunmuş məlumatlar təsərrüfatbaşına kitablara işlənilmişdir.
Masallı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyində hesabat dövründə 23 əmr və 43 sərəncam verilmişdir. Verilmiş əmrlər tender komissiyasının yaradılması, işçilərin məzuniyyətə buraxılması və mükafatlandırılması ilə bağlı olmuşdur. Sərəncamlar isə rayon icra hakimiyyəti başçısının əmr və sərəncamlarından irəli gələn məsələlərin yerinə yetirilməsi, tarixi gün və bayramların qeyd olunması, ərazidə abadlıq quruculuq işlərinin aparılması, qanunsuz tikililərin qarşısının alınması, təsərrüfatdan ayırmalar, vəzifə bölgüsünün aparılması, həqiqi hərbi xidmətə çağırışın yerinə yetirilməsi və s. məsələlərlə bağlı olmuşdur. Verilmiş əmr və sərəncamların icrasına tam nəzarət edilmiş, irəli gələn vəzifələrin həll edilməsinə səy göstərilmişdir.
2016-ci ildə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə idarə, təşkilat və müəssisələrdən 79 müraciət daxil olmuşdur. İdarə, təşkilat və müəssisələrdən daxil olan müraciətlər əsasən Məhkəmə icraçılarından, Polis, Prokurorluq orqanlarından və digər təşkilatlardan olmuşdur. İdarə, təşkilat və müəssisələrdən daxil olan müraciətlərə baxılmış, vaxtında cavab məktubları göndərilmiş və yekun arayışlar hazırlanaraq işə alınmışdır.
Ötən illərdə olduğu kimi 2016-cı ildə də Masallı şəhərində geniş abadlıq, tikinti-quruculuq işləri davamlı olaraq həyata keçirilmişdir.
Belə ki, şəhərin əvvəllər M.Talışxanov küçəsi adlanan və hazırda Heydər Əliyev prospekti olan ərazidə Bayraq meydanı üçün ayrılmış 1.3 ha ərazidə tikintaltı sahəsi 50 kvm olan 62 metr hündürlüydə bayraq dirəyi quraşdırılmış və Azərbaycan Respublikasının Dövlət Rəmzləri muzeyi binası tikilib istifadəyə verilmişdir. Tərtib olunmuş layihə əsasında bayraq meydanında ümumi uzunluğu 280 paqono metr və hündürlüyü 70 sm olan daş hasar çəkilmiş, yaşıllıq zolaqları salınmış, ağac və gül kolları əkilmiş, plitə, səki bordürü düzülmüş, ərazi suvarma sistemi ilə təchiz olunmuş və 1 ədəd fantan quraşdırılaraq istifadəyə verilmişdir. Meydanda 37 ədəd 4 metr hündürlükdə işıq dirəkləri, bayraq meydanına xüsusi gözəllik verən 21 ədəd park işıqları, səkilərin işıqlandırılmasından ötrü 22 ədəd yer işıqları və 2 ədəd gücləndirici işıq quraşdırılmışdır. Bununla yanaşı Bayraq meydanın kənarlarına 175 poqono metr hissəyə bordür düzülmüş, 460 kvadrat metr hissəyə plitə döşənmişdir. Bayraq meydanı və muzey binası artıq sakinlərin istifadəsinə verilmişdir.
Ötən ildə aparılan abadlıq işlərinin davamı olaraq Musaküçə dairəsindən Boks Mərkəzinə qədər olan ərazidə yaşıllıq hissədə qazon səpilmiş ağac və gül kolları əkilmişdir. Prospektin qeyd olunan hissəsində ötən il genişləndirilmiş hissə də daxil olmaqla 21000 kvadrat metr yola asfalt örtük salınmış, Dadva küçəsində isə 47 kvadrat metr ölçüdə hasarlarda dekorativ daşların düzülməsi və qapıların rənglənməsi işləri yerinə yetirilmişdir. Eyni zamanda bildiririk ki, prospektin bu hissəsində tikintisi ötən il başlanılmış respublikada ilk olaraq “ASAN həyat” kompleksində tikinti quraşdırma işləri tam olaraq yekunlaşdırılmış və kompleks istifadəyə verilmişdir. Kompleksdə 4 mərtəbəli Asan Xidmətinin inzibati binası, 2 mərtəbəli kinoteatr binası, rəsm dərnəyi, mağaza və xidmət obyektləri yerləşir. Ərazidə avtodayanacaq qurulmuş, fəvvarə və uşaq meydançası yaradılmışdır. Bir sözlə bu ərazidə lazım olan bütün infrastruktur qurulmuş və xidmətə müraciət edən bölgə sakinləri və eyni zamanda digər vətəndaşların vaxtının səmərəli keçirilməsi üçün tam şərait yaradılmışdır. Bununla yanaşı kompleksin yaxınlığında Viləş çayının yatağında təbii formada yaranmış adada park salınmış, suvarma və işıqlanma sistemi qurulmuş sakinlərin istirahəti üçün oturacaqlar yerləşdirilmiş yaşıllıq salınmış agac və gül kolları əkilmişdir. Rayon İcra hakimiyyəti tərəfindən adanın çay yatağı olan hissələrinə dağ suxurları düzülmüşdür ki, bu da əraziyə xüsusi gözəllik verməkdədir. Kompleksin yaxınlığında KTN-nin Masallı rayon İnzibati-laboratoriya binasının və DİN Masallı rayonlararası Mühafizə Bölməsinin inzibati binalarında tikinti işləri yekunlaşmış və binalar istifadəyə verilmişdir. Bundan əlavə olaraq qeyd olunan tikililərlə bir cərgədə Masallı rayon Məhkəməsi üçün inzibati binanın tikintisinə başlanılmışdır.
Şəhərin Z.Əliyeva küçəsində 60 yerlik uşaq bağçasında və eyni zamanda R.Abbasov küçəsində inşa edilən 100 yerlik uşaq bağçasında tikinti işləri yekunlaşdırılmış və binalar istifadəyə tam hazırdır. Bildiririk ki, ötən dövr ərzində şəhərin mərkəzi Parkının ərazisində gözəl memarlıq üslubunda inşa olunmuş 3 mərtəbəli Tarix Diyarşünaslıq muzeyi və 2 mərtəbəli Uşaq incəsənət məktəbi binalarının tikinti işləri başa çatdırılmış və istifadəyə verilmişdir. Qeyd olunan binaların yerləşdiyi ərazidə səkiyə plitə vurulmuş, yaşıllıq salınaraq ağac və gül kolları əkilmiş və asfalt örtük döşənmişdir. Ərazidə yaşıllıqlara qulluq edilməsindən ötrü suvarma sistemi və ərazinin gecə işıqlandırılması quraşdırılmış, hər iki binanın fasadı müasir işıqlandırma sistemi ilə təchiz olunmuşdur.
Bildiririk ki, Masallı şəhərinin su və kanalizasiya sisteminin yenidən qurulması layihəsinin icrasına 2012-ci ildən başlanılmışdır. Bu məqsədlə Viləşçay Su anbarının aşağı byefində su təmizləyici qurğu inşa edilmiş, 5000 kub metr həcmində olan su anbarı tikilmişdir. Su anbarından qəbul edilən su müəyyən təmizləyici etaplardan keçərək inşa edilmiş su anbarı vasitəsi ilə şəhərə öz axını ilə nəql ediləcəkdir. Magistral xəttin uzunluğu 7 km, şəbəkədaxili xəttlərin ümumi uzunluğu 209 km təşkil edir.
Hazırda şəhər ərazisində kanalizasiya xətlərinin çəkilişi ilə əlaqədar son tamamlama işləri aparılır ki, bu işlərin də yaxın aylarda tam yekunlaşdırılması və sistemin istifadəyə verilməsi nəzərdə tutulmuşdur.
Hərəkətdə olan nəqliyyat vasitələrinə ciddi maneçilik yaradan İsgəndərli dairəsi sökülərək milli memarlıq üslubunda tərtib edilmiş layihə əsasında yenidən inşa edilmiş, gül kolları əkilərək işıqlandırılması təmin olunmuşdur. Bununla yanaşı Seybətin dairəsi də yenidən qurulmuş və istifadəyə verilmişdir. Yaxın dövrlərdə şəhərdə nəqliyyatın hərəkətinin tənzimlənməsindən ötrü 1 saylı məktəbin qarşısında, H.Əliyev prospektində, Z.Əliyeva, H.Aslanov və Qarabağ küçələrində svetoforların quraşdırılması nəzərdə tutulmuşdur.
Məlumat üçün bildiririk ki, Bakı prospektində 400 paqono metr bardur düzülmüş, köhnə bardur və səkilər bərpa edilmiş, ərazidə yeni yaşıllıq sahəsinin qurulmasından ötrü torpaq materialı verilərək ağac və gül kolları əkilmiş, həmin ərazidə yerləşən beton hasarlar rənglənmişdir. Şəhər ərazisində bütün bardurlər rənglənmiş, şəhərin küçələrində asfalt örtük üzrə 25000 paqono metr yol xəttləri və nişanlar vurulmuşdur. Ötən dövr ərzində şəhərin əksər küçələrində səki və bardurlərin hasarların təmiri işləri həyata keçirilmiş, H.Əliyev prospektində iki yerdə suötürücü kanalın davamlı işləməsi üçün yeni borular atılmış, 1000 paqono metr suötürücü kanalda betonla təmir işləri aparılmışdır.
Viləş çayının Masallı şəhər ərazisindən keçən hissəsində çay yatağının sel sularından mühafizəsindən ötrü 750 paqono metr beton bəndin layihəsi çərçivəsində artıq 238 paqono metr hissədə işlər yekunlaşmış, beton bənd ətrafı torpaq qatın hamarlanması işləri görülmüşdür. Qeyd etmək istəyirəm ki, salınacaq bənddə işlər yekunlaşdıqdan sonra park–bulvar komleksinin tikintisinə başlanılacaqdır. Burada yaşıllıq zolaqları, voleybol, mini futbol meydançaları və uşaqlar üçün əyləncə mərkəzlərinin quraşdırılması, çay üzrə keçid körpülərin tikintisi və sakinlərin istirahəti üçün hər cür şərait yaradılacaqdır.
Abadlıq-quruculuq işləri gedişində şəhərin C.Cabbarlı küçəsində yerləşən 28 saylı, Qurtuluş-109 və 11 saylı, Qarabağ küçəsi 11, 13b, 14, 15, 18, 22, 28, 30 və H.Əliyev prospektində 54 və 58 saylı kommunal yaşayış binalarının dam örtükləri əsaslı təmir edilmişdir. Bu işlərin davamı olaraq möhtərəm Prezidentimizin rayona səfərindən sonra digər kommunal binaların fasad və dam örtüyünün təmiri ilə bağlı müvafiq sərəncam verilmiş və ötən ilin oktyabr ayından başlayaraq ümumi sayı 27 olmaqla 2, 4 və 5 mərtəbəli kommunal binaların dam örtüklərinin əsaslı təmiri, binaların fasad hissələrinin rənglənməsi, bina girişlərinə, mərtəbələr arası meydançalara metlaxların döşənməsi, daxili divarların astar-üzlük materialları ilə hamarlanaraq rənglənməsi, həmçinin girişlərə dəmir qapının qoyulması, pəncərə bloklarının yenisi ilə əvəzlənməsi işləri başa çatmışdır. Artıq qeyd olunan yaşayış massivində yerləşən binaların həyətlərində abadlıq işlərinə start verilmişdir. Eyni zamanda bildiririk ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının Masallı şəhərində Sənaye Məhəlləsinin yaradılması ilə əlaqədar verdiyi müvafiq sərəncamın icra olunması istiqamətində işlər həyata keçirilməkdədir.
2016-cı il ərzində MKTİ Birliyi tərəfindən şəhər ərazisində göstərilən xidmət və görülən işlərin həcmi əvvəlki illərə nisbətən artmışdır. Belə ki, Sanitar təmizləmə işləri gündəlik aparılmışdır. Gündəlik poliqona daşınan bərk tullantılar şəhər poliqonunda zərərsizləşdirilmişdir.
Ötən il ərzində ərazidə küçələrin işıqlandırılmasına nəzarət edilmişdir. Belə ki, Heydər Əliyev və Bakı prospekti, Qarabağ küçəsi, Zərifə Əliyeva, Dadva küçələrində sıradan çıxmış kabel, lampa və plafonlar dəyişdirilmişdir. İl ərzində H.Əliyev prospektində 119 ədəd müasir tipli işıq dirəkləri quraşdırılaraq prospektin işıqlandırılması təmin edilmişdir. Heydər Əliyev adına mərkəzi istirahət parkında, Qarabağ, Azərbaycan, Z.Əliyeva küçələrində və H.Əliyev prospektində səki və piyada yolları təmir olunmuş, rənglənmə işləri görülmüşdür.
Şəhər ərazisində 13 hektardan artıq yaşıllıq sahəsinə qulluq göstərilir. 2016-cı il ərzində 30 min kv metr qazon sahəsi salınmışdır ki, bunlar da mütəmadi olaraq biçilir və aqrotexniki qulluq göstərilir. Belə ki, həmin yaşıllıqların suvarılmasını həyata keçirmək üçün H.Əliyev prospektində, Bayraq Meydanında, H.Əliyev parkında, Viləş çayının şəhər ərazisindən keçən hissəsində ümumilikdə 6 min metrdən artıq suvarma boruları çəkilmiş, 12 quyu qazılmış və xüsusi nasoslar quraşdırılmışdır.
Şəhər ərazisində təhlükə mənbəyi olan ağaclar daranaraq ərazidən kənarlaşdırılmışdır.
Ötən il ərazimizdə elektrik enerjisi və təbii qazın verilməsində heç bir proboblemlər yaranmamış, əhali fasiləsiz olaraq elektrik enerjisi və təbii qazla təmin edilmişdir.
“Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun müvafiq bəndlərinin icrasının təmin edilməsi məqsədilə şəhər bələdiyyəsi ilə birlikdə “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununu və Masallı rayon icra hakimiyyəti başçısının 03 sentyabr 2012-ci il tarixli 130 saylı sərəncamını əldə rəhbər tutaraq, ərazidə fəaliyyət göstərən bütün növ xidmət sahələrinin adlarında, reklam lövhələrində Azərbaycan dilinin işlədilməsinə ciddi nəzarət edilmişdir.
Hesabat dövrü ərzində qanunsuz tikililərin qarşısının alınması, zəbt olunmuş torpaqların azad edilməsi istiqamətində Masallı rayon icra hakimiyyətinin tikinti və memarlıq şöbəsinin işçiləri, şəhər bələdiyyəsi ilə birlikdə müntəzəm olaraq işlər aparılmışdır. Ərazidə aparılan tikinti işlərinə nəzarət edilmiş, qanunsuz tikinti işlərinin qarşısı alınmışdır. Qanunsuz tikinti işləri aparan şəxslərə apardığı tikintinin sənədləşdirilməsi üçün rəsmi bildirişlər verilmişdir. Buna əməl etməyən şəxslərin barəsində isə müvafiq aktlar yazılmış və inzibati komissiyaya təqdim edilmişdir.
Uşaq hüquqlarının müdafiəsi, erkən nikahın qarşısının alınması hər zaman dövlətimizin qarşısında duran önəmli məsələlərdən olmuşdur. Ötən il ərzində də nümayəndəlik tərəfindən ərazidə azyaşlı qızların erkən nigahının qarşısının alınmasından ötəri ziyalılar, ağsaqqallar, din xadimləri sakinlər arasında marifləndirmə işləri aparmışlar.
Masallı şəhər ərazisində 7 tam orta ümumtəhsil məktəbi, 1 litsey və 4 uşaq baxçası yerləşir. Təhsilin keyfiyyətinin yüksəldilməsi məqsədilə 2016-cı ildə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən şəhər ərazisində yerləşən orta ümumtəhsil məktəblərində şagirdlərin, baxçalarda isə uşaqların davamiyyəti ilə əlaqədar mütəmadi olaraq yoxlamalar aparılmışdır. Orta ümumtəhsil məktəblərində aparılmış araşdırma zamanı I-IX siniflərdə dərsə davamiyyətin yaxşı olması, X-XI siniflərdə isə davamiyyətin qismən aşağı səviyyədə olması müəyyən olunmuşdur. Ötən ildə şəhər ümumtəhsil məktəbləri üzrə 351 şagird məzun olmuş, onlardan 178 nəfəri ali məktəblərə sənəd vermiş və 120 nəfər qəbul imtahanlarından müvəffəqiyyət qazanaraq tələbə adını qazanmışdır.
2016-cı il ərzində Masallı şəhərində hərbi çağırış yüksək səviyyədə həyata keçirilmişdir. Hərbi xidmət keçmək üçün yaşı düşən hər bir gənc vaxtında hərbi həkim komissiyasından keçmiş və hərbi xidmətə yola salınmışdır. Yola salma mərasimlərində hər bir gəncin valideynləri, yaxınları, dostları iştirak etmiş və onlar yüksək sevinc hisləri ilə hərbi xidmətə yola salınmışlar.
Masallı rayonunun kənd təsərrüfatı rayonu olmasına baxmayaraq sahibkarlığın inkişafı üçün yaradılmış münbit şərait nəticəsində rayonda, o cümlədən şəhər ərazisində sahibkarlıq inkişaf etmiş, bunun nəticəsində sənaye və istehsal müəssisələrinin sayı artmışdır.
Belə ki, ölkə və ölkə hüdudlarından kənarda öz istehsalı ilə məşhur olan “EMBAWOOD” mebel fabriki, “Nur-M” konserv zavodu, “Fəxrəddin-K” kərpic zavodu, “Masera” MMC istilikxanası, müxtəlif çörək və şirniyyat sexləri və digər sexlər yaradılmışdır. Adları sadalanan müəssisələrin yaradılması Masallı şəhərində işsizliyin aradan qaldırılması üçün öz müsbət təsirini göstərmişdir.
Ötən il Masallı şəhər ərazisində taxıl əkmiş istehsalçılar iyun, iyul aylarında yüksək səviyyədə, itkisiz biçim işi aparmışlar. Ötən ilin noyabr, dekabr aylarında istehsalçılar 300 ha yaxın sahədə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə şumlama işləri aparmışlar. Əkin işi aparılması üçün şumlanmış sahələrdə əsasən taxıl əkilmiş, o cümlədən 210 ha buğda, 25 ha vələmir, 30 ha arpa və qalan sahələrdə isə digər məhsulların əkilməsi nəzərdə tutulmuşdur.
Masallı şəhər inzibati ərazisində uşaq və gənclərin asudə vaxtın səmərəli təşkili məqsədi ilə bir sıra obyektlər tikilmiş və istifadəyə verilmişdir. Belə ki, Heydər Əliyev Mərkəzinin, Gənclər Mərkəzinin, Masallı Olimpiya İdman Kompleksinin, Şahmat məktəbinin, Taekvando, Boks Mərkəzlərinin maddi texniki bazasından ötən ildə idmanın, təhsilin inkişafı naminə geniş istifadə olunmuşdur. 2016-cı ildə inzibati ərazimizdə mötəbər idman tədbirləri, o cümlədən müxtəlif idman növləri üzrə rayon birinciliyi, Respublika əhəmiyyətli turnirlər keçirilmişdir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ölkəmizdə gənclərə, yeniyetmələrə daim göstərdiyi diqqət və qayğı, bu sahəyə olan xüsusi münasibəti hər bir yeniyetməni, gənci, idmançını daha böyük əzm və səylə Azərbaycana, ölkə gəncliyinə və idmana xidmət etməyə ruhlandırır.
Hesabat dövründə Masallı rayon Polis şöbəsinin əməkdaşları ilə birlikdə mütəmadi olaraq əlaqəli işlər aparılmışdır. Belə ki, ərazimizdə baş verən ailə problemləri, qonşu davası, qanunsuz tikintilər, torpaq problemləri və digər məsələlərin həlli ilə bağlı rayon icra hakimiyyətinin, polis şöbəsinin əməkdaşları, ağsaqqallar, din xadimləri yaxından köməklik göstərmişdir.
2016-cı ilin sentyabrın 26-da ölkəmizdə Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə ümumxalq səsverməsi – referendum keçirilmişdir. "Yerli icra hakimiyyəti haqqında" əsasnamənin, Azərbaycan Respublikasının Seçki Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq, daimi seçici siyahılarına daxil edilmək üçün ərazidə aktiv seçki hüququna malik olan seçicilər haqqında məlumatların dəqiqləşdirilməsi, seçkiqabağı seçki məntəqələrinin tam hazır vəziyyətə gətirilməsi və seçki məntəqələrinin ərazilərində seçkiqabağı təşviqat materiallarının lövhələrdə yerləşdirilməsi üçün yerlərin müəyyən edilməsi nöqsansız olaraq yüksək səviyyədə həyata keçirilimişdir. Şəffavlıqla keçən seçki prosesində seçicilər aktiv iştirak etmişdir.
2017-ci il üçün qarşıya qoyulan bir sıra vəzifələrin icrası durur. Belə ki, mərkəzi su və kanalizasiya xətlərinin istifadəyə verilməsi, Digah küçəsinin abadlaşdırılması, H.Əliyev prospektində su ötürücü kanalların qurulması, H.Əliyev prospektində, Füzuli, Z.Əliyeva, S.Məmmədov və Dadva küçələrində yolun asfalt örtüyünün təmir edilməsi.
Masallılılar bütün dövrlərdə dövlətçiliyə, Ümummilli Liderimiz Heydər Əliyevin siyasi kursuna sadiq olmuşdur. Bu gündə belədir. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasətini dəstəkləyərək Masallılılar bundan sonra da müstəqil Azərbaycanın dövlətçiliyinin möhkəmləndirilməsinə və daha da çiçəklənməsinə öz layiqli töhvələrini verəcəkdir.